”Bizi ailələrimizlə cəzalandırırlar, amma öz ailələrin…”

Otağın bir tərəfində Leyla  həbsdə olan yoldaşı Taleh Bağırzadə ilə telefonla danışır, o biri tərəfdə isə siyasi məhbuslarla bağlı tədbir keçirilir. Siyasi Məhbusların Müdafiə Mərkəzi son zamanlar siyasi fəalların 30 sutkalıq həbs edilməsinə, bloqqer Orduxan Teymurxanın 12 nəfər ailə üzvünün polisdə saxlanmasına etiraz edir.

“Hesab edirik ki, birinci növbədə insanları ictimai-siyasi fəaliyyətinə, fikirlərinə, düşüncələrinə görə təqib etmək olmaz. Hətta bu baş versə belə, onlara görə həmin şəxslərin ailə üzvlərini, xüsusən xanımları polis bölməsinə aparmaq, onlara mənəvi-psixoloji təzyiq etmək, təhdid etmək, qorxutmaq və qeyri-insani münasibət göstərib onları haqsız, ədalətsiz və qanunsuz olaraq polis idarəsində saxlamaq, gecəni orada tutmaq, qeyri-insani münasibət göstərmək yolverilməzdir”

Bloqqer Orduxan Teymurxanın böyük qardaşı Xanlar və bacısı oğlu Səbuhiyə 30 sutka həbs verilib. Martın 12-də Səbuhinin toyudur. Oqtay Gülalıyev hesab edir ki, o həmin günü həbsdə keçirəcək. Amma vəkillər qərarla bağlı apellyasiya şikayəti verməyə hazırlaşırlar. Video bağlantı ilə tədbirə qoşulan Orduxan Teymurxan nəyin bahasına olursa olsun xaricdəki fəaliyyətini dayandırmayacağını bildirib.

“Bizi susdurmaq üçün “kəndxudalar” bacılarımızı, körpələrimizi polis bölməsinə gətirirlər. Amma bu gün bildiniz ki, möhtərəm prezident öz xanımın vitse-prezident elan eləyir. Bu o deməkdir ki, bizi ailələrimizlə cəzalandırırlar, amma öz ailələrin yuxarı eşelonlara çəkib aparırlar”.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus həbslərlə bağlı Avropa Şurası, Avropa Birliyi və digər beynəlxalq qurumlara məktublar göndərdiyini çatdırıb.

“Əsas məqsədlərdən biri, bu dəhşətli qanunsuzluğa çox böyük, beynəlxalq diqqət gətirməkdi”

Tədbirdə həmçinin “Nardaran işi” ilə bağlı hesabat təqdim olunub. Hüquq müdafiəçiləri o qənaətə gəliblər ki, işlə bağlı ədalətli məhkəmə baxışı aparılmayıb, vəkillərin verdiyi vəsatətlərin əksəriyyəti təmin edilməyib, təqsirləndirilən şəxslərə verilən işgəncələr araşdırılmayıb.

Siyasi Məhbusların Müdafiə Mərkəzi Azərbaycanda 167 siyasi məhbusun olduğunu deyir. Hakimiyyət nümayəndələri heç kimin siyasi səbəblərə görə həbs olunmadığını, əməllərinə görə məsuliyyətə cəlb olunduğunu bildirir.

Ana səhifəVideo”Bizi ailələrimizlə cəzalandırırlar, amma öz ailələrin…”