Bizi məmur olmağa qoymayan məktublar…

Az-çox imzası tanınan sovet qəzetçisiydim. Amma o dövrə tərif olası bircə oçerk belə yazmamışam.

Source:
Nazlı Ağayeva
Nazlı Ağayeva
Nazlı Ağayeva
Nazlı Ağayeva

Az-çox imzası tanınan sovet qəzetçisiydim. Amma o dövrə tərif olası bircə oçerk belə yazmamışam.

Mən indiki icra hakimiyyəti statuslu o zamankı “raykom”un orqanında uzun illər eyni sifətlə çalışdım. Qəzetdən məni ona görə qovmurdular ki, redaksiyada rəsmi işim yayda xadiməlikdən, qışda ocaqçılıqdan ibarət idi. Üstəlik redaktorum məni qoruyurdu. Məsələn, canını dişinə tutub öz rəhbərinə deyirdi: “Qələmi əlindən alsaq, süpürgədən yapışacaq, ya da həyətin ortasında ocaq qalayıb metal əridəcək bu dəli qız. Məktubların əksəriyyəti onun adına yazılır. Oxucusu çoxdu ölmüşün”. Həmin o raykom bir gün qayıdıb ki, “onda irəli çəkib bir vəzifə verək”.

Bir gün reportajdan qayıdanda dedilər, bəs redaktor tapşırıb ki, qız gələndə abıra salın, gedəcək yeri var. İdarəmizin mələyi, mətbəəmizin cavan ağbirçəyi Xədicə xala soruşub ki, xalxın qızını ərə verirsənmi, a müdir, xeyir olsun? Redaktor cavab verib ki, elə ərə vermək kimi bir şeydi, getsə, özünün canı da dincələr, bizimki də.

Xədicə xala durur, hamımızın anası, haqq-ədalət simvolu Xədicə xalamız. Redaktor yalnız ona deyib ki, raykom əvvəl iş verəcək ona, bir-iki aydan sonra da ev. Kirayə köşələrindən yığışacam deyə bu yazıq da qanad açıb… Sənişdən kofta, Fəridədən yubka, Sevildən ayaqqabı düzüb-qoşub məni yola saldılar. Özümünkülər suyun-palçığın içindəydi. Bənddən yazı düzəltməyə getmişdim o gün.

Peşəkar jurnalist Ramiz Əhmədov raykom kreslosunda məni olduqca səmimi qarşılayıb birbaşa mətləbə keçdi. Həmkarlar İttifaqı sədrinin yeri “boşalıbmış”. Ora mənim kimi xalqa yaxın adam rəhbərlik etsə, ümumi işimizin xeyrinə olarmış. Təbii, mənim daha çox xeyrimə: Xidmət maşını, kabinet, üç-dörd nəfərlik ştat. Ardınca da mənzil. Heç düşünmədən qəzetdən ayrılmaq istəmədiyimi bildirdim. Bir anlığa susub, azca səsini qaldırdı: “Qəzetə ştat gəlməyəcək, cavan qız neçə il xadiməlik, ocaqçılıq edəcəksən?!” – Olsun”, dedim, – o illərə qədər mən də cavan qalmayacam ki…

Ramiz Əhmədov xeyli güldü. O gün raykomdan çox rahat çıxsam da, Xədicə xalanı görən kimi dilim topuq çalmağa başladı. Sadəcə çiyinlərini qucaqlayıb: “Olmadı, Xədicə xala, olmadı”, deməyə gücüm çatdı.

– Bilirdim, olmayacaq – dedi, – nə gizlədim, getməyini istəsəm də, qalmağına sevindim.

Bizim inqilab nəslinin adi həyat tərzinə uyğun bu epizod mətləbə gəlmək üçündür. Əsas olan son günlərdə sənəd axtararkən tapdığım və ağlımdan, qəlbimdən çıxarda bilmədiyim otuz yaşlı oxucu məktubudur. Məlum, o köhnəlmiş məktubda mənə aid çox gözəl sözlər yazılıb. Amma inanın, məsələnin o tərəfinə toxunmaq niyyətim yoxdur. Sadəcə bir evdar gəlinin yaşadığı rejimə rəğmən özünü ifadə etmək bacarığına, cəsarətinə olan heyranlığımı çatdırmaq istəyirəm:

“Mən iknci dəfədir ki, Qəbələ qəzetinə məqalə göndərirəm. Birinci çoxdanın əhvalatıdır”.

Uzunçuluq olmasın deyə eyni yanğı ilə yazılmış birinci gözəl məktubun üstündə dayanmayıb ikinciyə keçirəm. Üzünü görmədiyim keçmiş oxucum Nazimə Qəribovanın inci kimi düzülən “tüstülü” sətirləri:

“Nə olar, Nazlı, qış aylarında yolunu bir bizim Zalam kəndinə salasan. Bir neçə il bundan qabaq bütün rayon ərazisində qaz çəkilişi başa çatdırılıb deyə mərkəzə yalan məlumat verən, televizora çəkilən rayon rəhbərlərinə çatdırardın ki, vallah, bizim kəndə qaz çəkilməyib, billah çəkilməyib. Əgər palçıqlı küçələrdən, dizə çıxan gölməçələrdən keçib məktəbə gəlsən, soyuqdan və aclıqdan büzüşərək geniş sinif otaqlarında nimdaş paltarlara bürünmüş adda-budda kolxozçu balalarına baxsan, ürəyin ağrayar. Yalan məlumat verən əmilərin, dayıların, xalaların yox, sənin ürəyin ağrayar, Nazlı. Mən buna inanıram”.

Uzun illərdən sonra da üslubunu, yığcamlığını, səmimiyyətini və ən əsası da aktuallığını saxlayan məktub adi bir sovet qadınının mətbuata vətəndaş mövqeyindən qaynaqlanan müraciəti idi. O boyda imperiyanı laxladan da elə bu tip şüurlu münasibətlər olmadımı?

Müstəqil Azərbaycan və onun bir parçası olan Qəbələ hələ də qazsız kəndlərlə, palçıqlı küçələrlə, sönük və soyuq məktəblərlə doludur. Haqqımızı yeyib-talayanlar bütün dünyaya əsassız, ağ yalanlar sırımaqla boş hakimiyyətin ömrünü maksimum uzadırlar. Ölkənin insanları isə daha sivil dünyada daha ibtidai düşüncələrlə xoşqədəmli, zaurlu, mikayıllı və sairəli şou-narkozlara uyaraq keçinib getməkdədirlər. İndi bildikmi, bu iqtidar hansı ölü canların çiyinlərində daşınır?!

Ana səhifəMənim FikrimcəBizi məmur olmağa qoymayan məktublar…