Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş ediləcək

Source: prezident.az

İlham Əliyev yeni Fərman imzaladı

1997-ci ilin avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda sağlamlığını itirmiş şəxslərə birdəfəlik ödəniş ediləcək.

Dekabrın 23-də Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. 

Bildirilir ki, bu fərman həmin şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə verilib.

Fərmana əsasən, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəniş ediləcək:

– I dərəcə əlilliyə görə – 8 800 manat;
– II dərəcə əlilliyə görə – 6 600 manat;
–  III dərəcə əlilliyə görə – 4 400 manat;

Həmçinin göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə – vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq da nəzərdə tutulan məbləğ ödəniləcək.
Ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.

Sənəddə o da qeyd olunur ki, bu qayda müəyyən edilmiş məbləğlərdə sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilmir.

Fərmana əsasən birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılır. Komissiyanın sədri əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsi üçün 2021-ci il dövlət büdcəsindən ilkin olaraq 50,0 (əlli) milyon manat vəsait ayrılacaq.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məlumatına görə, birdəfəlik ödəmə 17-20 min şəxsi əhatə edəcək. 

Ana səhifəXəbərlərBirinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş ediləcək