Fəzail İbrahimli: ”Onsuz da siz nə deyirsiniz, biz də ”baş üstdə” deyirik”
“Biz bura niyə yığışmışıq? Hər şey belə hazır gəlib və qəbul olunursa, o zaman bizim burda nəsə deməyimizin heç bir mənası yoxdur. Biz deputatların dediyi onsuz da nəyi dəyişəcək ki? Kimdir bizim sözümüzə baxan?”
Bu sözləri Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik müzakirəsi zamanı deputat Fəzail İbrahimli səsləndirib. O, A.Rəhimzadənin müzakirə olunan məsələni tələsik təqdim etdiyini deyib. İclasda Azərbaycanda bələdiyyələrin yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları dövlət reyestrindən ödənişsiz əldə edə bilmələri ilə bağlı məsələ müzakirə edilib.
F.İbrahimlinin bu sözləri Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadənin etirazına səbəb olub. O, F.İbrahimlinin sözlərinə irad bildirib. “Biz bura “ştamp vurmağa” yığışmamışıq. Fikirlərimiz lazımdır və onun üçün yığışmışıq”.
Komitə sədrinin sözünü kəsən F. İbrahimli yenidən hazırkı vəziyyətdə onların çıxışının əhəmiyyətsiz olduğunu bildirib: “Onsuz da siz nə deyirsiniz, biz də “baş üstdə” deyirik”.
Komitə sədri isə deputatın replikasına narazılığını bildirərək, sözünü kəsib.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Layihəyə əsasən, qanunun 5.4-cü maddəsi dəyişdirilərək yeni redaksiyada verilir: “Bələdiyyələrə ödənilən fiziki şəxslərin torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədilə müvafiq bələdiyyənin təşkil edildiyi ərazi vahidləri hüdudlarında mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin ölçüləri və ünvanı, onların mülkiyyətçiləri olan fiziki şəxslər, habelə fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin ölçüləri və ünvanı barədə məlumatlar həmin bələdiyyə tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində ödənişsiz əldə edilir”.
Bundan başqa, maddənin 5.3-cü maddəsi ləğv olunur. Bu maddəyə görə, tikililər və onların hissələrinə görə fiziki şəxslərdən əmlak vergisi hesablamaq məqsədilə bələdiyyələr 3-5 ildə bir dəfədən çox olmamaq şərtilə, ərazilərində yerləşən müvafiq əmlakın vergiqoyma məqsədləri üçün qiymətləndirilməsi barədə qərar qəbul edirlər. Əmlakın qiymətləndirilməsi üzrə əməliyyatlar bələdiyyələrin vəsaiti hesabına maliyyələşdirilir. Bu dəyər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan qaydalar əsasında müəyyənləşdirilirdi.