İllüstrasiya

Mənbə: Meydan tv

Başlıq: İllüstrasiya

"Biz də insanıq sizin kimi, sadəcə, fərqimiz var"

"Biz də insanıq sizin kimi, sadəcə, fərqimiz var"

Bu ilin iyun ayında Bakıda evdə transgender qadın Aysu qətlə yetirilib.

«İyun ayının 18-də Aysu adlı transgender qadın küçədə seks işçiliyi ilə məşğul idi. Ona və daha bir neçə transgender qadına müştəri yaxınlaşıb, Aysunu görüb, ona böyük pul təklif edib və Aysunu özü ilə öz yaşadığı binaya aparıb. Kamera görüntülərinə görə, Aysu içəri daxil olur, sonra isə qaçmağa çalışır. Amma həmin naməlim şəxs Aysunun saçlarından tutaraq, içəri, otağa atır. Daha sonra məum olur ki, həmin gecə Aysu 11 bıçaq zərbəsi ilə qətlə yetirilib», - Aysunun dostu Seymur Nəzər danışır.

Bir gün sonra, iyunun 20-də daha bir transgender qadına maşında müştəri hücum edir və bıçaqla onun boğazından və çiynindən zərbələr endirir, amma o, özünü müdafiə edə bilir.

Mart ayından Azərbaycanda koronavirus səbəbindən sərt karantin rejimi elan olunub. İndi evdən ancaq 3 saat müddətinə və sms icazə ilə çıxmaq mümkündür. Ərzaq mağazalarından başqa bütün mağazalar bağlıdır, kafe və restoranlar, əyləncə obyektləri işləmir. Ölkədə çoxu işsiz qalıb.

Bu məhdudiyyətlər transgender insanlara daha çox təsir elədi. Halbuki onlara ILGA-Europe hüquq müdafiəsi qrupunun reytinqinə əsasən, Avropanın ən homofob və transofob ölkəsində yaşamaq onsuz da çətindir.

Bu reytinqi təşkil edərkən hüquq müdafiəçiləri hər bir ölkədə bir sıra göstəriciləri, o cümlədən – bərabərlik, ayrı-seçkiliyin olmaması, cinsin dəyişdirilməsinin hüquqi tanınması, nifrət zəminində törədilən cinayətlərlə mübarizə, ifadə azadlığı və başqa göstəriciləri öyrənirlər. Bütün bu göstəricilərə görə, Azərbaycan 2016-cı ildən Avropanın ən homofob ölkələrinin siyahısında axırıncı yeri tutur.

İllüstrasiya

İllüstrasiya

Mənbə: Meydan.TV

“Biz bədənimizi satmağa məcburuq” - 36 yaşlı transgender qadın Nəzrin (ad şərtidir)

36 yaşlı transgender qadın Nəzrin (ad şərtidir) hazırda 5 dostu ilə birlikdə mənzil kirayələyib.

«Mənziı ikiotaqlıdır. Burada altı nəfər yaşayırıq: dörd gey və transgender qadın olan rəfiqəmlə mən. 350 manata kirayələmişik», - Nəzrin danışır.

Nəzrin və rəfiqəsi seks işçiləridir.

“Azərbaycanda transgender fərdləri heç bir sahibkar iş yerinə götürmür. Və təəssüflər olsun ki, həmin transgender fərdlər seks işçiliyi fəaliyyəti ilə məşğul olmağa məcbur olur”, - Seymur Nəzər deyir.

«Bədənimizi pula satmağımızın səbəbi odur ki, bu gün bizim kirayədə qalmağa, yemək yeməyə pulumuz olmalıdır, kommunal xərclərinə pulumuz olmalıdır”, - Nəzrin izah edir. - “Hansı adam, hansı qurum, hansı dövlət mənə gətirib, pul verəcək ki, get, kirayə pulunu ver? Deyəcək, bu, sənin yemək pulun, bu, sənin dolanışıq, geyim, gəzmək pulun?».

«Aysunun və Aysunun simasında seks işçilərinin karantin müddətində çölə çıxması məcburiyyətdən irəli gələn bir şeydi. Yəni kimsə öz həyatını təhlükəyə atmaq istəməz. Onsuz da seks işçiləri polis tərəfindən təqib olunur», - Almaniyada yaşayan LGBT fərdlərinin hüquq müdafiəçisi Cavid Nəbiyev danışır.

Nəzrin artıq demək olar ki, Azərbaycanda başqa iş tapmayacağı ilə barışıb (“demək olar” ona görə ki, müsahibədən sonra çəkiliş qrupundan ehtiyatla - bəs transgender insanları jurnalist işinə götürürlərmi – sualını verir). Amma sərt karantin rejimi onu bu gəlir yerindən də məhrum edib. Aysunun qətlindən və karantin rejimini pozduğuna görə iki yüz manat cərimə olunacağından qorxub küçəyə çıxmır.

Aysunu və rəfiqələrini artıq bir neçə dəfə cərimələyiblər.

“Şəhərin hər yerində növbə çəkən polislərin əlindən heç hara çıxa bilmirsən. Düzdür, bizi saxlamırlar, amma cərimə yazırlar, onları da ödəməyə imkanımız yoxdur. Sonra da başlayırlar ki, ay nə bilim siz necə insansız, necə qadınsız, necə kişisiz, siz kimə lazımsız”, - Nəzrin danışır. İndi də telefonla işləməyə məcburdurlar.

Amma zənglər də son aylarda gəlmir.

«Pandemiya başlayandan sonra qorxdu insanlar, zənglər az gəldi, indi ümumiyyətlə zənglər gəlmir. Heç kəs gəlmir, deyirlər ki, xəstəlik var, ona görə qalmışıq belə», - Nəzrin şikayət edir.

İllüstrasiya

İllüstrasiya

Mənbə: Meydan.TV

“Qətl təhdidlərdən iki gün sonra törədilib”

Azərbaycanda transgender insanlar ailələrindən və qohumlarından heç bir kömək və dəstək uma bilmir.

«Tutaq ki, homoseksuallar gəlirin olmadığı, ev kirayələməyə, yemək almağa imkanın olmadığı bir vaxtda öz ailələrinin yanına müvəqqəti qayıda bilir və evdən qovulmayacaqlarından qorxmurlar, transgender insanlar isə bunu da edə bilmir. Onların evlərinə, ailələrinin yanına qayıtmaq kimi bir lüksları yoxdur», - Cavid Nəbiyev deyir.

Əksər transgender insanlardan ailələri imtina edib. Onların zahiri görünüşlərində baş verən dəyişikliklərdən xəbərləri yoxdur. Bir çox transgender azərbaycanlı həyat və sağlamlıqlarını qorumaq üçün evdən qaçır, özlərinin yerini və məşğul olduqları işi ailələrindən gizlətməyə çalışır.

Dostlarının fikrincə, Aysu da məhz bu səbəbdən qətlə yetirilib. İş orasındadır ki, bir neçə ay əvvəl azərbaycanlı bloger Ata Abdullayev yaydığı videoda Aysunun sifətini iri planda göstərib. Çəkiliş gecə, Bakının boş küçələrində Aysunun razılığı olmadan edilib.

“Aysu video yayılandan sonra özünün saç ustasına demişdi ki, videonu yenicə həbsxanadan çıxan dayısı görüb və indi onu axtarır”, - Seymur Nəzər danışır. Qətldən bir neçə gün əvvəl dayısı Aysunu tapır və onu ölümlə hədələyir.

Dostlarının fikrincə, qətlin qəsdən törədildiyini deməyə həm də o əsas verir ki, küçədə bir neçə transgender qadına yaxınlaşan adam “onların üzünə işıq vurur və Aysunu görəndən sonra ona böyük məbləğdə pul təklif edir”.

Faktla bağlı artıq “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb. Şübhəli şəxs qismində Kənan Abdurahmanov adlı şəxs saxlanılıb. Amma Seymurun sözlərinə görə, Aysunun dayısı istintaqa cəlb olunmayıb.

Transgender qadının cəsədi iki sutka “morq”da qalandan sonra dostları dəfn edib. Qohumları dəfndə iştirak etməyib.

İllüstrasiya

İllüstrasiya

Mənbə: Meydan.TV

““Hansı ailə məni bu cür qəbul edər?”” - Nəzrin

Nəzrin evinə qayıtmağa hazırlaşmır.

«Ata məni oğul kimi əkib, ana oğul kimi doğub, hansı ailə məni qəbul edər belə bir vəziyyətdə? Mən məcburam özüm-özümə baxmağa», - Nəzrin deyir.

Karantin rejimi Azərbaycanda artıq 4-cü aydır davam edir. Nəzrinin və dostlarının da borc yığmaqdan başqa əlacı yoxdur.

«Nə qədər borcum var. Borc götürmüşəm evlə bağlı, evin kirayəsini verə bilmirəm”, - Nəzrin şikayət edir. - “Ev yiyəsinə deyirəm ki, karantindi, dövlət başçısının qərarı var yarı məbləğini almaqla bağlı, deyir ki, mənə aidiyyatı yoxdur. Mən bu qiymətə saxlayıram, istəmirsən, get başqa yerdə qal».

Buna görə də 6 nəfər darısqal ikiotaqlı mənzildə yaşamağa məcbur olurlar. “Elə olur çörəyə, siqaretə də pulumuz çatmır”, - Nəzrin deyir. Amma problem təkcə evdə və yeməkdə deyil.

İllüstrasiya

İllüstrasiya

Mənbə: Meydan.TV

«Transgender şəxslərin həm də daimi hormon terapiyasına ehtiyacları var”, - Seymur izah edir. - “Təəssüf ki, karantin müddətində onlar öz hormon xərclərini qarşılaya bilmirlər. Ona görə də əziyyət çəkirlər. Bir neçə dəfə icma arasında bir-iki transgender fərdin hormon terapiyası üçün lazımi məbləğ yığıldı. Amma təbii, bu, hər kəsə bəs etmir».

Nəzrinin sözlərinə görə, birlikdə yaşadığı rəfiqəsi dolanışıq ucbatından evə qayıtmaq qərarını verib.

«Bir trans dostum da belə yaşayışla, belə gedişatla öz sinəsini çıxarıb, evinə dönməyə hazırdı, iki-üç günə o da evinə dönür, əməliyyata girməlidir», - Nəzrin danışır.

Rəfiqəsi kənddə yaşayır. Yaxınları onun transgender qadın olduğundan xəbərsizdirlər.

İllüstrasiya

İllüstrasiya

Mənbə: Meydan.TV

“LGBT insanlara heç kim kömək etmək istəmir”

Karantin rejimi başlayandan Azərbaycanda çoxunun işsiz və gəlirsiz qaldığı bir vaxtda ictimai fəallar ehtiyacı olanlara pul və ərzaq yardımı yığmaq üçün xeyriyyə kampaniyaları təşkil etməyə başladılar. Kampaniyalara ölkədə və ölkənin hüdudlarından kənarda minlərlə insan qoşuldu. Amma burada da LGBT fərdi olanlara kömək edən tapılmadı.

«Bir kampaniya ilə bağlı qarşılaşdığımız bir faktı deyim. Heç kəs LGBTİ hərflərinin olduğu bir kampaniyaya maliyyə yardımı etməyəcək”, - Cavid Nabiyev danışır. - “Həmin kampaniların təşkilatçıları da istəmədilər ki, LGBTİ adı ora daxil olsun, çünki qorxdular ki, maddi yardım etmək istəyənlər buna görə kənarlaşa bilərlər».

Nəzrin bu 4 ay ərzində aldığı kiçik dəstəyə görə də minnətdardır. Hələ karantin başlayanda ona adını xatırlamadığı bir təşkilatdan zəng edib maliyyə yardımı ediblər. Dostlarından biri də sosial şəbəkələrdə onun bank hesabı məlumatlarını paylaşıb, ora da arabir kiçik məbləğdə pul köçürənlər olur.

«Kimsə bizə əl tutmaqla, kimsə bizə yaxşılıq etməklə bu karantin günündə, bu çətinliklərdən çıxmaq üçün heç də qınaq iş görmür, hətta savab iş görür. Biz də insanıq sizin kimi. Fərqliyik, sadəcə, fərqimiz var», - Nəzrin deyir.

“Mediaşəbəkə”nin dəstəyi ilə

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5ysr7w

Ən çox baxılan