Mənbə: Arxiv

“Biz ətəyin uzunluğunun hayında deyilik“

“Dress-kod” Dağıstanda turist mövsümünü poza bilər

Bir çox rusiyalı koronavirus pandemiyası səbəbindən xarici ölkələrə səyahət edə bilmir, odur ki, onlar vətənlərindəki kurortlara üz tuturlar. Bəzilərinə Rusiyanın tərkibində, Şimali Qafqazda yerləşən Dağıstan maraqlı gəlib. Rusiya turist şirkətlərinə inansaq, burda dağ və balneoloji kurortlar, həmçinin Xəzər dənizinin sahillərində çimərliklər var. Lakin Dağıstanın ruhani şəxsləri turist axını baş verməmiş qonaqları öncədən bu respublikada nə geyinəcəkləri və özlərini necə aparacaqları barədə xəbərdar ediblər.

Dağıstanda “mentaliteti nəzərə almaq” haqda ilk çağırışlar iyulun ortalarında peyda olub. Respublika müftiliyi çimərlik mövsümünün başlanğıcına uyğunlaşdırılmış bəyanat dərc edib. Müftiliyin sədri Şamil Alixanov bu bəyanatda yerli sakinlərin gəlmələrin nalayiq zahiri görünüşlərindən şikayətlərinə əsaslanıb.

“Kavkazski uzel”in sorğu apardığı turist sənayesinin nümayəndələri ruhanilərin çağırışını heyrətlə qarşılayıblar, belə ki gəlmələr yerli incəliklərə onsuz da anlayışla yanaşıblar. Çoxu müftiliyin bəyanatını turizm üçün təhlükəli adlandırıb.

“İndi-indi müştərilərimiz, o cümlədən gəlmələr meydana gəlib. Biz ətəyin uzunluğunun hayında deyilik, ailə üçün pul qazanmaq lazımdır. (...) Qoy müftilik öz sahəsində tövsiyələr versin, məni və mənim işçilərimi ki onlar yedizdirən deyil”, – restoranlardan birinin Aminat adlı müdiri “Kavkazski uzel”in müxbirinə söyləyib.

Turistlər də təxminən eyni fikirdədirlər. Onlardan biri söyləyib ki, onsuz da Dağıstanda ən yaxşısı şortda gəzməmək barədə xəbərdar edilib. “Amma əgər kimə nə geyinmək barədə ciddi şəkildə göstəriş verəcəklərsə, ora heç kim getməyəcək. Mən Türkiyədə, Tunisdə və digər müsəlman ölkələrində olmuşam, orda heç kəs dress-kod diktə etmir”, – özünü Mixail kimi təqdim edən turist söyləyib.

Müftiliyin bəyanatından turistlər üçün məhz hansı məhdudiyyətlər qoyula biləcəyi aydın deyil. Bəziləri qorxur ki, söhbət çimərlik paltarlarının qadağasından və suda adi paltarda çimmək təklifindən gedə bilər.

“Kavkazski uzel”in məlumatına görə, respublikada 127 mehmanxana, 51 turist bazası, 23 sanatoriya, 47 qonaq evi fəaliyyət göstərir. Koronavirus epidemiyasından özünə gəlməyən Dağıstanda rəsmi olaraq hələ də karantindir və mehmanxanaların fəaliyyəti qadağandır. Amma turistlər yenə də bura gəlirlər. Onlar ya mənzil kirayələyir, ya da qohumlarıgildə qalırlar. İyunun sonunda yerli media yazırdı ki, Dağıstanın paytaxtı Mahaçqala Rusiyanın ən məşhur on daxili istiqamətlərindən birinə çevrilib.

Dağıstanda “mənəviyyat mübarizləri” ilk dəfə deyil baş qaldırır – iki il əvvəl onların sayəsində bu respublikada konsertlər və festivallar baş tutmayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5tzyjg

Ən çox baxılan