”Bizə verilən pulla ancaq çadır qurub yaşaya bilərik”

Adil Xalıqzadə şəkər xəstəliyindən əziyyət çəkir. Yaşadığı mənzilin qarşısı bu vəziyyətə düşəndən sonra o, yalnız həyat yoldaşı Məhəbbət Xalıqzadənin köməkliyi ilə evinə daxil ola bilir.

Source:

Adil Xalıqzadə şəkər xəstəliyindən əziyyət çəkir. Yaşadığı mənzilin qarşısı bu vəziyyətə düşəndən sonra o, yalnız həyat yoldaşı Məhəbbət Xalıqzadənin köməkliyi ilə evinə daxil ola bilir. Xalıqzadə ailəsi artıq 30 ildən çoxdur ki, bu evdə yaşayır. Adil Xalıqzadə bildirir ki, fevralın 6-da qonşuluqdakı evi sökmək üçün gələn Yasamal rayonu İcra Hakimiyyətinin əməkdaşları, polis söküntü işləri zamanı onun evinə də zərər vurublar. Hasarı dağıdıb, bütün kommunikasiya xətlərini məhv ediblər.

Məhəbbət Xalıqzadə deyir ki, həmin vaxt evdə olub:

“Mən qızımla evdə idim. Qəfildən pəncərə açıldı, qorxdum. Yaxınlaşıb gördüm ki, bir nəfər əlini içəri salıb. Əvvəlcə o adamı tanımadım, sonra mənə dedilər ki, bu adam Yasamal rayon İcra Hakimiyyətinin müavini Səməd İslamovdur. Dedim, ay kişi nə edirsən? Dedi: “Bacı, bağışla, mən bilmədim. Elə-belə itələyirdim ki, baxım”. Pəncərənin sürgüsünü qırdı, pəncərə tam açıldı. Tor  da cırıldı. Mən dəhşətə gəldim ki, bu, başqasının evidir, niyə edir. Bu, axı heç bir mədəniyyətə, insanlığa, müsəlmanlığa sığmır, qəfildən kiminsə evinə baxırsan. Belə hadisəni dünyanın heç bir yerində görə bilməzsiniz. Düzdü, o, mənə dedi ki, bağışla xanım, bilmədim. Dedim: “Daha nə bağışlayım, açıb mənim evimin içinə baxırsan”. Mənə elə gəlir, o baxırdı ki, görsün evdə heç kim yoxdursa, kranı verib evi uçurtsun”.

 Məhəbbət Xalıqzadə deyir ki, xətlər məhv edildiyindən iki gündür soyuqda qalıblar:

“Bizə məhəl qoyan yoxdur. 112-yə zəng etmişdim. Məndən məlumatları aldılar, ancaq heç bir xəbər çıxmadı. Gəlib maraqlanmadılar. Heç olmasa sonradan zəng edərdilər. Heç kim maraqlanmır. Elə bil ki, bu xalqı başlı-başına buraxıblar. Bizimlə, bu millətlə maraqlanan yoxdur. “Sovetski” camaatı ilə heç kim maraqlanmır ki, kim hara getdi, harda öldü, harda qaldı. Bizə verilən pulla ancaq gedib hardasa çadır qurub yaşaya bilərik. Həmin pulla ev ala bilmərəm”.

Adil Xalıqzadə də deyir ki, əmisi oğlunun evini sökəndə bütün kommunikasiya xətlərinə xətər yetiriblər:

“Qazımız, suyumuz, işığımız hamısı məhv oldu. Bizim oturduğumuz yer plana düşməmişdi. Sentyabr ayından başladılar deməyə  ki, burada dövlət əhəmiyyətli yol olacaq. Dövlət əhəmiyyətli yolların da siyahısı Nazirlər Kabinetində var. Həmin bu gördüyünüz yox yer əhəmiyyətlidir. Ona görə də faktiki bizim mükliyyət hüququmuz ləğv oluna bilməz. Məmurlar amma baxmır, deyirlər, biz belə istəyirik, belə də edəcəyik. Elə bu cür də deyirlər. Heç nəyə məhəl qoymurlar. Nə evin qədimiliyinə, nə də ki, evin “kupça”sına baxırlar. Torpağın pulunu ödəmirlər. 50 kvadratmetr yerim var, buna 53 min manat pul verirlər. heç bu öz hesablamalarına uyğun da deyil. Onların hesablamasına görə, 75min manat olmalı idi. Bundan əlavə,  toprağın qədimiliyi haqda sənədimiz də var. Onu da biz məhkəməyə təqdim etmişik. Amma bu yoldaşlar heç nə ilə razılaşmırlar.

Ağır texnikanın işləməsi nəticəsində divarlarda çat əmələ gəlib. Mala uğur, evimiz nəm çəkib, çünki su xətti dağılıb, su evin altına axır. Özümüz nə bacarırıq bir balaca qarşısını alırıq, başqa cür mümkün deyil. Qaz xəttini elə yerdən kəsiblər ki, ümumiyyətlə, bura qaz çəkmək olmayacaq”.

Yasamal Rayon İcra Hakimiyyətindən isə Meydan TV-nin suallarını cavablandırmaq istəmədilər.

Ana səhifəXəbərlər”Bizə verilən pulla ancaq çadır qurub yaşaya bilərik”