Bizi görmək istəməyən komissiya…

Aynur Elgünəş

İllüstrasiya: Meydan TV

Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş həbsxanadan yazır:

Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsi (CPT) 2 illik fasilədən sonra Azərbaycana gəlib-getdi, heç küləyi də bizə toxunmadı. Düz 2 həftə, “indi gələr, bir azdan gələr” intizarı ilə yaşadıq. Şən və Hazırcavablar Klubunun (KVN) “Nazarbayevin qarşılanması” səhnəsindəki kimi bəzənib-düzənib gözlədik. Hətta bəzən “gəl ey, komissiya”, – deyib harayladıq da. Ancaq CPT üzvləri ən çox siyasi məhbusun saxlanıldığı Bakı İstintaq Təcridxanasına baş çəkmədi. Hər halda siyasi məhbus və jurnalist kimi mən onları nə gördüm, nə də ab-havadan gəldiklərini hiss etdim. Sentyabrın 22-dən oktyabrın 3-dək ölkədə olan avropalılar yəqin hesabat yazarlar, biz də bilərik harada olub, kimlərlə görüşüblər. Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun “Gününsəsi.info”ya giley-güzarından belə anladım ki, qonaqlar yaxşı yeyib-içməyiblər, tənqid edəcəkləri təhlükəsi var.

Oktyabrın 9-da isə Ombudsman Aparatının nümayəndələri yollarını azıb Bakı İstintaq Təcridxanasına təşrif buyurublar. Saxlanıldığımız 11 ayda ilk dəfə idi gəldiklərini eşidirdim. Özü də bu dəfə gələnlər əlilliyi olan insanların vəziyyəti ilə maraqlanırmış. Təbii, hətta bu məsələdə belə siyasi məhbuslar kənarda qaldı. Saxlanıldığımız korpusda bütün kameralarda siyasi məhbusların olduğunu eşidən nümayəndələr heç bir otağa girmək istəməyib. Cəmi iki adi məhbus qadını BİT-in inzibati binasına çağırıblar. Bu korpusda əlilliyi olan 2 siyasi məhbusun –  mənim və inanclı xanımlardan olan Şərqiyyə Sadıqovanın isə vəziyyəti ilə maraqlanmayıblar. Eşidiblər ki, mən otaqda deyiləm, keçib kamera yoldaşım, müğənni Rəqsanə İsmayılova ilə görüşüblər. O da rəsmi görüş olmayıb, Rəqsanənin həbsxanadakı görünüşünü, halını görmək marağından irəli gəlib. Yəni, “oy sizin pərəstişkarınızıq, sizi burada görmək necə ağırdı” janrında olan görüşlərdən biri. Həqiqi halıyla maraqlansaydılar, dərd yarı idi.

Ombudsmanın nümayəndələrinin gəldiyi vaxt nəfəsliklər qapalı olduğundan heç kim bu barədə bilməyib də. Nə məhbuslara xəbər verilib, nə də özləri hansısa nəfəsliyi açıb içəri boylanıb. “BİT-ə gedildi” tapşırığına quş qoymaq üçün gəliblər və insan görmədən qaçıblar. Həmin vaxt mən müəssisə ərazisində, daha dəqiq elə əyləşdikləri inzibati binaya bitişik yerləşən istintaq otağında olmuşam. Əgər istəsəydilər yanlarına çağıra bilərdilər. Mən heç, Şərqiyyə Sadıqova ki, otaqda olub, onunla niyə görüşməyiblər? 

Əslində bu məsələ mənim heç vecimə deyil, nə saxlanılma şəraitimdən şikayətlənəcəkdim, nə də səhhətimdən. Ancaq yenə də dövlətin öz vətəndaşına qarşı ayrı-seçkiliyi, etinasızlığı yolverilməzdir, hakimiyyət nümayəndələrinin fərqli fikirlərə qarşı qərəzi, düşmənçiliyi kimi alqılanır. Bu iradlarımı BİT rəisi Elnur İsmayılova da çatdırdım. Bundan sonra insan haqları müvəkkilinin müavinini mənimlə və Şərqiyyə Sadıqova ilə telefonla danışaraq narazılıqlarımızı dinlədi. Buradan isə Nelson Mandelanın bir fikrini Ombudsman Səbinə Əliyevaya çatdırmaq istəyirəm: “Bir dövlətin həbsxanasında olmayınca həmin dövlətin iç üzünü görə bilməzsən. Bir dövlət yüksək təbəqələrdən deyil, aşağı təbəqələrdən olan vətəndaşlarına münasibətinə görə qiymətləndirilə bilər”.

Aynur Elgünəş

Vicdan məhbusu, oktyabr, 2025.

Ana səhifəHəbsxanadan məktublarBizi görmək istəməyən komissiya…