Yevda Abramov: ”Bu gün mən xalqın öz Baş nazirinin ətrafında cəmləşdiyini görüb sevinirəm”
Martın 17-də Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı deputat Fəzail Ağamalı bazarda qiymətlərin bahalığından danışaraq, hökumət üzvlərini problemin həlli üçün təcili tədbirlər görməyə çağırıb:
“Bazarlar od tutub yanır. Ətin, tərəvəz məhsullarının, digər ərzaq mallarının qiyməti durmadan qalxır. Unutmayaq ki, sahibkarlıq “qızıl təbəqə” adlandırılır. Bəzi möhtəkirlər vəziyyətdən sui-istifadə edirlər. Bunlar barədə sərt tədbirlər görülməlidir. Ölkədə maliyyə çətinlikləri var”.
“Güzəştlər Yod-Brom Zavoduna da şamil olunsun”
Deputat Arif Rəhimzadə bildirib ki, Tarif Şurasının ötən ilin noyabr ayında verdiyi qərar – hüquqi şəxslər üşün qazın qiymətinin qalxması seçildiyi Neftçala rayonundakı Yod-Brom Zavodunun fəaliyyətini iflic edib:
“Artıq zavod fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir. Vəziyyətdən çıxış yolu kimi rəhbərlik kollektivin müəyyən bir qismini öz hesabına məzuniyyətə göndərib. Belə davam edərsə, zavod fəaliyyətini dayandıra bilər”.
A.Rəhimzadə hökumətə təklif edib ki, elektrik enerjisi sərfiyyatı ay ərzində 5 milyon kv/saatdan çox olan müəssisələrə şamil edilən güzəştlər Yod-Brom Zavoduna da şamil olunsun:
“Bu zavodun aylıq enerji sərfiyyatı 3 milyon kv/saat-dır. Təklif edərdim ki, Tarif Şurası bu güzəşti heç olmasa, bu zavoda şamil etsin”.
“Orta məktəblərdə kişi müəllimlər azdır”
Deputat Tahir Kərimli deyib ki, Quba-Şamaxı yolunun açılması hələ də ləng gedir və bu, turist itkisidir:
“Təsəvür edin, kimsə Qubadan Şamaxıya, ya da Şamaxıdan Qubaya getmək üçün, xeyli məsafə qət edir. Birbaşa yol isə hələ də açılmayıb”.
Deputat əlavə edib ki, Ağsu aşırımında olan restoranların, kafelərin fəaliyyətini davam etdirməsinə şərait yaradılmalıdır.
Tahir Kərimli problemli kreditlərlə bağlı da təklif verib:
“Kreditlərin ən azı hissəyə bölünməsini təklif edirəm: bir hissəsi dövlətin, bir hissəsi kredit götürənin, üçüncü hissəsi də bankların üzərinə düşsün”.
Deputat orta məktəblərdə kişi müəllimlərin az olduğuna da diqqət çəkib:
“Hazırda orta məktəblərdə kişi müəllimlər azdır. Kişi müəllimlərlə bağlı stimullaşdırıcı addımlar atılmalıdır ki, onlarda bu sahəyə meyl yaransın. İndi orta məktəblərdə olan kişi müəllimlər də yaşlılardır”.
“Ramiz Mehdiyev, Artur Rəsizadə və Səfa Mirzəyevlə qürür duyuram”
Deputat Yevda Abramov isə mətbuatda “Baş nazirin sonuncu hesabatıdır və o istefaya gedəcək” tipli xəbərlərin yayılmasına münasibət bildirib və bunu ürəkbulandırıcı adlandırıb:
“Bu, bizə yaraşmır. Bilirsiniz, niyə yaraşmır? O xalq, o millət ki, prezidentini, Baş nazirini, spikerini sevir, o xalq xoşbəxt xalqdır, o ölkə güclü ölkədir. Belə ölkə balacalığından, ərazinin kiçikliyindən, xalqının sayından asılı olmayaraq böyük dövlətlərdən də güclüdür. Mən kiməsə yaltaqlanmaq fikrində deyiləm. Amma elə vəzifə, elə sahələr var ki, o vəzifələri yaşlı insanlara etibar etmək böyük xoşbəxtlikdir. İsraildə bir Baş nazirə “buldozer” (Ariel Şaron – red) ləqəbi vermişdilər. Allah qəni-qəni rəhmət eləsin, Artur müəllim onun torpağı sanı yaşasın, bizim Baş nazir nəinki buldozer, dünyanın ən müasir tanklarından da güclüdür.
Ramiz Mehdiyev, Artur Rəsizadə və Səfa Mirzəyevlə qürür duyuram, bütün xalq qürur duyur. Ona görə o insanların arzuları gözündə qaldı. Bu gün mən xalqın öz Baş nazirinin ətrafında cəmləşdiyini, hesabatın necə obyektiv müzakirə edildiyini görüb sevinirəm. Bu sevincdən belə çıxış edirəm. Əlbəttə iş olan yerdə səhvlər də var. Amma bizim ölkəmiz dünyada baş verən çətinliklərə baxmayaraq özünü mərdanə aparıb. Bundan başqa, bizdən soruşurlar neçə vitse-prezident olacaq? Yazırlar ki, Azərbaycanın 6 vitse-prezidenti olacaq. Adlar hallandırırlar, özü də bunu məqsədli şəkildə edirlər. Axı biz onu bilə bilmərik. Bu, prezidentin səlahiyyətində olan məsələdir”.
Hökumətin 2016-cı ilin fəaliyyətinə dair hesabatına toxunan deputat deyib ki, sənəd daha yaxşı hazırlana bilərdi.
“Mən yenə də başıbatmış xarici valyuta ilə bağlı danışacağam. Bu yaxınlarda Qubaya getmişdim. Orada dollar alveri edənlər var idi. Yalandan dedim ki, 1000 dollarım var, dedi ki, 1 manat 70 qəpikdən ala bilər. Amma satışı çox baha idi. Görün nə qədər fərq var? Samir müəllim, Elman müəllim, biz başa düşməliyik ki, maliyyə problemləri var. Alışla satış arasında kəskin fərq var. Biz bununla xalqın belini qırırıq. Bütün bunlara son qoymaq lazımdır. Bir qədər əvvəl hüquq-mühafizə orqanları dollar satanları tutdular. Nə dəyişdi? Heç nə! Mən bunları deməliyəm, problemlər həll olunmasa, gələcək hesabatlar daha da pis olar!” – deyə Y.Abramov bildirib.
Yevda Abramov rayonlarda da infrastrukturun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb: “Bakıda “Sovetski” sökülür, yerində nəsə tikilir. Bəs rayonlarda kim tikəcək?”.
Yevda Abramov bəzi həmkarlarını da tənqid edib:
“Durub bəzi deputatlar mətbuata deyir ki, Azərbaycanda 6 vitse-prezident olacaq. Bəziləri də deyir ki, vitse-prezidentlərin sayı 2 olacaq. Haradan bilirsiniz? Bununla bizim kadrları vurmaq istəyirsiniz?”.
Parlament üzvü xatırladıb ki, Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin Rusiya mediasında çıxışlar edir:
“Amma mən görmədim ki, bizdə maliyyə “tri-o”larından kimsə çıxıb çıxış etsin”.
Milli Məclis sədri Oqtay Əsədov Yevda Abramovun deputatlarla bağlı fikrinə münasibətində bildirib ki, bəzi deputatlar az qala münəccəmlik edir.
“Əmlak Komitəsi, Standartlaşdırma Komitəsini publik hüquqi şəxs etməyə bizə nə mane olur?!”
Deputat Zahid Oruc çıxışında deyib ki, hökumət neft dövründə çox səxavətli olub:
“Amma indi nə qədər xəsislik edirsə, əvvəlki dövrlərdəki nöqsanları da demir. Binalar üzlənir, bu, çox yaxşı haldır. Amma bu binanın küçəyə, yola baxan hissəsi təmir olunur, üzlənir. Baxın, Azərbaycanda iki nazirliyin dəhşətli cinayətlərə imza atdığı bilindi. O zaman sual edirəm: Biz bunu niyə vaxtında demirdik? Bura parlamentdir, biz bunu deməli idik. Bəlkə də çəkinirdik ki, kiminsə xətrinə dəyər! “Beynəlxalq Bank” pulları taladı, biz isə bunu görmədik? Hansısa nazir işdən çıxarılır, onun yerinə kadr gələndən sonra isə məlum olur ki, həmin nazirlik qanun pozuntularına yol verib. Olmazmı ki, indidən hökumət hər şeyə nəzarət etsin?”
Zahid Oruc icra hakimiyyətlərini də ittiham edib. O deyib ki, bəzilərinin binalarına baxanda elə bilirsən ki, hansısa nazirlikdir:
“Niyə onları publik hüquqi şəxsə çevirmirik? Əmlak Komitəsi, Standartlaşdırma Komitəsini publik hüquqi şəxs etməyə bizə nə mane olur?! Artur müəllim, mən və həmkarlarımızın hamısı sizdən dürüstlük görüb. Siz prezidentə, xalqa, dövlətə sadiqlik nümayiş etdirmisiniz. Bəs siz bu vəzifədən nə zaman gedəcəksiniz? Bunu prezident bilir. Amma növbəti Baş nazir sizin xususiyyətlərinizi özündə birləşdirsə, sizin kimi səmimi olsa, yaxşı olacaq”.
Müzakirələrdən sonra Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatı səsverməyə qoyularaq qəbul edilib.