”Biz cümhuriyyətdən, demokratiyadan yanayıq” (yenilənib)

Azərbaycanlı siyasilər Türkiyədəki hadisələrə münasibət bildirdi

Source:
Əli Kərimli və Cəmil Həsənli
Əli Kərimli və Cəmil Həsənli


Azərbaycanlı siyasilər Türkiyədəki hadisələrə münasibət bildirdi

Türkiyədə baş verən hərbi çevriliş cəhdinə Azərbaycan müxalifətçiləri münasibət bildiriblər.

Milli Şuranın sədri Cəmil Həsənli bu barədə Facebook səhifəsində qeyd paylaşıb:

“Türk xalqı öz iradəsini ortaya qoydu. Hərbi çevriliş cəhdinin qarşısı alındı. Türkiyə böyük bir bəladan qurtuldu”.

AXCP sədri Əli Kərimli də olayla bağlı 2 qeyd paylaşıb.

Ə.Kərimli Facebook səhifəsindən hadisəyə ilk münasibətini çevriliş cəhdi başlayandan az sonra yayıb. AXCP lideri Azərbaycan vətəndaşlarını Ərdoğan hökumətinə münasibətdən asılı olmayaraq hərbi çevriliş cəhdinə qarşı çıxmağa səsləyib:

“Əziz həmvətənlər, xeylinizin qardaş Türkiyədəki AKP idarəetməsinə tənqidi yanaşdığını bilirəm. Amma bizim Türkiyədə baş verənlərə münasibətimiz şəxsi emosiyalarla diqtə edilməli deyil. Biz demokrat olaraq, xüsusilə də indiki müasir dövrdə ordunun hakimiyyəti ələ almaq istəyini təqdir etmirik. Biz cümhuriyyətdən, demokratiyadan yanayıq. Biz qardaş olaraq Türk millətinin iradəsinə hörmət edirik. Rəcəb Tayyib Ərdoğan seçki yolu ilə hakimiyyətə gəlib və kimin istəyib-istəmədiyindən asılı olmayaraq hakimiyyətdən də bir gün yalnız millətin seçkidə ifadə olunan iradəsilə gedəcək. Qardaşlarımızı vətəndaş müharibəsindən çəkinməyə çağırıram. Vətəndaş müharibəsi Türkiyə üçün ən pis seçim olar. Dualarımız Türkiyə ilədir!”

Bu gün səhər saatlarında yaydığı ikinci qeydində də Ə.Kərimli Türkiyədə çevriliş cəhdinin baş tutmamasını qardaş ölkənin qələbəsi kimi qiymətləndirib:

“Türkiyə qalib gəldi! Xalqın ən böyük güc olduğu növbəti dəfə sübut olundu. Demokratiyasına sahib çıxan əliyalın, mübariz xalq Türkiyə bayraqları ilə tankların üstünə çıxdı, azad mətbuatın, yetkin, oturuşmuş siyasi partiyaların, konstitusiyaya sadiq qalan dövlət qurumlarının da gücü ilə dövlət çevrilişinə cəhdin qarşısını ala bildi. Türkiyə hakimiyyəti qərarlı və tədbirli davrandı, dövlət qurumları və xalqı, iqtidarı və müxalifətilə bu demokratiya sınağından da uğurla çıxdı. Hazırda yenidən qalib olan Türkiyə iqtidarı da vacib mesaj aldı. Ən çətin məqamda dövlətinə sahib çıxan azad mətbuatı, azad interneti, siyasi müxalifəti, demokratik təsisatları sıxışdırmaq olmaz. Ən çətin sınaq məqamında həmin demokratik təsisatlar xalqın, demokratiyanın, iqtidarın yanında oldu. Türkiyənin daha da demokratikləşməsi, güclənməsi və dünyadakı nüfuzunu daha da artırması arzusu ilə. HaydıTürkiyə!”.

Arif Hacılı

Müsavat başqanı Arif Hacılı Facebook səhifəsində bildirib ki, son zamanlar dünyanın hər yerindən sarsıntılı xəbərlər alırlar: “Fransada terror qurbanlarının sayı hələ tam müəyyənləşməmiş, Atatürk Hava Alanında həlak olanların 40 mərasimi olmamış, indi də Türkiyədə qanlı hadisələr baş verir.

Hədəflərinin nə olmasından asılı olmayaraq 78 milyon əhalisi, türk və islam dünyasının ən sivil dövləti olaraq diqqət mərkəzində olan Türkiyənin, İstanbulun, Ankaranın silahlı qarşıdurma vəziyyətinə gətirilməsi, günahsız adamların həlak olmasına, ölkənin çıxarlarına ciddi zərbə vuran toqquşmalara səbəb olan hərəkətlər pislənməli, zorakılqla hakimiyyət dəyişikliyinin yolverizməliyi prinsipi birmənalı dəstəklənməlidir.

Türk xalqının dəyanətinə inanıram. Əminəm ki, Türkiyə xalqı bu sarsıntılardan çıxmağa, ölkədə demokratik, dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”.

ReAL sədrinin müavini Natiq Cəfərli Facebook səhifəsində Türkiyə olaylarını belə qiymətləndirib:

Azərbaycan üçün. 1) Sosial şəbəkələrdə gedən müzakirələr onu göstərdi ki, ölkənin “liberalında” da, “demokratında” da düşüncə və dəyərlər problemi var. Bir çoxlarının gözünü “Ərdoğan nifrəti” o qədər tutub ki, hərbi çevriliş cəhdinə belə haqq qazandırır, bu girişimi dəstəkləyirdilər. Faciədir, dəyərləri, prinsipləri olmayan insan nə “liberal”, nə də “demokrat” ola bilməz. Hərbi çevriliş cəhdi, seçilmişlərin silah gücünə hakimiyyətdən endirilməsi cəhdi pisdir, qəbul edilməzdir, bunun “amması” yoxdur, ola da bilməz. Ən pis sivil, seçilmiş hökumət belə, ən yaxşı hərbi diktaturadan öndədir, daha yaxşıdır, 2) Bizim insanlar “Allahu Əkbər” qışqıranlara qarşı ciddi qıcıq olublar, amma nə Türkiyə Cümhuriyyətinin himnini bilirlər, nə də tarixini: Bu gücə “Allahu Əkbər” qışqıranların babaları Çanaqqalada Ulu Atatürkün başçılığı ilə “Allahu Əkbər” qışqıraraq düşmən üstünə gedib, Cümhuriyyət qurdular. Yəni, bir çox hallarda din Türkiyədə həm də adət-ənənədir, bunu gözardı etmək olmaz, mümkün də deyil. Bu anlamda bizdə 100-150 il öncə 3 Mirzənin (70 il sovetlərin də) etdikləri çox vacibdir, onlara çox şey borcluyuq, 3) Bizim insanlar “Türkiyədə demokratiya yoxdur”, deyirlər. Təbii ki, Türkiyədə demokratiyanın bütün atributları yoxdur, amma Türkiyədə olan media, seçki, sərbəst toplaşmaq hüquq və azadlıqlarının, çox demirəm, cəmi 10%-i bizdə olsa, REAL bir neçə aya seçki yolu ilə təkbaşına iqtidar olar. Deməli, Türkiyədi ciddi “Ərdoğan” problemi ilə yanaşı, ciddi “müxalifət” problemi də var və “Türkiyədə demokratiya yoxdur”, demək yanlışdır.

Natiq Cəfərli

Türkiyə üçün. 1) Bir çox insanlar bu cəhddə “şou”, “Erdoğanın işi” qiymətini verirlər. Absurddur, tutaq ki, bunu Ərdoğan planlayıb, həyata keçirən insanlar bu qədər axmaqdırlar? Artıq 104 əsgər, 60-dan çox polis, 50-ə yaxın sivil həyatını itirib, 1500-dən çox həbs olunan var ki, aralarında generallar da var – belə də şou olar? Həbs olunanlar ən ağır cəza alacaqlarsa, niyə Ərdoğanın şousunda iştirak etsinlər ki?! 2) AKP hökumətinin ən böyük günahı odur ki, illərdir “camaatla” qol-boyun olub, onların dəstəyi və köməyi ilə hakimiyyətlərini möhkəmlətdilər, onlara da dövlətin müxtəlif qurumlarında ciddi şəbəkələşməyə imkan yaratdılar, onların böyük biznes imperiyası qurmasına şərati yaratdılar. Bu haqda danışanları, həyacan təbili çalanları, “İmamın ordusu” kitabını yazanları həbs etdilər, bu gün isə özləri yaratdıqları “canavarın” əlində qalıblar. Bu Ərdoğan və komandasının bağışlanılmaz səhvidir, 3) Ədroğan və AKP hökumətinin növbəti böyük səhvi dini istismar etmək, “dünyəvilik” prinsipini pozmaqdır, bu Türkiyə üçün böyük təhlükədir, 4) Ərdoğan və komandası bu gecə vətəndaşlardan, müxalif siyasi partiyalardan, sivil toplumdan böyük bir “kredit” aldı, ağlı başında olan hökumət bu “krediti” doğru istifadə edər, Türkiyəni ortadan iki yerə bölən düşüncə, ritorika və təkliflərdən əl çəkər (başqanlıq sistemi kimi, məsələn). Yox əgər AKP komandası bunu tək ÖZ qələbəsi kimi anlayıb, qavrayıb, xalqa da belə sırımaq istəsə, Türkiyəni dərin böhran gözləyir. Ümid edirəm ki, bu “krediti” AKP komandası və Ərdoğan düzgün qiymətləndirəcək və öz avroritar, bəzən savadsız, bəzən din istismarçısı tutumundan əl çəkəcəklər, 5) İnanmaq istəyirəm ki, son hadisələr bütün Türkiyə siyasilərini və vətəndaşlarını ayıldacaq, baş verənlər Türkiyəmizin daha da güclənməsinə, böyüməsinə xidmət edəcək. Allah Türkiyəni və Türkiyə xalqını qorusun!

Ana səhifəXəbərlər”Biz cümhuriyyətdən, demokratiyadan yanayıq” (yenilənib)