”Bizə qarşı bütün sahələrdə ayrı-seçkilik edilir” (VİDEO)



İbrahim Savalan: “Ən böyük qazanc qəbul olunmayan insanların qəbul edilməsidir”


İran İslam Respublikasının Dövlət TV kanalının yayımladığı tamaşa ölkənin Güney Azərbaycanında etirazlarla qarşılandı. Zaman-zaman İranda azərbaycanlılar müxtəlif təhqirlərə məruz qalıb. Bu, həm çap mətbuatında, həm elektron, həm də hansısa dini, yaxud siyasi xadimin çıxışlarında özünü büruzə verib. Bütün bunlara qarşı etirazlar başlanıb və davam edən dalğa öz pik həddinə çatandan sonra sakitləşib və dövlət həbslərə start verib. Oxşar tendensiyalar bu gün də davam edir. Bu məqsədlə yaranan suallarımızı güneyli fəal İbrahim Savalana ünvanladıq.


–        İbrahim bəy, İranın güneyində nə baş verir? Hadisələr təşkilatlanmış şəkildə gedir, yoxsa hər şey gözlənilmədən oldu?

–        Sualınıza cavab verməzdən əvvəl bir məqama toxunum, Güney Azərbaycana çox da bəsit, konkret baxmaq olmaz. Bizi kənarda sanki bir qəbilə kimi tanıdırlar, guya bu əşirətin rəhbərlərini  bir zaman başqa istiqamətə, başqa zaman isə fərqli istiqamətə yönəldir. İranda da Azərbaycanı kiçik qəbilə kimi təsvir etmək istəyirlər. Amma hər iki yanaşma səhvdir. Güney azərbaycanlılar yetkinləşmiş bir millətdir, bu millətin yuxarı, zəhmətkeş və orta təbəqə deyilən aydınları var. Hər bir təbəqə öz istəkləri ilə tanınsa da, bir məsələdə ortaqdırlar. Hamısı birlikdə özlərini acı durumunun səbəbini dillərinin və kimliklərinin yasaq olmasında görürlər. Ona görə İranda dil məsələsi yalnız ünsiyyət yox, varlıqları kimi qavranılır. Bu baxımdan dilimiz və türklük kimliyimiz təhqirə məruz qalanda kənddə və şəhərdə yaşayan hər üç təbəqə, hətta İranın başqa bölgələrində olan azərbaycanlılar da etiraza səs verirlər. İndi gələk sualınıza, etirazlar düzənli gedir, yoxsa sadəcə, bir aksiyadır? İnsanlarımız daim irqçliyi görür, bunlar bir, ya iki gündə olmur, proses davamlı olur və insanların beynində toplanır. Amma dövlət güc vasitəsilə bu tələblərin qarşısını alır. Elə məqamlar olur ki, xalqın zəhmətkeşi də, aydını da, alimi də açıq şəkildə düşünür ki, təhqirə məruz qaldıq. Çağırış olduqda isə hamısı birlikdə bu etirazlara qatılır.



Bəs hakimiyyətdə olan türklər də etirazlara dəstək verirmi?

–        Çox gözəl nöqtəyə gəldiniz, Azərbaycanda dövlət vəzifəsində olanı da, dinsizi də, dindarı da var, həm də şəxsi qazanclarını axtaranlar da var. Amma 9 il öncə İran qəzetinin azərbaycanlıları “tarakan” adlandıranda, yaxud üç şəhərində zəlzələ olan dövlət ziyan çəkənlərə heç bir yardım etməyəndə, hətta xəbəri belə boykot edəndə, kimlərsə buna qarşı çıxırdı. Dövlət vəzifələrində olanlar bu etirazların dövlət sərhədlərinə toxunmamasına çalışırlar, yəni etiraz meydanlarına gəlmirlər və özləri söhbət zamanı deyirlər ki, dəstəkləyirik. Amma “bu cür etirazla ölkəni bir-birinə vurmağı düzgün görmürük” – deyə söyləyirlər. Onlar etirazların parlamentə, şəhər icra hakimiyyətinə, dini rəhbərə yazılı şəkildə göndərilməsini məqbul sayırlar. Etiraz edənlər isə deyirlər, necə olur ki, şəhərə rəhbərlik edənlər  90 ildə irqçiliyi görmürlər, görürlər, sadəcə, vəzifədə olduqlarından səslərini çıxartmırlar. Biz çıxış yolunu meydan etirazlarına qatılmaqda gördüyümüzdən iki qrup arasında dialoq həmişə gedib. Hətta vəzifələrdə işləyənlər meydanlara çıxanları formalizmə məhkum etməyə çalışırlar. Deyirlər ki, siyasət heç də siz düşündüyünüz kimi deyil, bəlkə bu işin arxasında başqa əllər var. Onlara bəsit və konkret cavab budur ki, bu işin arxasında hansı əl olur-olsun, bu iş iyrəncdir. Çox zaman da dövlət tərəfindən edilir. Əgər azad yazar tərəfindən təhqir olarsa, mən ona ölüm istəyərəm, bu sözlər televiziyalardan yayılır.



Televiziya demişkən, tamaşadakı aktyorların türk olması doğrudurmu?

–        Bəli, düzdür. Ancaq əsas sual budur ki, bu insanlar belə iyrənc hərəkətləri niyə öz varlıqlarına və kimliklərinə qarşı edirlər? Məncə, İranda – özəlliklə farslar və başqaları –  dövlətin maraqları baxımından yönəlmiş siyasət naminə insanları iki dəstəyə bölmək rahatdır. Ya irqçidirlər, ya aldanmış biridirlər. İkincilər az qazanc naminə irqçilərin qulluğunda dayanmağa hazırdırlar və onları himayə edirlər. Qazanc və imtiyaz mütləq bir şey deyil. Bəlkə qazanca nisbi baxmaq olar, bəlkə şəhərdə yaşayan səhiyyədən faydalanmaq baxımından kənddə yaşayandan daha qazanclıdır. Bu qazanc nisbi olduğundan o insanlar öz xalqlarından qopub, özlərini başqa bir yerə yapışdırmaqda qazanc götürürlər. Bu, çox az bir qazancdır.



Söhbətimizi tarixə yönəldək; ötən əsr güneylilər 4 inqilab etdilər, 1906-11-ci illərdə Səttarxan hərəkatı ədalətli İran şüarına söykənirdi, 1920-21-ci il Xiyabani hərəkatı. Demokratik İran, elə Azadistan adı da burdan qaynaqlanılırdı. Yalnız Pişəvəri müstəqillik məsələsini qoymuşdu, ona da SSRİ dəstək verirdi. 1979-cu il inqilabını solçular başlasa da, islamçılar bəhrələndi və bu prosesə dəstək də Təbrizdən oldu. Təbriz ayağa qalxmasaydı, İran İslam İnqilabı da olmayacaqdı. Hətta 2006-cı ildə də etirazlar olmuşdu, amma nəticə yoxdur… Bu baxımdan gözlənilən hər hansı gedişatdan da fars şovinzmi bəhrələnməyəcəkmi?

–        İnsanın fərdi və toplumsal kimliyi var. Toplumsal kimlik sadəcə bir şeydə xilasları olmur. Məsələn, Azərbaycanda yaşayanlar müsəlman və şiədirlər, islamın onların mədəni həyatında bir rolu var, həm də türkdürlər, türk ədəbiyyatı da bunların kimliyi hesab olunur. Özlərini də İranın bütövlüyündə bir parça hiss edirlər. Haçansa bizim kimliyimiz zərər çəkibsə, tapdanıbsa, sanki o kimliyi qorumağı özləri üçün daha borclu hesab ediblər. 1979-cu il inqilabına qayıtsaq, o zaman insanlar dini kimliklərinin tapdanmasından nigaran idilər və Məhəmməd Rza şahın modernizm adıyla gətirdikləri ilə razılaşmırdılar. Ondan öncə din alimləri və xadimləri heç vaxt siyasətə qatılıb, hökuməti idarə etmək iddiasına düşmədiklərinə baxmayaraq, siyasətə müdaxilə etməyi öz vəzifələri hesab etdilər. Eyni olayları biz Azərbaycanda da görə bilərik. Məşrutə Hərəkatında azərbaycanlıların kimliyinin tapdanmasının şahidi deyilik. O zaman azərbaycanlı İranın başı idi, hökumət türk qacarlardan ibarət idi, Səttarxan da hökumətin içindəki axsaqlıqları düzəltmək üçün ayağa qalxmışdı. Rzaxan dövründə – o zaman ki Xiyabani Hərəkatı oldu, onda Azərbaycan varlığı məhv edilməyə başladı. Ona görə bunların ardınca gələn Pişəvəri Hərəkatı birinci məsələ olaraq dil və kimliyi qoydu. Pişəvəri dedi ki, dil bizim əsas səngərimizdir. Biz indi o zamana qayıdırıq. Düzdür, dilimiz əlimizdən alınmır, amma türklüyümüz, milli kimliyimiz təhlükədədir. Türklük və milli kimlik sadəcə dilimizdə danışmaq deyil. Bizə səhiyyə, təhsil sahələrində də ayrı-seçkilik edilir, hətta bütün sahələrdə.

Keçmiş prezident Rəfsancani dönəmində onun doğulduğu Kirman bölgəsinə ayrılan büdcə 4 Azərbaycan əyalətinin cəminə ayrılan büdcədən 320 qat artıq olub. Bunun hər azərbaycanlı hiss etməsə, olmaz. Xatəminin  prezidentliyi dönəmində, 2001-ci ildə İranda həyata keçirilən 2 mindən çox layihədən heç biri Azərbaycanda gerçəkləşmədi. Yaxud elə həmin il hər 10 min türkdən 67 nəfəri universitetə təhsil almaq imkanına malikdirsə,  hər 10 min farsdan 130 nəfəri. Əgər biz onlardan 2 dəfə az ali təhsil alırıqsa, bilgi səviyyəmiz də az olacaq. Bu isə sabah iş tapmaqda çətinliklər yaradacaq və ictimai inkişafdan geri qalacağıq. Bütün bunların səbəbi bizi İranda ayrı kimlik kimi tanımalarıdır ki, bu işi sistemli aparıblar. Bəzi azərbaycanlılar bunu haqlı görüb və hətta “bu təhqirlər haqqımızdır” deyə yanaşıblar. Ona görə mərhum Cavad Heyət deyirdi ki, bu dəfə azərbaycanlılar ayağa qalxarsa, bu inqilab Məşrutə və 57-ci il hadisələrinə bənzəməyəcək, əvvəlcə öz haqlarını tələb edəcək, sonra İranın demokratikliyi və bütövlüyü məsələsini qoyacaq.


–        Siz güneylilərin sosial durumlarına toxundunuz. İstərdik, söhbətimizi konkretləşdirək, azərbaycanlılar mədəni, yoxsa dövlət olaraq muxtariyyat istəyir?

–        1978-ci ildə İran inqilaba hazırlaşan zaman “İran Times” qəzeti Azərbaycanın dini rəhbəri Ayətullah Şəriətmədariyə “Şah getsin, ya qalsın” sualını verdi. Ayətullah cavab verdi ki, şahın gedib, yaxud qalması əhəmiyyət daşımır. Əhəmiyyətlisi Məşrutədə yazılan Ana Yasanın icra olunması, insanların insanlığa layiq yaşamasıdır. Bəlkə şah gedəndən sonra bir sistem gəldi, amma insanlar insanlığa uyğun yaşamadı. Biz bu prosesi tədricən irəli aparırıq və onlardan aldığımız cavabların əsasında sonrakı planlara keçirik. İndi gələk bugünə, İranda türklərə qarşı dövlət tərəfindən yürüdülən ədalətsizlik və ayrı-seçkiliyin qaldırılmasına. Bu, dövlətdə vəzifə daşıyan insanların da tələbidir. Ümumiyyətlə, İranda dövlət televiziyasında yayımlanmasa da, fars toplumunda türklərə qarşı bir təhqiramizlik var. Bax, bu tələb də gündəmdədir, bütün təbəqələr bu tələblərə dəstək verirlər. Ancaq vəzifədə olan türklər bu istiqamətdə gedilən yolu bəlkə bizimlə birgə görmürlər. Onlar parlamentə, partiyalara qatılmaqla bu işlərin həllini görürlər. Biz isə əksinə, dirənişlə prosesin getməsinin tərəfdarıyıq. Bir daha deyirəm, hər üç təbəqə tələblərlə razıdır, ortaq mövqeyə gəlirlər, sadəcə, gedilən yola fərqli baxış var. Məsələn, mümkün deyil ki, məktəblərdə Sədini, Hafizi oxuyam, sonra özümdə güvənc hiss edəm. Füzulini, Nəsimini oxumadan özümdə milli güvənc hiss edə bilmərəm. Milli güvənc və bərabər insanlar kimi düşünməyə qadir olan bir sistemin yaranmasına ehtiyacımız var. Yəni ən azı azərbaycanlıların dövlətinin olması lazımdır. Bu, muxtar da ola bilər, baxımsız da, elə Məşrutə dövrünün Ana Yasasında yazılan əyalət, federal dövlət də. Ayətullah Şəriətmədari də tədricən bu prosesin getməsini istəyirdi, amma dövlət adamlarının təpkilərindən asılı olaraq mərhələlər və addımlar dəyişilə bilər.



Başlanan etirazlar hansısa bir təşkilat tərəfindən hazırlanırmı, yəni prosesi aparan ictimai-siyasi qurum varmı?

–        Təşkilat yoxdur. İran dövləti 30 il təkbaşına yürütdüyü siyasətə və televiyalara arxalanaraq düşünür ki, toplumu istədiyi şəkildə formalaşdırıb. Amma toplumun bir çox qapılarının uzun müddətdir həmin televiziyalarını izləməyib, başqa səmtə istiqamət götürdüyündən xəbərsizdir. İnsanlarımız Türkiyə, Quzey Azərbaycan, dünya mediasından və sosial şəbəkələrdən faydalanır. Ona görə gedən prosesin içində təşkilat yox, hərəkat var. Bu hərəkatın başçısı, başqa məqamları yoxdur, əksinə, hamısı bir-biriylə yanaşı olaraq bəzən müxtəlif  vasitələrlə  öz düşüncələrini paylaşıb, insanları ona inandıra biliblər. Bunun nəticəsində toplumun içində bir şəbəkə yaradıblar, bu şəbəkə internet vasitəsilə təmasda olur. Məsələn, xəbər verilir ki, filan gün Babək Qalasına gedəcəyik,  bu, hansısa qurum tərəfindən söylənilməsə də, fəallar tərəfindən dəstəklənir. Hətta bir dəfə Babək Qalasına yürüş törənləri islam Peyğəmbəri Məhəmmədin qızının vəfat tarixi ilə üst-üstə düşdüyündən zaman dəyişildi. Bu isə toplumun gizlin qatında yayıldı. Elə “Traktor” futbol klubu ilə bağlı yürüşlər də belə hazırlanır. Gedişatda ortaq dərddən doğulan ortaq fikir var, bunun içində isə mübahisə deyilən bir şey formalaşmayıb. Sadəcə, durum o qədər çətindir ki, mübahisəyə yer qalmır, hamı bir hədəfə vurur. Obrazlı desəm, belədir: bütün evlər yıxılıb, amma yıxılmayan bir ev var ki, hamımız ora yığışaq deyirik və hamı razılaşır.


–        Söhbət zamanı ötən əsr hərəkatlarından və inqilablarından misallar çəkdik. Həmin məğlubiyyətlərin əsas səbəbi aparılan prosesin yetişmədən hədəfə çatmaq istəyi idi. Bəs bu gün proses yetişibmi, yetkinlik varmı?

–        Yox, hələ bunu demək olmaz. Proses Pişəvəri dövründə yaranan yetkinliyə çatmayıb, o səviyyədə deyil. O dövrdə ABŞ Rza şahın arxasında dayanmasaydı, İran dövləti Azərbaycana qalib gələ bilməzdi. Bundan əlavə, Pişəvərinin bir sıra addımlar atması rahat olmadı. O, hakimiyyətə gələndə əkin yerlərini paylaşdırdı ki, bunların da  95/100-i ya dini mərkəzlərin, ya varlıların, ya da səltənətin əlindəydi. Yalnız dağlıq kəndlərdə əkin yerləri kəndlilərin idi ki, bu da 5 faiz edərdi. Bax, həmin 95 faizi əkinçilərə verəndə ciddi müqavimət yarandı. Yaxud Pişəvəri qadınlara səs hüququ verdi, bu, sevindiricidir. O zaman ölkənin üç kabineti bu hüququ verdiyi üçün səltənət parlament vasitəsilə onları yıxdı. Bu məsələlər belə Pişəvəri dönəmində çox çətin idi. Ona görə indi Pişəvəri dönəmindəki yetkinlik hələ yaranmayıb. Amma bu proses çox sağlam və güclü aparılır.


–        Son hadisələrdə həbs olunanlar barədə nə deyə bilərsiniz, neçə nəfər həbs edilib?

–        Həbslərə gəldikdə, Təbrizdə həbs olunanlar barədə dəqiq məlumat yoxdur. Təbriz şəhərində etirazlar bir-birilə çox aralı və fərqli məntəqələrdə keçirildi. Çox geniş aksiyalar idi, şəhərin bütün qatları və məhəllələri qatılmışdı. Təbriz böyük şəhər olduğundan ordakıları tanımaq heç də asan deyil, ona görə bu şəhərdən əhatəli məlumatımız yoxdur. Mən özüm Meşkində yaşayıram, burda geniş həbslər apara bilmədilər, çünki insan seli güclüydü, kimi həbs etmək istəyirdilərsə, xalq onları polislərin əlindən alırdı. Etirazlar sakitləşəndə bir neçə dostlarımızın evinə gəlib onları həbs etmək istəyiblər, amma tapmayıblar, elə biri mən özüm. Ərdəbildə yaxalananlar milli fəallardandır. Tutulanlar ETTELAT-a aparılıb, orda haqlarlnda dosye hazırlayıb, bəzilərini zindana göndərirlər ki, məhkəmə hökmünün necə olacağı orda bilinir. Bir neçə dəfə həbs olunanlar ETTELAT-ın təkadamlıq kameralarında saxlanılır və sorğu-sual olunur. Hazırda bir çox dostumuz təkadamlıq kameradadır, ancaq təzminat ödəyib müvəqqəti azad olunanlar da var. Adları bəlli olan saxlanılanlar 100 nəfərdın çoxdur, amma məhkəmə qərarı yoxdur. Kiçik şəhərlərdə adlar dəqiq olsa da, Təbrizdə hələ müəyyənləşməyib. Bu cür məsələlərdə qərarlar siyasi olur, yerli rəhbərliyin hökmü ilə yox.


–        Etirazların nəticəsi necə görünür, hansı qazancla prosesdən çıxmaq istəyirsiniz?

–        Açıq danışsaq, bizim həmin tamaşaya xüsusi etirazımız yoxdur. Tamaşa İran irqçilik sisteminin bir göstəricisidir, 2006-cı ildə azərbaycanlıları təhqir edən karikaturaçını İran dövləti həbs edəndə bizim bəzi dostlarımız onun azad olunması haqda məktub yazdılar. Çünki biz karikaturaçının müstəqlliyindən irəli gələrək belə etdiyinə görə həbs olunmasına razı deyilik. Sadəcə, rəssam İranda aparılan irqçiliyin nəticəsi olaraq bu işi görmüşdü. Amma bu gün Azərbaycan xalqına qarşı ayrı-seçkilik var, türk milləti təhqir edilir. Ən böyük qazanc qəbul olunmayan insanların qəbul edilməsidir. Bu etirazlar onlara çatdırılır və bu adamlardan dəstək alınır.

Ana səhifəVideo”Bizə qarşı bütün sahələrdə ayrı-seçkilik edilir” (VİDEO)