“Mən o bəzi analar kimi, atsam, bunları çoxdan atardım. Çox dedilər mənə ki, ver hökumətə. Dedim, vermərəm. Mən anayam axı”.
Tovuz rayon sakini Sənəm Quliyeva əlilliyi olan iki övladına baxa bilməməsindən şikayətlənir. 31 yaşlı qızı Aynurə 3 yaşından, 24 yaşlı oğlu Bayram isə 5 yaşından yerimək qabiliyyətini itiriblər:
“31 yaşı var Aynurənin. 31 il mən buna baxmışam. Təzədən mən bunları əlimlə harasa verə bilərəmmi? Amma o dərəcəyə çatıram ki, “Quran”a and olsun, öz canımın ağrıları, onların əzablarını görürəm, artıq bura yığılmışam.
Ananın dediyinə görə, həkimlər bunu qohumluq nikahı ilə izah ediblər. Sənəm Quliyeva bildirir ki, özü də şəkər xəstəsi olduğundan artıq övladlarına baxmaq gücündə deyil:
“İndi 3-4 nəfər lazımdır ki, mən onları götürüb, arabaya qoyam, ya başını-gözünü yuyam, ya harasa aparam. Kömək olmasa, o uşaq elə oturaq vəziyyətdə də qalmalıdır. Həmişə ataları sağ idi, birtəhər baxıb, saxlayırdım. İndi ataları rəhmətə gedəndən, qalmışam tək. Artıq bir ili gəlib çatır. And olsun Allaha, bir yerdən bir köməyim yoxdur”.
Ən böyük istəyinin müalicə almaq olduğunu deyən Aynurə dövlətdən kömək istəyir:
“İlk növbədə, müalicə üçün dövlətimdən kömək istəyirəm. Prezidentimdən, nazirimdən kömək istəyirəm, qardaşıma və mənə kömək olsunlar ki, biz müalicə olaq. Ən azından araba ilə də olsa, bizi özümüzü idarə edə biləcəyimiz vəziyyətə çatdırsınlar. Bizə həm maddi, həm mənəvi yardım etsinlər”.
Özlərini idarə edə bilmək üçün motorlu arabaya ehtiyacları olduqlarını deyən Aynurə Həsənova başqa xəstəlikləri olduğunu da deyir:
“Qadınam mən. Qadına aid problemlərimin sayı-hesabı yoxdur. Həkimə müraciət edirəm. Deyir, sən müalicə olunmalısan. Müalicə olunmaq üçün mənim vəsaitim yoxdur. Qardaş-bacı, üç adam ikimizin pensiyası ilə dolanırıq. Hərəmizə 67 manat pensiya alırıq, 60 manat da prezident təqaüdümüzdür”.
Bayram Həsənov isə deyir ki, prezident əlilliyi olan insanların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xeyli fərmanlar versə də, o fərmanlara icra olunmur:
“Bizə sosial yardım ayrılmalıdır. Sosial işçi lazımdır. Ən azından anama kömək etmək üçün bir işçi ayrılmalıdır. Bundan əlavə, mənim qaz-işıq pulumdur, madiyyatdan çox çətinlik çəkirəm. Bunların hamısının ödənilməsi biz-iki əlilin pensiyasına bağlıdır. Bunlar da çətindir. Ən azından bizim sosial yardımımızı düzəltsinlər. Onu alaq. Şəraitimin yaxşılaşdırılmasında köməklik etsinlər. Başqa dövlətlər əlilləri xarici ölkələrə müalicəyə göndərdiyi kimi, məni də göndərsinlər”.
Şikayətçinin söylədiyinə görə, hazırda qaldıqları evə yağış yağır. Atasının tikdirdiyi evin maddi çətinliklər ucbatından yarımçıq qaldığını deyir Bayram. Həyətlərinə asfalt döşənsə, ən azından gəzməyə cəhd edəcəyini deyən gənc bildirir ki, bu istəklə Tovuz rayon İcra Hakimiyyətinə müraciət etsə də, müsbət cavab almayıb. O, vaxtı-vaxtında müayinə olunmadığını da deyir:
“Ən azından rayon Mərkəzi Xəstəxanasından bizə həkim ayrılmalıdır. Ayda bir dəfə gəlib bizi müayinə etməlidirlər. Bunlar yoxdur. Biz də əlilik axı. Biz başqa dövlətin vətəndaşı deyilik. Biz də bu torpağın vətəndaşıyıq. Biz də bu vətənin övladlarıyıq. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi o qədər əlillərə ev verir, maşın verir. O maşının biri də mənim olsun da. Mən də insan kimi gəzmək istəyirəm. Zəng edib, deyəndə, deyir, sən vətən uğrunda döyüşməmisən. Vətən uğrunda döyüşməmişəm. Məni sağalt, mən də gedib, bu vətən uğrunda canımı qoyaram”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir işçisinin şəxsi büdcəsindən ona noutbook aldığını deyən Bayramın ən böyük arzularından biri kompyuter kurslarına gedib, proqramist olmaqdır. Dediyinə görə, öz çörəyini özü qazanmaq istəyir. Elə bacısı Aynurənin də arzusu toxuduğu əşyaları sata bilib, öz pulunu qazanmaqdır:
“Ən azından yenə də toxuyaram. Amma istədiyim ipləri almağa maddi imkanım yoxdur. Həm də toxuduqlarımı satmaq problemi var”.
Ailə deyir ki, yerli icra orqanları, ombudsman , millət vəkili Qənirə Paşayeva problemlərini bilsələr də, real bir kömək yoxdur. Onlar yalnız Qənirə Paşayevanın min manatdan artıq işıq pulu borclarını ödədiyini bildirirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Meydan Tv-yə ailəyə komissiya göndəriləcəyini bildiriblər. Nazirliyin əməkdaşı ailə ilə danışaraq, ertəsi gün rayon şöbəsindən gələn olacağını deyib. ötən 3 gün ərzində onlara heç kimin gəlmədiyini bildirir.
Millət vəkili Qənirə Paşayeva isə deyir ki, həmin ailə onun seçki dairəsində olmasa da, o, bacardıqca, ailəyə dəstək olub. Deputat ailənin istədiyi arabanın Azərbaycanda istehsal olunmadığını bildirir:
“Ukraynada sifariş əsasında o arabalar hazırlanıb. İyunun axırında onlara veriləcək. Və mən “Teksen” şirkətinə təşəkkür edirəm. Çünkü bu arabaların maliyyə tərəflərini bu şirkət üzərinə götürdü”.
Millət vəkilinin söylədyinə görə, tovuzlu bir xeyirxah adamdan xahiş edib və həmin şəxs ailənin işıq, qaz pulu xərclərinə yardım edəcək.
Ombudsman Aparatının mövqeyini öyrənmək mümkün olmayıb.
Məlum ərazinin deputatı İlyas İsmayılov isə məsələni belə şərh edir:
“Qənirə xanım qəbul edibsə, demək ki, onların problemi ilə məşğul ola bilər. Mənə Azərbaycanın hər yerindən müraciətlər gəlir və mən hamısına baxıram. Demirəm ki, o, mənimkidir, ya mənimki deyil”.
Millət vəkili bildirir ki, şikayətçi ailə ona da müraciət etsə, o, deputat sorğusu kimi ərizəni aidiyyatı qurumlara göndərər.
Tovuz Rayon İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi zənglərə cavab verməyib. Meydan Tv məsələni diqqətdə saxlayacaq.