”Biz MTN-i milləti talayan nazirlik adlandırırdıq”

Zərərçəkən: “Çıxışım Elşad Abdullayev tərəfindən videoya çəkilib”

Source:
Milli Təhlükəsizlik Nazirliyi, (arxiv foto)


Zərərçəkən: “Çıxışım Elşad Abdullayev tərəfindən videoya çəkilib”

Fevralın 9-da Bakı Hərbi Məhkəməsində bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun növbəti məhkəmə iclası keçirilib. V.Ələkbərov sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunur.

Xəstəlik haqqında rəy

Meydan TV-nin məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi iclasda iş adamı Hüseyn Səfərova qarşı edilən qanun pozuntuları ilə bağlı şahidlər dindirilib. Şahid qismində ifadə verən Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Elmi Təcrübə Tədrisi Birliyinin ekspertiza şöbəsinin rəisi Ziyafəddin Məmmədov Hüseyn Səfərovu 2008-ci ildə MTN-nin istintaq təcridxanasında saxlanıldığı zaman müayinə etdiyini, xəstə olması ilə bağlı ekspert rəyi verdiyini deyib.

Məhkəmə tibb eksperti Rafiq Nuriyev də iclasda şahid kimi dindirilib. O bildirib ki, Hüseyn Səfərovun xəstə olması, onun həbsdə saxlanılmasının mümkün olmaması barədə rəy verib.

MTN əməkdaşları 2 milyon dollar aldılar

Daha sonra şahid qismində H.Səfərovun qudası Nizaməddin Məmmədov ifadə verib. O, 2008-ci ildə Hüseyn Səfərovun həbsdən azad edilməsi üçün pul yığıldığını deyib:

“Mən də 150 min manat vermişəm. Bugünə kimi də pulumu qaytarmağa Hüseynin imkanı olmayıb. O, mənə borclu qalıb”.

İclasda şahid qismində “Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədov da ifadə verib. O bildirib ki, Hüseyn Səfərovla yaxın münasibəti var:

“Hüseyn müəllim mənimlə söhbətində dedi ki, o, həbsdə olan zaman MTN əməkdaşları Mövlam Şıxəliyev və Vüsal Ələkbərov onun oğlundan 2 milyon dollar alıblar. Mən də bunları qəzetdə yazdım”.

Asif Məmmədov bildirib ki, qəzetdə yazılanlara görə, Mövlam Şıxəliyev onu hədələyib: “Mövlam Şıxəliyev və onun adamları bizim redaksiyaya müraciət ediblər. Hətta Mövlam Şıxəliyev tərəfindən redaksiyamıza şantaj xarakterli mesaj da gəlib. Mesajın hədə-qorxu hissəsini çıxmaq şərti ilə qalan hissəni qəzetdə dərc etmişik. Mövlam Şıxəliyev mesajında Hüseyn Səfərovun yalan danışdığını deyib. Hiss edirdim ki, Mövlam Şıxəliyevin mesajında qorxu hissi var”.

Bu zaman çıxış edən Hüseyn Səfərov bildirib ki, 2010-cu ildə Elşad Abdullayev tərəfindən videoya çəkilib: “Həmin video internetdə var. O vaxtı bildirmişəm ki, mənim 2 milyon dollarımı Mövlam Şıxəliyev Vüsal Ələkbərovun əli ilə alıb”.

Tez-tez Vüsalın adını çəkirdi

Daha sonra zərərçəkmiş şəxs qismində tanınan iş adamı Elşən Mədətova qarşı edilən qanunsuzluqlarla bağlı şahidlər dindirilib.

İlk olaraq şahid qismində Elşən Mədətovun tələbə yoldaşı Qaçay Əzizov ifadə verib. O bildirib ki, 2008-ci ildə Elşən Mədətovun MTN tərəfindən sıxışdırılması, ondan külli miqdarda pul tələb edilməsini eşidib:

“Bütün bunları mənə Elşənin özü deyib. Ona maddi cəhətdən köməklik etməyimi də istədi. Mən də özümdə olan 45 min manatı, tanışım İlkindən aldığım 20 min manatı da götürərək, ona verdim. Sonradan eşitdim ki, Elşən həmin pulu həbs edilməməsi üçün MTN-nin vəzifəli şəxslərinə verib”.

Daha sonra Elşən Mədətovun sürücüsü Zahid Əliyev ifadə verib. O bildirib ki, 2008-ci ilin axırlarında Elşən Mədətovu bir neçə dəfə MTN-ə aparıb:

“Oradan çıxanda hiss edirdim ki, Elşən müəllimin qanı qaradı. Maşında olanda harasa zəng edirdi, nəsə danışırdı. Onun danışıqlarından hiss edirdim ki, MTN-də ondan pul tələb edirlər, tez-tez də MTN-nin Vüsal adlı əməkdaşının adını çəkirdi. Amma mən ondan heç nə soruşmamışam, o da mənə heç nə deməyib”.

Zahid Əliyev ifadəsində daha sonra qeyd edib ki, MTN əməkdaşı Vüsal Ələkbərova aparılan pullar onun maşınında olub. Onun sözlərinə görə, Elşən Mədətov bir dəfə pulu MTN-də verib, ikinci dəfə isə Yasamal rayonunda binaların arasında bir nəfərə verib:

“Yasamal rayonunda pulun kimə verilməsini gördüm. İstintaq zamanı tanınma ilə bağlı mənə təqdim olunan şəkillərdən həmin şəxsin MTN-nin şöbə rəisi olmuş Vüsal Ələkbərov olduğunu təsdiqlədim”.

MTN rəhbərliyinə ərizə yazdım, məndən əl çəkdi

Daha sonra şahid qismində ifadə verən Nəsrəddin Sultanov bildirib ki, Vüsal Ələkbərov ondan da həbs edilməməsi üçün 50 min manat tələb edib. Onun sözlərinə görə, Vüsal Ələkbərova pul verməyib:

“Vüsal Ələkbərov banka qızımın və yoldaşımın adına qoyduğum pulları haradan almağımı soruşurdu. Mən MTN-nin rəhbərliyinə ərizə ilə müraciət etdim. Bundan sonra məndən əl çəkdi”.

Nəsrəddin Sultanov daha sonra ifadəsində qeyd edib ki, Elşən Mədətov onun dayısı oğludur: “Elşənin həbs edilməməsi üçün Mövlam Şıxəliyev və Vüsal Ələkbərov 300 min dollar tələb edirdilər. Mən də özümdə olan 30 min manatı Elşənə verdim ki, pulun üstünə qoysun, onlara versin. Biz o vaxt MTN-ni milləti talayan nazirlik kimi adlandırırdıq”.

MTN ötən il ləğv edilib. Hazırda Bakı Hərbi Məhkəməsində həmin nazirliyin idarə rəisi , general Akif Çovdarov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Ana səhifəXəbərlər”Biz MTN-i milləti talayan nazirlik adlandırırdıq”