Səyyah Fidan Nazar: “Yol mənim sevgilimdir, onu pula dəyişmərəm”
Azərbaycanda uzunmüddətli səyahətə çıxan, bunu illərlə bir yaşam tərzinə çevirən insanlar olduqca azdır. Olanda da, patriarxal cəmiyyət olaraq, biz səyyahların kişilər olduğuna öyrəşmişik, çünki onların hərəkət azadlığı ailələri və cəmiyyət tərəfindən daha az məhdudlaşdırılır.
Fidan Nazar uzun müddətdir ki, müxtəlif ölkələrə səyahət edir. Belə demək mümkünsə, böyük maddi imkanlara sahib olmadan, yolda qarşına çıxacaq təhlükələrdən necə qurtularaq səyahət etmək üzrə peşəkarlaşıb. Fidan öz səyahət təcrübəsini, bunu necə bacardığını, başına gələnləri və səyahət etmək arzusunda olan, amma çəkinən insanlara faydalı məsləhətlərini Meydan.TV ilə bölüşdü.
– Niyə təhsilinizi bitirəndən sonra işləməyə deyil, səyahət etməyə üstünlük verdiniz?
– Türkiyədə təhsilə yeni başlamışam. Azərbaycanda isə Kooperasiya Universitetində ”təhsil almışam”. O vaxtlar işləmişəm. Bakıda müxtəlif xəstəxanalarda, banklarda, marketlərdə, reklam şirkətlərində və kafelərdə işləmişəm. O vaxtlar bu işlər davamlı idi.
– İndiyə qədər hansı ölkələri gəzmisiniz və daha haralara səfər etmək planlarınız var?
– İndiyə qədər çox gəzmiş sayılmaram. Bütün azərbaycanlıların ilk dəfə gedə biləcəkləri yerlərə getmişəm. Gürcüstan, Türkiyə, Ukrayna və Rusiyada olmuşam. Digərlərindən fərqim budur ki, mən avtostopla gəzirəm və şəhərlərin mərkəzlərindən, istirahət zonalarından çox cəmiyyətlərin adət- ənənələri, yaşam standartları, ölkələrin tarixi, iqtisadi və siyasi vəsiqələri mənə daha maraqlıdır. Ağlımda ”ora gedim, yox, bura gedim” kimi planlarım yoxdur. Yer kürəsinin səthini rəngləyən bütün torpaq növlərinə ayaq basmaq istəyirəm.
– Daimi işləmədiyinizə görə də yəqin maaşınız yoxdur. Səfər xərcini hardan alırsınız? Maddi problemləri necə həll edirsiniz?
– Gəldik ən çox canımı sıxan suala. Xərc məsələsi yolda haqqında narahat ola biləcəyim bəlkə də ən sonuncu problemdir. Yolda insana pul nə üçün lazımdır? Yemək üçün. Qeyd-şərtsiz yemək üçün. Və yolda ac qalmaq yox, acından ölmək mümkün deyil, əgər torpağı münbit olmayan dağda ləvazimatsız və təkbaşına deyilsənsə. Dağdan yamaca enə bilərsən, bəlkə də maksimum 1-2 gün ac-susuz qalacaqsan, amma bu, səni öldürməyəcək. Əsasən insanlar kömək edirlər, onsuz da yolda sənə enerji lazımdır, niyyətin vitamin depolamaqdır, şiş-kababla vodka xəyalları quracaq şansımız yoxdur. Amma alternativ olaraq insanın xüsusi istedadı həmişə köməyə çatır. Yolda öyrəndiyim vacib məqamlardan biri budur: hərkəsin xüsusi bacarığı var, amma insanlar sistemin bomboz çərçivəsindən kənara çıxmamağa o qədər öyrəşib ki, öz rənglərinə qarşı kordurlar. Və insanlara bu rənglər göstərilmir deyə onlara elə gəlir ki, doğurdan da, beyinləri, əlləri, ayaqları, ürəkləri və bəlkə də səs telləri bombozdur. Yolun sənə ilk öyrətdiyi şey yalnızlıq, yalnızlığın öyrətdiyi azadlıq və azadlığın sənə hədiyyə elədiyi görə bilmədiyin rənglərin olur.
Biz yola çıxanda qamçıyla işləyən kölələr idik. Sonra yazar, şair, musiqiçi, həkim, psixoloq, memar, rəssam, aşpaz və s olduğumuzu gördük. Həyatında bir dəfə belə not görməyən adamın skripka öyrənə bildiyini gördüm. Yola çıxandan sonra musiqi və əl işilə tanış oldum, amma solist olaraq pankarta ”1 dollara dərdinizi danışa bilərsiniz” yazıb pul qazandığımız vaxtlar olub. Çay daşlarından çox asan şəkildə boyunbağı düzəldib satmışıq. Sözün həqiqi mənasında daşdan çörək çıxarırdıq. Ən əsası, bunu sevərək və qədərində edirik. Məsələn, mən acam və yemək yeməliyəm, mənə bircə manat bəsdir ki, qarnımı doyurum. Lüksü yox, ehtiyacımız olanı alırıq.
– Səfəri bəzən avtostopla da edirsiz. Bir neçə paylaşımınzdan anladım ki, yolda təcavüz ehtimalları az deyil. Bu, sizə qorxulu gəlmirmi?
– İki ildən çoxdur ki, şəhərlər və ölkələr arasında daha çox təkbaşına gəzirəm. Bugünə qədər bəlkə də 5000-dən çox maşın dəyişmişəm. Bu da 5000-dən çox insan deməkdir. Yaddan çıxmasın ki, sürücülər sadəcə kişilər deyil. Tır sürən və yük boşaldan qadınlar da var. Bu qədər insan görüb, sonra insan tanıya biməmək mümkündür, sizcə? Təbii ki, yox. Bu insanlarla iş üçün ünsiyyət qurmursuz, onlar üçün bir yolluq dost olursuz. Onlar sizinlə nəyinsə qarşılığında yol yoldaşı olmur, onlar sadəcə səmimidirlər və pis də olsalar, yaxşı da olsalar, dinlənilmək istəyirlər. Bu qədər. 5000 insan – 5000 hekayə, 5000 mimika və jest deməkdir. Sözümün canı odur ki, öncə dinləməyi, sonra analiz etməyi öyrənən biri üçün ən asan iş insan tanımaq olur. Ki, bu xüsusiyyətləri yol sənə istəməsən də öyrədir. Bu qədər hekayədən yaşadığım macəraların sayı 3-ü keçməyib və paylaşımlarım da sadəcə bu haqda deyil. Cəmiyyət bəd hadisələri daha tez mənimsəyir, bu da bomboz həyatın tələblərinin nəticəsidir. Yolda öyrəndiyin şeylərdən biri öz iç dünyanla savaşmaqdır bəzən. Yaşadığımız həyatın, hiss etdiyimiz hərşeyin səbəbkarı birbaşa özümüzük. Önəmli olan ya bu hissləri ömürlük etmək, ya da bundan kökündən qurtulmaqdır. Bəzən elə bir situasiyayla üzləşirsən ki, bilə-bilə qorxduğunu seçirsən, əslində bu da yaşamaq instinktidir. Və seçimin özünə aid olduğunu bilmək qorxudan uzaqlaşdırmağa, daha çox qorxuyla necə davranmağa dəvət edir, bunun adı da cəsarətdir. Bu qorxuyla cəsarətin savaşıdır, əgər cəsarət qalib gəlsə – macəra, qorxu qalib gəlsə … hərşey yaşaya bilərsən. Qaldı ki, təcavüz məsələlərinə, təcavüzçü üçün sənin kimliyinin və yaşının fərqi yoxdur. Təcavüz sadəcə bir tərəfin (mədəni, ya da kobud) istədiyi bir məcburi şiddətdir. Bu psixoloji və ya fiziki də ola bilər. Təcavüz patriarxal düşüncənin olduğu hər yerdə var. Qızını döyüb, dizini döymək istəməyən ata da təcavüzkardır.
Amma siz yolda ola biləcək cinsi zorakılığı nəzərdə tutursuzsa, bu, insandan insana dəyişir. Adətən, qadınlardan çox kişilər buna məruz qalsalar da, cəmiyyətin boş boğazından və ”cinsiyyət qavramlarından” çəkindikləri üçün məsələnin üstünü ört- basdır edirlər. Mən isə hələ indiyə kimi cinsi zorakılıq yaşamamışam, amma hər şey ola bilər. İki dəfə qaçırmağa cəhd göstərsələr də, buna kimsə nail olmayıb. Nəticədə, şansına güvənib yola çıxanlar ölümlə üzləşməyə məhkumdurlar. Bunu kim deyib, yadıma gəlmir, amma düz söhbətdir. Fərq orasıdır ki, şansı da insan öz əllərilə yaradır, heç kəsin göydə ulduzu yoxdur.
– Ailə və qohumlar tərəfindən hansısa danlaq, narazılıq varmı bu səfərlərə görə?
– Bizim ailədə qohumun sözü keçmir. Ancaq ailəm də öz cəhdlərim sayəsində mənə qarşı konservativ deyil. Üstəlik, 24 yaşım var və bu, mentalitet, din və adət-ənənəyə qarşı təkbaşına çətinlik çəkmədən savaşacaq bir yaşdır. Anam onsuz da qızlarını ərə vərmək üçün böyüdən bir insan deyil. Atam da ”mən qocalanda oğlumun arvadı mənə baxar” düşüncəsində olan biri deyil. Bizim ailədə ailənin fərdləri danışır, qonşu-qohum yox.
– Səyahət bloqları yazıb, ya videoları çəkib pul qazanmaq haqqında düşünürsünüzmü?
– Birmənalı şəkildə yox. Gəzmək, görmək və öyrənmək mənim həyat tərzimdir. Yol mənim sevgilimdir, bunu pula dəyişə bilmərəm. Və həqiqətən də sahiblənəcəyim tək şeyim budur. Mənim seçmədiyim bədənim, ailəm, ölkəm, dilim, dinim, irqim, cinsiyyətim, çevrəm, adım, soyadım var. Bunların heç biri mənim deyil. Amma yollar mənimdir. Camal Əlinin ”gecə” mahnısının sözlərini gərək dəyişək, ”mən yolları sevirəm, deyirlər ki, o da sevir səniii”….
Azərbaycanda deyəndə ki, ümumiyyətlə, dünyanın harasında olursa olsun, reaksiyalar eynidir. Hər kəs təəccüblənir, hər kəs sənin cinsiyyətinlə sənə çərçivə cizib əxlaq dərsləri keçməyə çalışır. Sən də sadəcə deyirsən ki, ”əlbəttə, sən haqlısan əzizim, sən şedevrsən”. Onda sakitləşirlər. Bir o qədər də bundan həzz alanlar var, çox yazırlar, hətta ilk səyahətini mənimlə edənlər olub. Əsas da qadınlar buna cəhd edəndə daha çox xoşuma gəlir. Çünki cəmiyyətimiz qorxaq və ”dilsiz” qadınlara öyrəşib, cəsarətli qadın isə başqa məsələdir.
– Kişilərə nisbətən qadın səyyahlara səhayət daha çətindirmi? Munasibətdə, reaksiyalarda hansı fərqlər var?
– Ən çox eşitdiyim söz budur: ”Mən kişi ola-ola yola çıxmıram, sən təkbaşına necə çıxırsan?”. Bunu getdiyim ölkələrdən, tanış olduğum hər millətdən eşitmişəm. Əslində, bir fərq yoxdur, sadəcə insanlara elə gəlir ki, qadınlara daha asan maşın saxlayırlar. Qətiyyən belə deyil. Tamamilə olduğun yerin mədəniyyəti və şansınla əlaqəlidir. Məsələn, Ukraynada avtostop çox çətin idi, saatlarla yolda yağışın altında qalırdım. Öyrəndim ki, ümumiyyətlə, Ukrayna avtostop üçün heçkəsə uğurlu gələ biləcək bir yer deyil. Məsələn, Şamaxıda avtostop çəkməklə Şəkidə avtostop çəkmək çox fərqlidir. Şamaxıda avtostop mədəniyyəti olmadığı üçün, insanlara bu çox qəribə gəlir, həm dayanırlar, həm də dayananda pul istəyirlər. Şəkidə, Oğuzda, Qaxda, Qəbələdə avtostop nisbətən rahatdır. Balakən və Zaqatala isə mənə görə Azərbaycanın hər sahədə inkişaf edə bilən ən mədəni yerləridir. Aran bölgələri isə insanı ayaqüstü sinir xəstəsi edə biləcək potensiala sahib torpaqlardır. Mən sadəcə hələ öz doğulduğumuz torpaqlardan misal gətirirəm. Yəni istər kişi ol, istərsə də qadın, deyilən bir şey olmur sənin üçün.
– Həvəslənən və səyahət etmək fikrinə düşən insanlara hansı faydalı məsləhətləri verə bilərsiniz? Məsələn, özünüz onları təcrübədə öyrəndiniz, amma əvvəldən bilsəydiniz daha yaxşı olardı…
– Deyə biləcəyim tək şey bu ola bilər ki, önyarğılı olmayın və TIR-lardan, ”Kamaz”lardan çox balaca maşınlarda ehtiyatlı olun. Böyük maşınlar yol maşınlarıdır, onlar kimin kim olduğunu və kimlə necə ünsiyyət quracaqlarını çox gözəl bilirlər. Ola bilsin ki, qulağımıza çatan mənfi çalarlı söz-söhbətlər olub. Amma yadınızdan da çıxarmayın ki, kiçik maşınların sahibləri ”sahibkardır”, başlarına gələ biləcək hər problemlərdən ”sağ” çıxa bilərlər. Buna görə də kiçik maşınların yaratdığı problemlərdən heç kəs xəbərdar olmur. Sizə maşın saxlayan sürücülərlə söhbət edin, onlar buna görə dayanırlar. Dinlənilməyə ehtiyacları var. Ünsiyyət üçün dil məsələsi də önəmli deyil, hərdən tarzan olmağın da yeri var. Baş barmağınızı soyuqdan qoruyun.