“Biz Qarabağı Ermənistanın işğalından azad etməliydiksə, indi Rusiyadan almalıyıq”

Azər Qasımlı bildirib ki, Dağlıq Qarabağda atəşkəsin pozulması və ya başqa təxribatların olması indiki mərhələdə Moskvanın maraqlarına cavab vermir

Source: Specify Source


Deputat: “Təəssüf ki, Rusiya sülhməramlıları missiyalarından kənara çıxırlar”

Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov ötən həftə Xankəndində olub. Rusiya mediası nazir müavinin səfərinin səbəbini “sülhməramlı heyət” üçün hospitalın tikintisi və hərbçilərin vəziyyəti ilə əlaqələndirib. Rusiyanın “Birinci kanal”ının D.Bulqakovun səfəri haqda reportajı isə Azərbaycan cəmiyyətində etirazla qarşılanıb. Reportajda Dağlıq Qarabağ ayrıca subyekt kimi təqdim olunmaqla yanaşı, Azərbaycanın adı çəkilmədən “sülhməramlı”ların yeməkxanasında Ermənistan vətəndaşlarının çalışdığı xüsusi vurğulanır.

Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu “

Facebook

” səhifəsində nazir müavinin səfərinə “Dağlıq Qarabağı verdik ruslara… onlar da ermənilərə ötürdü. Hələ bu azmış kimi ruslar Ermənistan sakinləri üçün Dağlıq Qarabağda iş yerləri açırlar. Özləri də minimum 25 x 120= 3000 nəfərdir”,- deyə reaksiya verib.

Qubad İbadoğlu yazıb ki, “sülhməramlı”lar Xocalı hava limanında uçuş zolağını daha 800 metr uzadılaraq 3 km-ə çatdırılmağı planlaşdırırlar.

Deputat Elman Məmmədov Meydan TV-nin bu barədə sualına cavab verərkən deyib ki, o, Rusiya sülhməralıları Azərbaycana gələndən onların fəaliyyətindən narazılığını ifadə edib:

“Rusiya sülhməramlıları bu missiya istisna olmaqla başqa fəaliyyətlə məşğul olurlar ki, istər-istəməz Azərbaycan ictimaiyyətində narazılıq doğurur. Ermənistan vətəndaşlarının Laçın dəhlizi vasitəsilə sərbəst gəlib-getməsi sülhməramlıların fəaliyyətinin nəticəsidir. Eyni zamanda, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda tikinti işləri daxil olmaqla müxtəlif tədbirlər keçirməsi narazılıq yaradır. Hələ də bu günədək sülhməramlıların cinayətkar separatçı qurumun rəhbərləriylə əməkdaşlıq etmələri, onların sərbəst fəaliyyətlərinə şərait yaratmaları məni çox narahat edir, bunlara son qoyulmalıdır”.

maxresdefault.jpg
Elman Məmmədov

Elman Məmmədov dövlət rəhbərliyinin bu məsələ ilə bağlı işlər gördüyünü bildirib:

“Biz bütün sərhədlərimizə nəzarət etdiyimiz kimi, həmin münasibət qəti şəkildə Laçın dəhlizinə də şamil olunmalıdır. Dəhlizdə Azərbaycanın sərhəd buraxılış məntəqəsi olmalıdır. Sülhməramlılar beynəlxalq hüquq əsasında fəaliyyət göstərməlidirlər, Azərbaycan-Ermənistan sərhədinə nəzarət etmək onların işi deyil. Azərbaycan sərhədçiləri Laçın dəhlizində dayanandan sonra biz kimlərin pozuculuq işiylə məşğul olduğunu biləcəyik. Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyinə aid olan silahlı birləşmələrin Xocalıda, Xocavənddə olması haqda xəbərlər təsdiqini tapır. Sülhməramlılar həmin quldur dəstələrinin ərazidən çıxarılması yönündə fəaliyyət göstərməlidir, yəni bölgəni hərbsizləşdirməlidir, qeyri-qanuni qrupları çıxartmalıdır. Təəssüf ki, Rusiya sülhməramlıları missiyalarından kənara çıxırlar. Belə davam edə bilməz, qəti əminəm ki, Azərbaycanın dövlət başçısı yaxın vaxtlarda bütün qanunsuz hərəkətlərin qarşısını almaq üçün ciddi tədbirlər görəcək”.

Siyasi icmalçı Azər Qasımlı baş verənləri yeni hesab etmir və təəccüblənmədiyini söyləyir.

Azər Qasımlının sözlərinə görə, 10 noyabr sazişi imzalananda sənədin Azərbaycanın maraqlarına zidd olduğunu demişdilər:

“Rusiyanın hərbi kontingentinin Azərbaycan ərazisində yerləşdirilməsi o deməkdir ki, Bakı həmin bölgəyə nəzarət etmir. İkinci, 10 noyabr sazişindən sonra Moskva daxili və xarici siyasətimizə müdaxilə edəcək. Əlbəttə, 10 noyabrdan əvvəl də təsirləri vardı, amma indiki dövrdə müdaxilə artacaq. Çünki rus ordusu Azərbaycan ərazisindədir, biz Qarabağı Ermənistanın işğalından azad etməliydiksə, indi Rusiyadan almalıyıq. Bunun üçün Rusiya ilə savaşmalıylğıq, bu isə mümkün deyil, səbəbləri məlumdur”.

Azər Qasımlının fikrincə, görünür, Kreml son günlər Bakıdan daxili və ya xarici siyasətdə hansısa istəyi olub:

“Azərbaycan hökuməti də bununla razı olmadığında belə addımlar atıb Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərməyə cəhd edəcəklər. Bilirsiniz, mövcud məsələ Rusiya hakimiyyəti ilə Azərbaycan hakim elitası arasındakı münasibətlərdən asılıdır. Münasibətlər bir az pisləşəcəksə, ruslar özlərini fərqli aparacaqlar, onların istədiklərini verəcəklərsə, ona uyğun davranacaqlar. Amma bu o demək deyil ki, Azərbaycanı Xankəndinə buraxacaqlar”.

Azər-Qasımlı1-e1578473633700.jpg
Azər Qasımlı

Azər Qasımlı bildirib ki, Dağlıq Qarabağda atəşkəsin pozulması və ya başqa təxribatların olması indiki mərhələdə Moskvanın maraqlarına cavab vermir:

“Çünki Rusiyanın sülhməramlı mandatı sual altına düşəcək və ATƏT-nin Minsk Qrupu yenidən dirçələcək. Əslində, Minsk Qrupunun fəallaşması Moskvanın maraqlarına ziddir. Sadəcə, Rusiya Dağlıq Qarabağın ona bağlı olmasını nümayiş etdirəcək. Bu baxımdan Ermənistanın Dağlıq Qarabağa 200 milyon dollardan çox yardım göstərməsi heç nəyi dəyişmir. Məsələ ondadır ki, Ermənistan hakimiyyəti və cəmiyyəti Qarabağı itirdiklərini anlayıblar. 27 sentyabra qədər Dağlıq Qarabağa və ətraf 7 rayona nəzarət eirdilərsə, bu gün fərqli mənzərədir, 7 rayon və Şuşa və Hadrut Azərbaycandadır”.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Həmin il Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını elan edib.

1992-1993-cü illərdə silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona birləşən yeddi rayon üzərində nəzarəti itirib.

1992-ci ildən üç həmsədrin – Rusiya, ABŞ və Fransanın rəhbərliyi ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılır.

Azərbaycan öz ərazi bütövlüyünün qorunub saxlanmasını israr edib, Ermənistan isə qondarma respublikanın maraqlarını dəstəkləyib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunları arasında növbəti hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb. Bundan başqa, bölgəyə rusiyalı sülhməramlılar yerləşdirilib.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib.

Görüşdən sonra dövlət başçılarının imzaladığı bəyanat yayılıb.

Bildirilib ki, üç ölkənin baş nazir müavinləri tərəfindən həmsədr olduğu üçtərəfli İşçi Qrupunun yaradılacaq. İşçi qrupu ilk iclasını 30 yanvar 2021-ci il tarixinədək keçirəcək və nəticəsinə əsasən əsas iş sahələrinin siyahısını təşkil edəcək, dəmir yolu və avtomobil kommunikasiyalarını prioritet kimi müəyyənləşdirəcək.

Ana səhifəSiyasət“Biz Qarabağı Ermənistanın işğalından azad etməliydiksə, indi Rusiyadan almalıyıq”