”Əgər Qənirə Paşayeva borcumuzu ödəyibsə, niyə 850 manat borc var?”
”Qənirə Paşayeva bizim evin işıq və qaz xərclərini ödəyəcəyinə vəd vermişdi. Amma bugünədək borclar ödənməyib, xəbərdarlıq ediblər ki, martın 28-də borca görə işıqlarımızı kəsəcəklər”.
Bu sözləri Tovuz rayon sakini Sənəm Quliyeva deyir.
Sənəm Quliyevanın əlilliyi olan iki övladı var.
Meydan TV əməkdaşları ötən il, iyunun 15-də Tovuzda olaraq, həmin ailənin
problemlərini işıqlandırmışdılar
.
Həmin çəkilişdən sonra millət vəkili Qənirə Paşayeva bu ailənin işıq və qaz xərclərini ödəyəcəyini vəd etmişdi. Amma Sənəm Quliyeva deyir ki, indi heç deputatla əlaqə saxlaya bilmirlər.
Ananın 31 yaşlı qızı Aynurə 3 yaşından, 24 yaşlı oğlu Bayram isə 5 yaşından yerimək qabiliyyətini itiriblər. Sənəm Quliyeva özü də şəkər xəstəsidir. Şikayətçi bildirir ki, onlara dövlət tərəfindən heç bir vəsait ayrılmayıb. Sosial müavinət almaq üçün müraciət etsələr də, müsbət cavab ala bilməyiblər:
“Ən azından rayon Mərkəzi Xəstəxanasından bizə həkim ayrılmalıdır. Ayda bir dəfə gəlib bizi müayinə etməlidirlər. Bunlar yoxdur. Biz də əlilik axı. Başqa dövlətin vətəndaşı deyilik. Biz də bu torpağın vətəndaşıyıq, bu vətənin övladlarıyıq. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi o qədər əlillərə ev verir, maşın verir. O maşının biri də mənim olsun da. Mən də insan kimi gəzmək istəyirəm. Madiyyatdan çox çətinlik çəkirəm. Bunların hamısının ödənilməsi biz-iki əlilin pensiyasına bağlıdır. Bunlar da çətindir.”
Sənəm Quliyevanın qızı Aynurə xanım deyir ki, işıq onun həyatıdır. Yeriyə bilmədiyindən, ancaq telefon və internetlə başını qatır:
“Bir neçə gün öncə İşıq İdarəsi ilə telefonla danışdıq. Xahiş edib dedim ki, bizim borcu ödəməyə imkanımız yoxdur. Bizə bir az vaxt verin, mənə söz verən insanları axtarıb-tapım. Əgər Qənirə xanım borcu ödəyibsə, o zaman bir il ərzində 850 manat işıq pulu necə yazılıb?»
Aynurə Həsənova neçə illərdir dörd divar arasında yaşadığını deyir. O da havaya çıxmaq, gəzmək, müalicə olunmaq, insan kimi yaşamaq istəyir. Millət vəkillərindən təkcə Qənirə xanımı tanıdığından, ona müraciət edib.
5 yaşından yerimək qabiliyyətini itirən Bayram Həsənov deyir ki, hər ay pensiyanı alıb, birtəhər ödəsələr də, işıq puluna gücləri çatmır:
“Bizə Allahın sosial yardımını da vermirlər. Deyirlər ki, siz pensiya alırsınız. Prezident Administrasiyasına da ötən gün zəng etdim. Qəbul şöbəsindən mənə dedilər ki, bu dövlətin tək dərdi sənsən? Get, nə istəyirsən et. Bu dövlətin vətəndaşı deyiləmsə, bəs mən nə etməliyəm?»
Millət Vəkili Qənirə Paşayeva Meydan TV-yə açıqlamasında bildirib ki, ailə onun seçki dairəsinə aid olmasa da, o, bu insanlara hər zaman kömək edib:
“Ötən ildən mən öz maaşımla bu ailənin işıq pulunu ödəyirəm. Mən keçən dəfə də bildirdim ki, öz millət vəkilinizə də müraciət edin. Türk iş adamlarından da xahiş etmişəm ki, bu uşaqlara istədikləri 7000 avroluq araba alınsın. Mənim dairəmdə də çoxlu problemləri olan və əlilliyi olan insanlar var”.
Deputat söz verdi ki, bu dəfə də ailəyə kömək edəcək. Sənəm Quliyevanın işıqları söndürülməyəcək.
Ailənin yaşadığı ərazinin deputatı Ülviyyə Ağayeva isə Meydan TV-yə bildirib ki, bu məsələni millət vəkilindən yox, aidiyyatı qurumlardan soruşmaq lazımdır.