”Bizi İlham Əliyevin göstərişi ilə tutublar”

Rasim Əliyevin ölümündə günahlandırılanlar özlərini təqsirli bilməyiblər

Source:


Rasim Əliyevin ölümündə günahlandırılanlar özlərini təqsirli bilməyiblər

Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesi izləyən Meydan TV əməkdaşının məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov son söz deyiblər.


“Biz xuliqanlıq etmişik”

Camal Məmmədov çıxışında bildirib ki, cinayət işi üzrə istintaq düzgün aparılmayıb: “Allah Rasim Əliyevə rəhmət etsin. Lakin bu işin düzgün getmədiyini hər kəs bilir. Prokurorluqdan müstəntiqə deyiblər belə elə, o da edib. Müstəntiq özü mənə deyib ki, bu iş onun işi deyil. İndə mən nə son söz deyim? Onun ölümündə özümü təqsirli bilmirəm. Nə olur, kasıba olur. Biz xuliqanlıq etmişik. Demirik ki, nəsə etməmişik. Prokuror elə bil həkimlərin vəkilidir. İki nəfər eksperti çağırıb dindirdilər. Bu, kimə lazım idi? İki nəfər dayanıb qıraqda, heç bir günahları yoxdur. Prokurorluq deyir ki, əlbir olublar. Biz Ben Ladenik? Mən burdan çıxandan sonra cinayətkar olacam. Ana-atamın gözüyaşlı qalmasına dözə bilmərəm. Mən haqq-ədalət gözləyirəm. Bilirəm ki, bu, sizlik deyil. İlham Əliyev göstəriş verib, tutublar. Danışdıqca, ürəyim partlayır. Xahiş edirəm, işə düzgün baxın”.


“Vurmaq niyyətim olsaydı, Rasimin əlindən tutub qaldırmazdım”

Samir Mustafayev isə özünü istintaq dövrü də , indi də təqsirli bilmədiyini deyib: “Bu iş müstəntiq Kamran Məmmədovun xam xəyallarla yazdığı işdir. Günahım Pərvizi tanımaq olub. Bizim qabaqcadan əlbir olmağımız sübuta yetirilməyib. Burada olanların heç birini tanımıram. Vurmaq niyyətim olsaydı, Rasimin əlindən tutub qaldırmazdım. Anası deyir ki, Samirin Rasimi vurmağa imkanı olmayıb. İmkan nəyə deyirsiniz? Orada mənim rolumun nədən ibarət olduğunu görməmək üçün gərək kor olasan. Xahiş edirəm ki, düzgün qərar verilsin. Bizim ümidimiz Allahadır”.

“Əgər öldürmək fikrim olsaydı, başımda maska, əlimdə bıçaq tək gedərdim”

Təqsirləndirilən Elşən İsmayılov isə çıxışında qeyd edib ki, onun Rasimin pul kisəsini oğurlaması sübuta yetirilməyib: “Əgər mən onun pul qabını götürmüşəmsə, atama lənət olsun. Samir Mustafayev burada heç kimi tanımır. Əgər öldürmək fikrim olsaydı, başımda maska, əlimdə bıçaq tək gedərdim. Allah Rasimə rəhmət etsin. Mənim onu öldürmək fikrim yox idi. Onun ölümünə görə, beş nəfəri həbs ediblər. Bizə törətdiyimiz cinayətdən artıq maddə ilə ittiham elan ediblər. Rasim ölməməliydi. İndi olub, lakin o, bizi tora saldı, kameranın altına çağırdı. Günahı olmayan insanları tutmaq nə qədər düzgündür? Mən elan olunan maddələr üzrə özümü qismən təqsirli bilirəm. Oğurluqla bağlı ittihamı qəbul etmirəm. Allah bizi bağışlasın, bəndə bağışlamasa da olar. Dalaşdığıma görə çox peşmanam”.

Məhkəmə müşavirəyə gedib. Hökmün aprelin 1-də elan olunacağı bildirilib.

Fevralın 23-də keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Jurnalist xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulublar. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

Ana səhifəXəbərlər”Bizi İlham Əliyevin göstərişi ilə tutublar”