Fəhlələr: “Prezident səsimizi eşitsin!
Yanvarın 28-də “Bakıelektrostamp” zavodunun konfrans zalında Zülfuqarlı qardaşlarının zavodlarında çalışmış əmək kollektivlərinin 300-ə yaxın üzvü, zavod rəhbərliklərinin iştirakı ilə mətbuat konfransi keçiriblər.
Kollektiv üzvləri zavodların qanuni sahiblərinə qaytarılmasını və iş yerlərinin açılmasını tələb edirlər.
Tədbirdə zavodunun icraçı direktoru Ramiz Əhmədov çıxış edərək bildirib ki, mətbuat konfransı keçirməyə məcburdurlar: “Çünki bizim, kollektiv üzvlərinin cənab prezidentə müraciətlərimizi əngəlləyirlər, süni baryerlər düzəldirlər. Əminik ki, İlham Əliyevə mətbuat vasitəsi ilə müraciət edəndən sonra bizim zavodlar açılacaq. Möhtərəm prezident, siz 2016-cı ili dərin islahatlar ili adlandırdınız. İnanırıq ki, bizim zavodlar sahiblərinə qaytarılacaq və bizim kollektivlər də nəhayət ki, yenidən işlə təmin olunacaqlar. Biz kollektivlərimiz adından cənab prezidentə müraciət edirik ki, bizim zavodların sahiblərinə qaytarılması, yaradılan əngələrin aradan qalxmasına göstəriş versin. Ümidimiz cənab prezidentədir”.
R.Əhmədov deyib ki, Zülfüqarlı qardaşları dağılmış, istehsal gücü sıfıra bərabər zavodları aldıqdan sonra müasir tələblərə cavab verən məhsullar istehsal edən müəssisələrə çeviriblər: “Sahibkarlar Nurəddin və Loğman Zülfüqarlı qardaşları 2002-ci ildə Heydər Əliyevin iş adamlarına çağırışı ilə Rusiyada qurduqları biznes fəaliyyətlərini yarımçıq buraxaraq Azərbaycana geri dönüblər. 2002-ci ilin mayında mərhum Heydər Əliyevin məsləhəti və göstərişi ilə o zaman ölkəmizdə fəaliyyətini tam dayandıran, bizim hazırda olduğumuz “Bakı Elektroştamp” zavodunu özəlləşdirərək, “Bakı Elektroştaınp” ASC-ni yaratdılar. Müəssisədə 400-ə qədər yeni iş yerləri açıldı. Müəssisə sahibkarlar tərəfindən özəlləşdirildiyi gündən fəaliyyəti zorla dayandırıldığı günədək Zülfüqarlı qardaşları “Bakı Elektroştamp”ASC-yə 25 milyon manat civarında sərmayə yatırıblar.
Bundan sonra Zülfüqarlı qardaşları 2003-cü ilin iyununda yenə də, mərhum prezidentin məsləhəti və göstərişi ilə fəaliyyətini tamamilə dayandırmış “Bakı Poladtökmə” zavodunu özəlləşdirərək, “Bakı Poladtökmə” ASC-ni yaratdılar. Həmin müəssisəyə də 40 milyon manata yaxın investisiya yatıraraq orada beynəlxalq standartlara cavab verən, ixracyönümlü məhsullar istehsal etmək iqtidarında olan, aylıq istehsal həcmi 8-10 min tona çatan müasir formada yeni metallurgiya müəssisəsi yaratdılar. Müəssisəyə yatırılan investisiyanın çox hissəsi iri kreditlər hesabına əldə edilib. Həmin müəssisədə 800-dək insan işlə təmin edildi. Hər iki müəssisənin istehsal etdiyi məhsullar daxili istehlakçıların təlabatını ödəməklə yanaşı xarici bazarlara da uğurla ixrac olunurdu ki, bunun da nəticəsində ölkəmizə külli miqdarda xarici valyuta daxil olurdu. Qısa vaxtda Rusiya, İran, Çin, Hindistan, Ukrayna, Türkiyə kimi dövlətlərin iri şirkətləri ilə çoxşaxəli biznes əlaqələri quruldu”.
R.Əhmədov bildirdi ki, zavodlar zor gücünə Zülfüqarlı qardaşlarından alınandan sonra 1750 nəfər işsiz qalıb, tam rentabelli zavodlarda quraşdırlan istehsal sahələri dağıdılıb, 45 min ton metal ehtiyyatları talanıb.
R.Əhmədov deyir ki, zavodların talanmasına “Baku Steel Company”nin sahibi Rasim Məmmədov rəhbərlik edib. Zavodlar Gəray Məmmədov adlı çobanın adına rəsmiləşdirilib. Məsələnin üstü açılandan sonra isə zavodlar Kərəm Həsənovun birinci müavini Rüstəm Şahbazovun sürücüsünün adına rəsmiləşdirilib.
“Bakıpoladtökmə” zavodunun kadrlar şöbəsinin rəisi Fazil Hüseynov deyib ki, zavodun bünövrəsinin qoyulmasından son zəbt olunduğu günlərə qədər orada işləyib: “20 yaşında ora işə gəlmişdim və işləyirdim. Yaşlı vaxtımda haradansa bir Rasim Məmmədov peyda oldu, gəlib mənimlə bərabər zavodun kollektivini çölə atdırdı. Sual verirəm; Rasim Məmmədov kimdir? Nə qara yaradır ki, düşüb Azərbaycan iqtisadiyyatının canına? Bu qədər insanın işsiz qoyulması kimə lazımdır? Loğman Zülfüqarlını ölkədən didərgin saldılar. Zavodların da işini iflic etdilər. Bizim çörəyimizi kəsdilər. Biz bu zavodlarda işləməklə ailələrimizi dolandırırdıq. Loğman Zülfüqarlı fərasətli adamdır, iş görmək qabiliyyəti olan biznesmendir. Onu burdan qovdular, gedib haradasa özünə iş quracaq. Bəs bu zavodlardakı insanlar nə etsin? Loğman Zülfüqarlı bu zavodu alanda burada istehsal gücü sıfır idi. Qısa müddətdə istahsal gücünü ayda 8-10 min tona çatdrdı. Bu adam menecerdir. Bu gün o, olkədən didərgin salınıb, biz isə ailələrimizə birgə çox çətin duruma düşmüşük.
Gələcəyimiz iş yerimizdən asılıdır. Rasim Məmmədov kimdir axı? O adam “Bakı Poladtökmə”də daşı daş üstə qoyubmu? “Baku Stell”də də həmçinin. O adam ancaq söküb dağıtmaqla məşğuldur”.
Tədbirdə iştirak edən fəhlə qadın isə deyir ki, bu gün Azərbaycan iqtisadi baxımdan çox pis durumla üz-üzədir: “Buradakı insanların yarıdan çoxu dilənçi durumundadır. Axı biz düşmən deyilik. Niyə bizə qarşı belə edirlər? Qoysunlar işimizi işləyək. Bu yaşda hara gedək? Metallurgiya sənayenin bel sütunudur. Əgər metallurgiya varsa, deməli, dövlətin sənayesi, iqtisadiyyatı yaxşı inkişaf edir. Bu zavodlarda çalışmış kadrlar çox yaxşı kadrlardır. Bu adamların peşə bilikləri gənc nəslə ötürülməlidir ki, ağır metallurgiya sənayesinin gələcəyi olsun. Tələbimiz odur ki, zavodlarımızı sahiblərinə qaytarsınlar. Biz Zülfüqarlıların iş bacarağına, kollektivə qarşı canyanalığına bələdik. Qaytarın zavodları sahiblərinə. Ölkə prezidentinə qarşı getməyin! Biz iş istəyirik”.
Kollektiv üzvü Vaqif Musayev deyir ki, “Bakıelektroştamp”a 2002-ci ildə gəlib: “2003-cü ildə “Bakı Poladtökmə” alınanda getmişəm. Həmin illərdə zavodlar tamam iflas həddində idi. Bu gün də həmin vəziyyətdir, zavodları tamamilə darmadağın ediblər. Bu zavodları Loğman Zülfüqarlı ayağa qaldırdı. Deyirlər ki, bu zavodda 800 nəfər işləyir. Əslində isə buradan 800 ailəni dolandığını demək lazımdır. Hərənin evində 5 nəfər ailə üvzü buradan dolanırdı. 4 min nəfər təkcə bu zavoddan, 700 ailə o biri zavoddan, 250 ailə isə digərindən dolanırdı. Üstəlik köməkçi sexlər də vardı. Üst-üstə 10 min nəfər Zülfüqarlı qardaşlarının zavodlarından dolanırdı. Biz niyə bu günə qaldıq? Mən bu gün bura gəlməyə yolpulu tapa bilmirdim. Borcun içində batırıq. Banklar bir tərəfdən bizdən borcları istəyir. Mən ailə başçısıyam, uşaqlar yemək istəyir. Mən evimi dolandıra bilmirəm. Bizim maaşımız şənbə-bazara düşəndə deyirdik ki, 1 günü necə yol verək? Zavodu sahibkara qaytarın. Bizim dediyimizi prezidentə çatdırın. Bura çox az adam toplaşıb. İlham Əliyev, bizim səsimizə səs verin. Ailəmizi dolandırmaq istəyirik. Biz işləmək istəyirik. Biz prezidentimizə inanırıq. Sahibkarı qaytarın, zavodu işlətsin, bizə çörək versin!”
Nailə Həsənqulu qızı zavodlar zəbt olunana qədər kimyaçı-mühəndis vəzifəsində çalışıb: “Sahibkarı çıxardılar. Bizə dedilər ki, öz hesabınıza işdən azad olma haqda ərizə yaz. Yazdıq. Amma bizə son haqq-hesabı vermədilər. 10-12 nəfər 2014-cü ildə məhkəməyə müraciət etmişik. Bu günə qədər haralara müraciət etməmişik? Əmək Müfəttişliyi, Prezident Administrasiyası, Ombudsman Aparatı… Cavab yazırlar ki, haqq-hesabınız verilməlidir. Zavoda müraciət edirəm ki, sənədləri alım, yazır ki, sənədləri “krısa” yeyib. Sonra da məhkəməyə mənim yardım almağımla bağlı sənəd təqdim edirlər. Əgər sənədləri “krısa” yeyibsə, həmin yardım haqda sənədi məhkəməyə haradan alıb təqdim ediblər? Mən zavoda 70-ci ildə 17 yaşımda gəlmişəm. Oradan Bakı Dövlət Universitetinə daxil olmuşam. Ailə qurmuşam. Burada Rasim Məmmədovun maşınları nümayiş olundu. Mənim 4 min manat pulumu vermirlər, deməli, dilənçidirlər, fəhləyə pul vermək olmaz? Rasim Məmmədov zavodları sahibindən alıb bu bir tərəfə, üstəlik biz işçilərin pulunu da vermir. Fəhlə ilə də kəllə-kəlləyə gəlirlər. Bu adamların devizləri “tapdalayım keçim”dir. Mən zəhmət haqqımı istəyirəm. Loğman Zülfüqarlını mənim gözümün qabağında buradan yola saldılar. Ona imkan vermədilər ki, kabinetindən şəxsi əşyalarını götürsün. Pencəyini götürüb çıxdı”.
Keşlə qəsəbəsindəki zavoda basqın zamanı xəsarət alan işçi Zahid Hüseynov deyir ki, Rasim Məmmədovun quldurluğuna son qoyulmalıdır.
Qarabağ müharibəsi iştirakçısı, fəhlə Natiq Qasımov iş yerlərinin qaytarılmasını istəyir: “10 qardaşıq. Hamımız döyüşmüşük. 1 anamız var. O xəstədir. İşsiz-gücsüzük. Anam deyir ki, məni də apar sözümü prezidentə deyim. Bizi Rasimin quldur dəstəsi işsiz qoyub. Onu axtarıram ki, özümü maşının altına atım. Başqa yolum qalmayıb. Bizim zavodu qaytarın”.
Səhmdar Zahir Beydullayev deyir ki, zavoda gələndə özü də durumdan qorxuya düşüb: “İndi zavoda baxıram, elə bil ki, bura bomba düşüb. Bu adamı durdurun. Kimdir Rasim Məmmədov? O ölkənin iqtisadiyyatını niyə dağıtmalıdır? Bu adam dövlətə qarşı, ölkəyə qarşı iqtisadi sobatajla məşğulıdur. Bu qədər adamı işsiz qoymaq nə deməkdir? Biz dividend ala bilmirik”.
Qaçqın olduğunu bildirən fəhlə də prezidentdən kömək istəyib: “Bizə qarşı törədilənlər dövlətə qarşı cinayətdir. Mən qaçqın balalarını saxlayıram. Bütün günü prezidentə qulaq asıram. Biz monopoliyanın, inhisarçılığın qurbanıyıq. Səttar Mehbalıyev bura niyə nümayəndə göndərmir? O, biz fəhlələri müdafiə etməlidir, canavarları, xalqa qarşı quldurluq edənləri yox. Rasim Məmmədov dəyəri 200 manat olan siqaret çəkir. Bizlər 200 manata yarım ay işləyirik. Bu adamlar harındırlar. Bunu prezidentə çatdırmaq lazımdır. Mən öhdəmdəki 11 qaçqın uşaqla prezidentə müraciət edirəm. Bizə iş yerimizi qaytarın”.
1984-cü ildən zavodda işləyən Tamilla Quliyeva deyir ki, Zülfüqarlılar tamamilə dağımış müəssisəni ayağa qaldırıblar: “Pulsuz yemək, isti geyim, bayramlarda bizə ərzaq verdilər. Zavodun kollektivə olan bütün köhnə borclarını verdilər. Bizim kollektivdə elə fəhlələr var ki, mühəndislərdən savadlıdırlar. Rasim Məmmədov qanqsterdir, nədir? İlham Əliyevə müraciət edirik, bizim kollektivləri bu quldurların əlindən qurtarın. Zavodu xarabaya çeviriblər”.
Tədbirin sonunda Ramiz Əhmədov bildirib ki, baş verən qanunsuzluqlar və üzləşdikləri haqsızlıqlarla bağlı dövlət qurumlarına yolladıqları müraciətlər İqtisdiyyat Nazirliyinə yönləndirilir: “Oradan da deyirlər ki, məhkəməyə müraciət edin. Halbuki müraciətlərimizə məhkəmə qətnamələrini, qərarlarını da əlavə etmişik. Yəni ölkə daxilində məhkəmələrimiz olub. Görün Rasim Məmmədov nə qədər təsirə malikdir ki, o boyda İqtisadiyat Nazirliyi bizə gülünc cavab verir. Axı bu gedişlə qeyri-neft sektoru ayağa necə qalxacaq? Zülfüqarlı qardaşlarının mövqeyi belədir ki, məsələ ölkə daxilində həll edilməlidir”.
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646