Bizə qalan daşlar

Yadımdadır, hələ köçkünlükdən əvvəl, kəndimizdə bir dənə də olsun daş hasar yox idi.

Source:
Günel Mövlud – Banner
Günel Mövlud – Banner

Yadımdadır, hələ köçkünlükdən əvvəl, kəndimizdə bir dənə də olsun daş hasar yox idi. Qamışdan, kol-kosdan, məftillərdən arakəsmələr vardı ki, onlar da alçaq, simvolik bir sərhədi ehtiva edirdi. Qonşular bu arakəsmələrin üstündən salamlaşır, arada söhbət edir, bir-birindən dilək istəyir, xəbər ötürürdülər. Qonşunun həyətinin, gəlib-gedənin, həyətdə baş verənlərin görünməyi problem deyildi, bir az da yaxınlaşdırırdı adamları. Birinin həyətində samovar qaynayırdısa, qonşusunu çaya səsləyirdi, o da bir nimçə konfet, peçenye götürüb, çay içməyə gəlirdi. Ya kabab çəkəndə lavaşın arasına bir şiş çəkib qonşuya göndərirdilər.

Bunlar sadə məişət söhbətləridir, amma onda insanlar arasında yaxınlıq, bir doğmalıq, istilik vardı. Bu, hələ insanların kasıb vaxtları idi, bir-birindən arada iki kartof, bir atım çay, bir kasa südü borca istədiyi vaxtardı.

Son on-on beş ildə insanların əlinə bir az pul gəldi. Onlara çatan neft milyonlarının qəpik-quruşaları olsa da, az deyildi. Bəzilərinə lap çox, bəzilərinə lap az düşsə də, hərəyə nəsə çatdı. Bu pulların ölkədə dövr elədiyi vaxtda fikir verdim, insanlar əllərinə gələn pulların böyük qismini daşa xərclədilər. Şəhər adamlarını başa düşdük, kəndlilər belə qonşu ilə arasına adamboyu daş hasarlar hördü. Əllərinə pul gəldikcə, insanlar bir-birindən gizlənməyə başladılar. Qonşuluq unuduldu, yaxınlıq, doğmalıq yoxa çıxdı. Pul və bu daşlar insanların arasında buz kimi, boz bir sərhəd çəkdi.

Mən heç vaxt kasıb vaxtlarında bir-birinin evinin içini, səhər-axşam yediyi yeməyi belə görən və bundan bir qram da narahat olmayan insanların birdən-birə niyə qonşudan gizlənmələrinin, aralarında belə hündür sərhəd tikmələrinin səbəbini başa düşə bilmədim. Nə idi onları bir-birindən gizlədən, uzaqlaşdıran? Kasıblıqlarından utanmayan insanlar rifahlarından niyə utanmağa başladılar ki? Anlaya bilmirəm.

Sadəcə bunu anlayıram ki, çox böyük bədbəxtlikdi. Bir ölkəyə bir əsrdə ikinci dəfə ən azı on il boyu pul gələ. Bu puldan sadə insanlara da hansısa bir pay düşə. Və bu pulu bir ölkənin insanları kütləvi şəkildə götürüb daşa xərcləyələr. Varlısı mərmərə, ortababı kubikə, kasıbı kərpicə… On il pulunu daşa verəsən. Gizlənməyə xərcələyəsən, qonşundan uzaqlaşmağa, onu görməməyə, öz həyətini, həyatını gizlətməyə pul xərcləyəsən. Halbuki, o pulları insanlar necə gözəl şeylərə sərf edə bilərdilər. Səyahətə gedərdilər, əylənməyə xərcləyərdilər, balalarını sevindirəcək şeylər edərdilər.

Axı elə insanlar vardı ki, o daşlara pulu çatmırdı, o daş hasarların pulunu balalarının boğazından kəsib yığırdı ki, qonşudan dala qalmasın. İllərlə balalarına ürəkləri istəyənləri almırdılar, amma kamaz-kamaz daş alıb tökürdülər həyətə, ətək-ətək pul töküb hasar hördürürdülər.

Bir tanış ailə vardı, ata on ildən çox idi pul yığırdı, aylarla uşaqlar bir litrlik “Coca-Cola”, bir kilo sosiska üçün yalvarırdılar, ata almırdı. Axırda pulu yığıb özünə “Mercedes” aldı. İki aydan sonra da qəzaya düşdü. Maşın xıncımlandı. On il uşaqlarının sevincindən, boğazlarından kəsdiyi pulu dəmirə verib, bir anın içində əzik-üzük elədi.

Hərdən düşünürəm ki, pul qurtardıqca, vəziyyət pisləşdikcə, bu insanlar daşa xərclədikləri pula heyifsilənəcəklərmi. Heyifsilənəcklərmi ki, on illik neft pullarından, pis-yaxşı rifahdan onalara qalan ancaq o daş hasarlar, bir neçə ildən sonra paslanmağa başlayacaq dəmir maşınlar oldu?! Ölkəyə mədəni səviyyə, şöhrət, turist axını, təhsil səviyyəsi, tərcümələr, kino və teatrın inkişafını, insanların mədəni səviyyəsinin yüksəlişini gətirə biləcək bir dövr ancaq daş və dəmir gətirdi.

Onlar bunu düşünüb, özlərini qınayacaqlamı, səhv etdiklərinin fərqinə varacaqlarmı?

Doğrudan, onlar, ümumiyyətlə, bu barədə düşünəcəklərmi?!

Ana səhifəMənim FikrimcəBizə qalan daşlar