Elmin Hüseynli eşitmə məhdudiyyətlidir. Anadangəlmə danışma və eşitmə qabiliyyəti olmayıb. 6 yaşından dərslərə başlayıb və 18 yaşında danışmağa başlayıb. Qulağına taxdığı aparatla həm də müəyyən qədər eşidir.
O, Xətai rayonunda yerləşən 55 saylı məktəbi bitirdikdən sonra Bakı Sənaye – Pedaqoji Kollecinin İnformatika müəllimliyi fakültəsinə daxil olub. 25 yaşı var, ailəlidir, bir övladı var. Bakıxanovda yerləşən bələdiyyədə mütəxəssis vəzifəsində çalışır.
“2015-ci ildən Bakıxanov bələdiyyəsində işləyirəm. Birinci vəzifəm fəhlə olub. İşdə kömək edirdilər, öyrədirdilər, məşq edirdik. Vəzifəmi təzə dəyişmişəm, mütəxəsiss işləyirəm. Bütün qəsəbənin yoluna, asfaltına baxıram, kömək eləyirəm”- deyir Elmin.
O bildirir ki, işarət dili ilə danışanların yolu dövlət qurumlarına düşəndə onların dilini bilən bir kimsə qarşılarına çıxmır.
“Xəstəni müalicə eləməyə, əməliyyata, ya polisə getməyə, maşını tutublar, cəriməsi var, ona görə danışa bilməyəndə, başa düşməyəndə, mən gedib danışıram. Heç yerdə, polisdə, xəstəxanada, işarə dilin bilmirlər, kömək edə bilmirlər. Mən gedib kömək eləyirəm”.
O deyir ki, ictimai yerlərdə işarət dili ilə danışan insanları görəndə onlara gülürlər, qulaqların çəkirlər, qorxurlar. “Bütün insanlara demək istəyirəm ki, işarət dilli insanlar görəndə gülməyin, qorxmayın, qulağınızı çəkməyin, işarət dilini öyrənin”.