”Bizim auditoriya istedad qatilidir”


Aktrisa Aida Tağıyeva: “Qohumlarımın gözündə mən bədbəxt qadınam…”


Gürcüstanda, Tbilisidə fəaliyyət göstərən H.Əliyev adına Tbilisi Azərbaycan Dövlət Peşəkar Dram Teatrı əvəllər “Nərimanov Klubu” adıyla tanınırdı, sonra isə milli dramaturgiyanın banisi M.F.Axundovun adını daşıyırdı. Sovet zamanlarından burada M.F.Axundovun, Ə.Haqverdiyevin, N.Nərimanovun, H.Cavidin, C.Cabbarlını, C. Məmmədquluzadnin, Z.Hacıbəyovun, eləcə də gürcü dramaturqları A.Seretelinin, Mçedlişvilinin, dünya dramaturgiyasının ən yaxşı nümunələri səhnələşdirilirdi.


Gürcüstan azərbaycanlılarından olan jurnalist və aktrisa Aida Tağıyeva bu teatrda çalışır. İndiyə qədər M.F.Axundovun “Misyo Jordan və Dərviş Məstəli Şah” əsərində Şərəfnisə, A.Çexovun “Elçilik” pyesində Nataliya Stepanovna, K.Abdullanın “Bir-iki, bizimki..”sində Qadın obrazı, E. Əfəndiyevin “Solğun çiçəklər”ində Sara obrazı, Q.Eristavinin “Sehirli papaq” pyesində ərəb qızı, D.Kldiashvilinin “Darispanin əziyyəti” əsərində Karojna kimi obrazlar yaradıb.


Aida Meydan TV-yə Gürcüstan azərbaycanlılarının mədəni mühitindən, onların teatra münasibətindən, etnik azərbaycanlı aktrisa olaraq, vətəndaşı olduğu ölkədəki çətinliklərdən danışdı.


– Aida, ondan başlayaq ki, çalışdığınız, milli teatrın vəziyyəti ümumi olaraq, necədir?

– Öncə qeyd edim ki, teatrımızın hazırkı vəziyyəti çox pisdir. Tamaşa göstərə biləcəyimiz səhnə, məşqlər edə biləcəyimiz, iclas keçirə biləcəyimiz isti otağımız belə yoxdur. Maaşlar isə ölkədə verilən təqaüddən də aşağıdır. Teatrdan aldığımız aylıqla heç bir insan adi ehtiyaclarını belə təmin edə bilməz. Buna görə də heç bir aktyor teatra maaç üçün gəlmir, hər kəs teatrı sevdiyi üçün oradadır.


– Bildiyim qədərilə siz də həyatınızı digər ixtisasınızdan gələn gəlirlə təmin edirsiniz. Aktrisa olmaq və azərbaycandilli tamaşalarda oynamaq bir maraqdır, ya məhz öz dilimizdə teatrın olması arzusu?

– Şəxsən mənim hiss etmək və canlandırmaq istədiyim nə qədər obraz var. Teatrda olma səbəbim o obrazları canlandırmaq və tamaşaçıya zaman-zaman insanların nələr hiss edib, necə yaşadığını, hansı problemlərlə qarşılaşdığını, necə düşündüyünü gəstərməkdir. Onu da qeyd edim ki, Gürcüstanda Azərbaycan incəsənətini təmsil edən yeganə yer bizim teatrdır. Başqa bir dənə də alternativimiz yoxdur.


– Aktyor yoldaşlarınızın, teatr kollektivinin bütün üzvləri azərbaycanlılardır, ya gürcülər də var?

– Hazırda teatrda təxmini 13-14 aktyor-aktrisa var, teatrda zaman-zaman dəvət olunan gürcü, eləcə də türk aktorları iştirak edirlər. Mən 16 yaşımda teatrın studiyasınl bitirib, sonra rəsmi işçi olaraq işləməyə başlamışam. Artıq 10 ildir ki, teatrda işləyirəm. Tamaşalar Azərbaycan, bəzən də gürcü dilində qoyulur. Tamaşaçı auditoriyamızın çoxu azərbaycanlılardır, lakin gürcü tamaşaçılar da maraqlanıb gəlirlər.


– Azərbaycandilli tamaşaçının teatra marağı varmı?

– Şəxsən mən gürcü teatrlarının repertuarlarını əzbər bilirəm, teatrı, incəsənəti sevən insana dəvətnamə göndərməyə ehtiyac yoxdur, o, özü teatra getməyin yolunu tapır. Bizdə tamaşalar olanda məktəb müəllimlərindən tutmuş, QHT rəhbərlərinə, səfirlik nümayəndələrinə kimi dəvətnamə gözləyirlər. Yeri gəlmişkən, qeyd edim ki, yaxın keçmişdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsini teatra dəvət edərkən teatrın harda yerləşdiyini bilməyib ünvanı bizdən soruşdu. Bu, Gürcüstanda yeganə Azerbaycan teatrıdır və H. Əliyevin adını daşıyır, axı sadəcə ayıbdır. Çağırmayanda da inciyirlər, guya bunlar üçün o tamaşaya gəlmək çox böyük həyatı məna kəsb edirmiş. Teatrın “Facebook” səhifəsi var, 24 saat mənasız videolar izləyənlər girib, səhifəni izləsinlər. Bir tamaşa göstərməli olanda səfil-səfil bütün məktəbləri bütün azərbaycandilli qurumları gəzib, hamısını çağırmaq lazımdır ki, iki tamaşaçını bir araya gətirəsən. Aylarla hazırlaşdığın, onların mədəni həyatı üçün sərf etdiyin əziyyətin üstünə bir də minnətçi düşüb, tamaşaya gətirməyə məcbursan.


– Bir dəfə tamaşa oynayarkən gələn tamaşaçıların azlığından və gələnlərin də teatrda özlərini aparmalarından şikayətlənmişdiniz…

– Böyük bir hissəsinin gəlməməkləri bir bəladırsa, gəlməkləri ondan üçqat ağır bəladır. Bir qram utanmaq hissi olmayan, teatrda özünü aparmağı bacarmayan tamaşaçılarımız var. Bilmirəm necə təsvir edim, vəhşilik, mədəniyyətsizlik və tərbiyəsizliyin sintezidir. Ehtiyac var ki, yazıb teatrın girişinə yapışdırasan: “Əziz tamaşaçılar, teatra içki, yeyəcək, tum, cips gətirmək qadağandır, telefonla, palçıqlı ayaqqabıyla girmək, yüksək səslə danışmaq, aktrisalara ədəbsiz replikalar atmaq, söyüş söymək, tamaşa zamanı zala girib-çıxmaq, tamaşa zamanı səhnəyə çıxıb kameranı, fotoaparatı aktorun gözünə soxaraq şəkil çəkmək (jurnalistlərə aiddir) qəti qadağandır.” Bu adamlar məktəb və bağça uşaqları deyillər axı. Özünü elita hesab edib, ziyalı qismindən sayan insanlar var ki, səhnədə gedən söhbətlərdən bixəbərdirlər. Hər bir aktyor qışın soyuğunda aylarla məşqlər edib, tamaşaçı qarşısına çıxıb azərbaycandilli teatrın fəaliyyəti üçün (yaxşı və ya pis), tamaşaçının maariflənmasi üçün çalışır və tamaçaşı gəlib sənə söyüş söyüb, ağzına gələni deyib, 1 dəqiqənin içində 3-4 aylıq əziyyətinin altından girib, üstündən çıxır.


– Vəziyyət bu qədər faciəvidir, yəni?

– İnanın, tamaşaçının səs-küyündən, ədəbsiz replikalarından səhnədə partnyorun səsini eşitmirsən, obrazdan çıxıb, olursan əsəbi insan, az qalsın tamaşanı dəyandırıb, səhnədən atılasan onun üstünə. Hirs səni boğur, rol yadından çıxır, sözləri unudursan. Əlindən heç nə gəlmir, neynəyəsən, sənin auditoriyan budur, sənin üzərinə düşən məsuliyyət bu adama mədəniyyəti, teatrı sevdirməkdir. Sadəcə səhnə arxasında məyusluq keçirib, göz yaşına boğulursan. Axı bizim tamaşaçı nə üçün bizə bunu rəva görür? Nə üçün insanlar incəsənətə bu qədər biganədirlər? Nə üçün insanlar ictimai, mədəni yerlərdə elementar davranış qaydalarını bilmirlər?

Bir gün tamaşaya baxmağa getmişdik. Oturacağımız “ziyalılarımızdan” biriy ilə yan-yana düşmüşdü. Durmadan mesajlaşır, gah qalxıb çıxır çölə, gah gəlib oturur yerinə, gah durub ayaqda danışır, gah səsli mesaj göndərir. Soruşanda da deyir: “İşim var, vacib məsələdir, bəs nə edim, cavab verməyim?” Qardaş, işin var, dur çıx get, nəyə oturmusan? Bu insan hansı tamaşaya getsə, beləcə telefon əlindən düşmür. Yəni bu cür insanlara incəsənəti, mədəniyyəti necə başa salasan? Elə insanlar var ki, onların teatra gəlməsi qadağan olmalıdır.


– Məsələn, siz gürcü teatrlarında olursunuz, orda da bu davranışı görürsünüzmü?

– Gürcü teatrına belə hallara çox nadir rast gəlmək olar, əvvəla, gürcü teatrlarında hər hansı bir tamaşaya baxmaq istəyirsinizsə, biletləri bir neçə gün, hətta bəzən bir həftə öncədən əldə etməlisiniz. Böyükləri keç, gürcülərin elə məktəb uşaqları gəlir tamaşa izləməyə, yazarın adından tutmuş, əsərin qəhrəmanına kimi tanıyırlar.


– Bütün məyusluqlara rəğmən işinizə davam edirsiniz. Düşünürsünüz ki, nə vaxtsa normal tamaşaçı auditoriyası toplamaq, hədəf qrupunuzun üzvəri arasında teatra getmək, baxmaq ənənəsini formalaşdıra biləcəksiniz?

– Yuxarıda da qeyd etdiyim kimi, elə insanlar var, düşünmürəm ki, onlar nə vaxtsa teatra tamaşaya baxmaq üçün gəlməyi öyrənələr. Hazırda teatra dəyər verən, tamaşaya gələndə əsərin müəllifini tanıyan, maariflənmək üçün gələn, teatrdan gedəndən sonra səhnədə verilən mesajlardan təsirlənən, oturub özü üçün sual-cavab edən insanarın sayı barmaqla sayılacaq qədərdir. Bu insanlar az olsalar da, həqiqətən teatrı sevdikləri üçün gəlirlər və bu, ümid verir insana. Bəlkə o bir neçə tamaşaçı sayəsində və bizim arası kəsilməyən tamaşalarımız nəticəsində gələcəkdə istədiyimiz kimi tamaşaçı auditoriyası əldə edə bildik, amma bu, çox əmək tələb edən bir prosesdir.


– Sizə dostlarınızı və ailə üzvlərinizi çıxmaq şərtilə, heş tamaşadan sonra gül bağışlayan olubmu?

– İndi yadıma düşmür, bəlkə də olub. Xatırlamıram. Gül ikinci dərəcəli olsa da, bəzən insanı ruhlandırır. Ona görə də tamaşaya gələndə aktyora, aktrisaya gül almaq, məncə, sevindirici haldır. Əvvələr heç gül verən yox idi. Son illər düzəlib, dostlar diqqət edir belə hallara, ama çox çətin ki, səni tanımayan tamaşaçı yolda gələndə gül dükanına girib, gül alıb hörmət naminə sənə hədiyyə edə. Tamaşaçımız 5 larilik bileti almaq istəmir. Tamaşaya 10 dəqiqə qala çöldən zəng edirlər ki “Aida, gəl, məni içəri keçir, qapıda məndən bilet pulu istəyirlər”. Sən də gərək, camaatın içindən qaçıb onu içəri salmaq üçün “dayday” vəzifəsini yerinə yetirəsən. Keçən dəfə biletin qiyməti 5 lari idi, A.Xorava adına aktyorlar evinin 500 kişilik salonuna güc-bəlayla təxmini 100 adam gəlmişdi, oradan isə satılan bietlərin sayı 26 idi. Bir neçə dəvət olunan tamaşaçı xaric, hamısı ya tanışlıqla, ya da necəsə pulsuz girmişdilər. Heykəllərə gül daşıyanlar tamaşaya gələndə gül almağa heyifləri gəlir. Gürcülərə deyəndə “bileti 5 lariyə satırıq” gülürlər, heç bir gürcü teatrında 5 lariyə bilet tapa bilməzsən. Hər dəfə də salonda bir yer boş qalmır. Bizimkilərə isə gərək pulsuz tamaşa göstərəsən, tamaşa başlayandan bitənə kimi səhnədə meymunluq edəsən ki, kefləri kök çıxalar çölə. Rayonlara gedəndə camaat bizi “sirk gəldi, sirk gəldi”- deyə qarşılayırdılar, sirklə teatrı ayırd edə bilmirdilər. Onlara “tamaşa” deyəndə düşünürlər ki, bir kloun çıxacaq, səhnədə burnuna qırmızı topu taxıb hoppanıb-düşəcək…


– Aida bir sual verəcəm, amma qətiyyətlə cavab vermədən öncə mümkün qədər düşünün. Həm aktrisa, həm jurnalist, həm aktivist kimi məruz qaldığınız təhqirlər, təqiblər, nifrət hərdən sizi bezdirmir ki? “Cəhənnəm olsun hər şey, gedim öz işimi görüm, rahat həyatımı yaşayım” dediyiniz anlar olurmu?

– Heç düşünmədən deyərdim ki, bizim auditoriya istedad qatilidir. Bu sualın cavabı mənim həyatımda aldığım ən böyük travma ilə bağlıdır. 4 il bundan öncə məni teatrdan ayrılmağa məcbur etdilər. Ətrafdakı insanların teatra biganəliyi, teatrda işləyən qızlar haqqında danışılan olmazın sözlər, təzəcə nişanlandığım oğlanın teatra qeyri-ciddi yanaşması məni həddindən çox yordu. Bu söz-söhbətlərdən canımı qurtarmaq istəyirdim. Depressiyaya düşdüm, çox sevdiyim sənətimdən ayrılmaq məcburiyyəti qarşısında idim. Bir gün durdum getdim teatra, ərizə yazdım, ayrıldım. Amma məndən sonra teatrda hər tamaşa qoyulanda göz yaşları içində izləyirdim. Özümü o qədər lazımsız və tənha hiss edirdim ki, evə gəlib aynanın qarşısında səhnədə gördüyüm obrazı canlandırırdım. Bilirsiz, bu çox ağır haldır, tanıdığım istedadlı qadınlar var, universitet bitirmiş diplomlu aktrisalardırlar, amma ailədə ərin, atanın təzyiqindən, cəmiyyətin dedi-qodusu ucbatından öz istedadlarını içlərində məzara doğru sürüyürlər. Teatrın başqa ab-havası var, onu unutmaq çətin məsələdir. Oxuduğun bir obrazın həyatını canlandırmaq və bunu insanlara ötürə bilmək səndə olan hissiyyatın necə güclü olduğunu göstərir. Bu, bir istedaddır və bu istedadın adını vicdansızca ləkələyən savadsız insanlar var. Bir qadının adına ləkə gətirmək bizimkilər üçün ən asan şeydir. Sən həqiqi hisslər keçirdiyin zaman tamaşaçı sənə “səhnədə filan yerini camaata göstərir” – deyir. Başqa cəmiyyətlərdə “aktrisayam” deyəndə sözün əsl mənasında əlindən öpürlər, bizdə isə tanıdığım qadınlar var, hətta ərləri incəsənət nümayəndəsi ola-ola səhnəyə çıxanda ən ədəbsiz sözləri rəva görürlər. Teatrda işləmək sadəcə qadın üçün deyil, kişi üçün də problemdir. Kişilər də ailədə problem yaşayırlar.

4 aydır ki teatra yenidən qayıtmışam, xoşbəxt olmaq üçün mütləq ətrafından səni bədbəxt edən hər kəsi silməlisən, uğursuzluğuna səbəb olan hər kəsdən uzaqlaşmalı və öz həqiqətlərinə inanmalısan. Publisistik yazılarıma görə də zaman-zaman çox təzyiqlərə məruz qalıram. Dost çevrəm azaldı, qohumlarım məni rədd elədi, oxucular söydülər, ölümlə təhdid edənlər də oldu. Bu, elə bir prosesdir ki, insanın qarşısına nə qədər maneələr çıxırsa, bir o qədər sənə daxili güc gəlir, daha da qıcıqlanıb iddialı olursan. Bu kimi hallar bəzən prosesin gedişatına kömək edir. İnsanları dinləmirəm, onlar onsuz da hər zaman danışacaqlar.


– Ailənin dəstəyi belə məsələlərdə çox vacibdir. Bildiyim qədərilə ailəniz həm mədəni, həm ictimai fəaliyyətinizi dəstəkləyir, amma hər bir azərbaycanlı qızın “bala, hər şey öz yerində, amma ərə get, sonra işini davam elə” deyən bir anası, xalası, bibisi mütləq vardır. Sizdə necədi?

– Bəli, ailəm məni hər zaman dəstəkləyib, amma gizlətməyə çalışsalar da, hiss edirəm ki, hardasa ürəklərinin dərinliyində məni natamam, xoşbəxtliyə hələ qovuşmamış kimi görürlər. Məlum məsələdir, hələ ərə getməməyimlə bağlıdır. Əlbəttə, bizim cəmiyyətdə ərə gedib uşaq saxlamağı bacaran qadın ən ağıllı və hörmətə layiq hesab olunur, gördüyüm bütün qohumların ilk sözü “çıx ərə get, bütün bunlar boş şeydir, biz də baxaq, sevinək”- olur. Onlar üçün mənim evlənməyim mənim xoşbəxtliyimi göstərən yeganə meyardır, yəni mən hal -hazırda bədbəxt qadınam və xoşbəxt olmağım üçün bir kişiyə ehtiyacım var. Əslində isə mən olduğum kimi daha xoşbəxtəm, mənə də onların həyatı faciəvi və absurd görünür.

Ana səhifəVideo”Bizim auditoriya istedad qatilidir”