Yazımın əvvəlində, hisslərə qapılıb yazdığım pafoslu epitetlərə, patetik sözlərə görə məni bağışlayın. Onsuz da gündəlik həyatımızda bununla bolluca qarşılaşırıq. Heç olmasa bu gün öz vicdanımızla səmimi olaq. Bu səbəbdən, indi siz deyin, şəhidlik bahasına qazanılmış azadlığı, dövləti, bizlər doğrulda bildikmi? Əgər arxaya, ötən illərə nəzər yetirsək, vicdanla, təmiz qəlblə “biz düz yoldayıq”, “qan bahasına qazanılmış azad, firvan dövlət qurduq”, “bizə qoyduğunuz azadlığı yaşatdıq” sözlərin deyə bilərikmi? Bilmirəm, mənim üçün bu sözlər çox ağır gəlir.
Həmin il, Xruşovun dövründə tələm-tələsik, Sovet insanlarının ev problemini həll etməkdən ötrü tikilmiş köhnə“xruşovkada” iki aylə birlikdə yaşayırdı. Bir otaqda biz, digərində əmimin ailəsi. Sübhdən əmim arvadının sakitcə otağımızın qapısın açıb, titrək səslə “dünən şəhərdə caamatı qırıblar” deməsi indiyəcən qulaqlarımdadır. Uşaqlar adətən ətrafda baş verənləri ağılları ilə deyil, analarının əhvalından, mimikasından anlayırlar. Əgər ana gülürsə, deməli hər şey yaxşıdır, işdir, ana ağlayırsa, demək qorxunc bir şey baş verib. Onda uşaqlığım “camaatı qırmaq” sözünün dəhşətini anlamağa imkan verməsə də, anamın baxışlarından körpə, ürkək canıma qorxu hopmuşdu.
Məlum hadisələrdən iki gün əvvəl, Rus əsgərləri qəsəbəmizin yanından ağır, zirehli texnika ilə keçirmiş. Uşaqlar yığılıb əsgərlərin başına, tanklara, silahlara baxmağa. Onlarda uşaqları götürüb mindirmişdilər tankların kabinasına, peçenye, “tuşonka” vermişdilər. İki gün sonrası isə eyni millətin insanların güllə atəşinə tutmuşdular.
Faciədən bir neçə gün keçmişdi. Nənəmin otağında, şüşəsi çatlamış pəncərədən həyətə baxırdım. Bərk yağış yağırdı. Qəmli hava var idi. Küçə sanki yağış ilə deyil, kədərlə isladılmışdı. Önümüzdə qonşu binanın yağışdan nəmlənmiş, çılpaqlanmış pəncərələri ifrat qüssəli görünürdü. Pəncərəmizin yuxarısında paslı günlük var idi. Həmin dəmir parçasını yağışın damlaları yamanca taqqıldadırdı. Bax, o yağış damcılarnın taqqıltısı bu vaxtacan yadımdadır. Bir də nənəmin”…tanrı ağlayır onların ruhu üçün” kəlməsi.
Hər kişinin həyatında elə bir an olur ki, həmin vaxt o mütləq dalaşmalıdır. Bu, bəlkə də həyatda bir kərə olan şeydir. Davanın səbəbi isə müxtəli ola bilər. Sevdiyi qadın naminə, öz adını ləkələməməkdən ötrü ya da özünü müdafiə etmək üçün. Fərq etməz. Əsas həmin vaxt yumruğunu sıxıb, qorxunu adlamaqdır…
Yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının, millətinin yumruğunu sıxıb, qorxunu adladığı an idi. Qanı və canı bahasına özünü isbat etmək, varlığını yedirtmək, azadlığın möhürünü vurmaq lazım idi. Həmin gecədən sonra artıq heç nə əvvəlki tək olmayacaqdı. Bir çox şeylər dəyişəcəkdi, transformasiya edəcəkdi.
Oxuduğum məktəbin girəcəyində “20 Yanvar” stendi asılmışdı. Şəkildə bir cüt qərənfil qan damcılarnı tankların üstünə axıdırdı. Rəsmin üzərində isə qara rəngdə 20 Yanvar yazılmışdı. O gecədən ta bu günəcən milyonlarla məktəbli həmin stendlərin qarşısında böyüdü. O günəcən bayram, şadyanalıq, sevgi təcəssüm edən qərənfil, bir gecəyə matəm, yas gülünə çevrildi. Böyük bir ölkə dağıldı. Ailələr, talelər dağıldı. Ümüdlər, arzular dağldı. Gənclik, cavanlıq dağıldı. Əvəzində isə qazandığımız müstəqillik, azadlıq və onunla gələsi olan, gözlənilən firavanlıq idi.
Yeni tarix, tam başqa nəsil, ayrı dəyərlər, fərlqli düşüncə, müxtəlif insanlar, azad ölkə və millətinə yad bir dövlət qurulacaqdı. Azərbaycan həmin gecə həlak olmuş şəhidlərin qanına boyanmış doğulacaqdı.
Yaşım az olduğundan, sözsüz ki, şəhidləri torpağa tapşıran günü şəhərdə ola bilməzdim. Amma orda iştirak edənlərin dilindən eşitdiklərimə görə, həmin gün dəhşətli, insan əqlini çaşdıran, şoka salan bir izdiham var idi. Mən o şəkillərə çox baxmışam.
Amma təəssüf ki, azərbaycan xalqı, ondan sonra daha heç vaxt həmin günki kimi, bir-birinə yaxın, sıx olmadı. O sayda insanın bir yerə yığılması, bir-birilərinin ağrısını bölüşməsi xöşbəxtlikdir, hətta çiyinlərindəki şəhid cənazələri olsa belə…
Yazımın əvvəlində, hisslərə qapılıb yazdığım pafoslu epitetlərə, patetik sözlərə görə məni bağışlayın. Onsuz da gündəlik həyatımızda bununla bolluca qarşılaşırıq. Heç olmasa bu gün öz vicdanımızla səmimi olaq. Bu səbəbdən, indi siz deyin, şəhidlik bahasına qazanılmış azadlığı, dövləti, bizlər doğrulda bildikmi? Əgər arxaya, ötən illərə nəzər yetirsək, vicdanla, təmiz qəlblə “biz düz yoldayıq”, “qan bahasına qazanılmış azad, firvan dövlət qurduq”, “bizə qoyduğunuz azadlığı yaşatdıq” sözlərin deyə bilərikmi? Bilmirəm, mənim üçün bu sözlər çox ağır gəlir.
Xristianlar öləni torpağa tapşırarkən, rəhmətə gedənin qəbirinə yaxınları, dostları, qohumları hərə bir əşya qoyur.
Sanki 20 yanvar günü bizim çoxumuz şəhidlərin basdırarkən özümüzdən bir parça qopardıb, onların qəbrinə qoyub, üstünü qumla örtmüşük. Kimsə şəhid cənazəsi ilə birlikdə vicdanını, kimsə şərəfini, kimsə insanlığını, kimsə mərdliyini, bir başqası ləyaqətini, düzgünlüyünü, simasını, ideallarını, sevgisini basdırıb düşüb aşağı, Bakıya. Daxili boşluqnan, ölmüş kimi yaşamağa. Belə daha asandır, daha rahatdır.
Pol Eldridj yazıb ki, məzar daşları üzərində epitafiyaları oxuyarkan, düşünürəm ki, ölüləri dirildib, diriləri basdırsaq dünyanı xilas etmək olar.
P/S: Çox istərdim ki, “Əli və Nino” əvəzinə “İlham və Fərizə” filmi çəkilsin. İkinci cütlüyün həyatı daha real, faciyəvi və dəhşətlidir. Əminəm ki, dünya kinosuun lərzəyə salacaq, titrədəcək bir film olardı. Sözsüz ki, filmə, “Əli və Nino”-ya xərclənən pullar xərclənsəydi. Amma, kimdi mənə qulaq asan…
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…