Birinci müavini Cahangir Hacıyevi ittiham etdi: Risklər haqda onu xəbərdar etmişdim

“Cahangir Hacıyev qanunsuz göstərişləri barədə niyə müvafiq qurumlara məlumat verməmisiz, özünüz də onu icra etmisiniz?”

Foto: arxiv


Hacıyev çıxandan sonra müvəqqəti onun vəzifəsini icra edən Emil Mustafayev ondan Daxili İşlər Nazirliyinə şikayət etmişdi

“Azərbaycan Beynəlxalq Bankı” ASC-də Cahangir Hacıyevin rəhbərliyi dövründə onun müavini, daha sonra birinci müavini işləmiş Emil Mustafayev onun məhkəməsində əleyhinə ifadə verib. C.Hacıyev 2015-ci ilin martında bankın İdarə Heyətinin sədri vəzifəsindən gedəndən sonra bu vəzifənin icrası müvəqqəti (mart-iyun aylarında) E.Mustafayevə həvalə olunmuşdu. Beynəlxalq Bankla bağlı cinayət işinin materiallarında E.Mustafayevin məktubu var. O, İdarə Heyətinin sədri vəzifəsinin icrasına başlayandan sonra C.Hacıyev haqqında şikayət məktubu yazıb.

E.Mustafayev indi “Aqrarkredit” QSC-də məsləhətçi vəzifəsində işləyir. Bu qurum Beynəlxalq Bankın əmlaklarının (o cümlədən girov qoyulan əmlakların) idarə olunmasıyla məşğuldur.

Məhkəmədə də C.Hacıyevi ittiham edib. Bildirib ki, sabiq deputat Dünyamin Xəlilovun şirkətlərinə böyük məbləğdə kreditlərin verilməsi, bankın Moskva filialının həyata keçirdiyi veksel əməliyyatlarına razılıq veriləməsi və s. birbaşa C.Hacıyevin göstərişi əsasında olub. E.Mustafayev iddia edir ki, bankın ağır vəziyyətində təminatsız kreditlərin verilməsi, geri qayıdacağı şübhə altında olan vəsaitlərin ayrılmasının riskləri barədə C.Hacıyevi xəbərdar edib, amma o dinləməyib.

“Beynəlxalq Bank uzun illər ciddi maliyyə gərginliyində idi. Onu ancaq dövlətin müdaxiləsi xilas edə bilərdi. Biz dövlətə – Mərkəzi Banka, beynəlxalq maliyyə qurumlarına müraciət edib, vəsaitlər cəlb edirdik. Bank likvidlik problemi yaşadığı bir vaxtda dayanıqlı olmayan, nizamnamə kapitalı çox aşağı olan şirkətlərə, veksel əməliyyatlarına böyük pulların verilməsi risk idi. Ayrılan vəsaitlərin qaytarılması real görünmürdü. Bunu Cahangir Hacıyevə də demişdim”, – deyə E.Mustafayev bildirib.

Onun sözlərinə görə, veksel əməliyyatlarının rəsmiləşdirilməsi Beynəlxalq Bankın Moskva filialında həyata keçirilirdi, Bakıya ancaq sənədlərin surətləri göndərilirdi. Amma vəsait Bakıdan Moskvaya göndərilir, orada da şirkətlərə verilirdi.

E.Mustafayevin sözlərinə görə, Beynəlxalq Bankın Müşahidə Şurasının qərarı vardı, 1.5 milyondan yuxarı kreditlərin ayrılması üçün Şuranın razılığı vacib idi. Lakin çox vaxt Müşahidə Şurasının xəbəri olmurdu. Müşahidə Şurasının sədri maliyyə nazirinin müavinidir.

Şahidlər isə məhkəmədə bildirib ki, Müşahidə Şurası üzvlərinin bankla bağlı bütün məlumatlara çıxışı vardı, bu baxımdan xüsusi olaraq, onlara məlumat verməyə ehtiyac yox idi. Vəkillər həmin şahid ifadələri barədə E.Mustafayevi də məlumatlandırıblar.

“Cahangir Hacıyev qanunsuz göstərişləri barədə niyə müvafiq qurumlara məlumat verməmisiz, özünüz də onu icra etmisiniz?” – vəkilin bu sualına cavab verən E.Mustafayev deyib ki, İdarə Heyətinin sədri kimi birbaşa ona tabe olduğuna görə göstərişlərindən kənara çıxa bilmirdi.

Amma vəkillərin suallarına verilən cavablardan aydın oldu ki, İdarə Heyətinin üzvlərini vəzifəyə təyin etmək və ya vəzifədən çıxarmaq səlahiyyəti C.Hacıyevdə olmayıb. Bu səlahiyyət maliyyə nazirinin rəhbərlik etdiyi Səhmdarların Ümumi Yığıncağında olub.

C.Hacıyev özü E.Mustafayevə heç bir sual verməyib, heç bir söz də deməyib.

Beynəlxalq Bank işi ilə bağlı məhkəmə prosesi mayın 13-nə qədər təxirə salınıb.

C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. O, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. C.Hacıyev Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində təqsirli bilinib.

Hazırda həmin məhkəmədə onun haqqındakı ikinci cinayət işi üzrə araşdırmalar gedir. Ona və digər təqsirləndirilən 21 nəfərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. C.Hacıyevə mənimsəmədən əlavə, sənədlərin saxtalaşdırılması, vergidən yayınma, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlar da verilib.

Lakin o, özünü təqsirli bilmir.

Ana səhifəXəbərlərBirinci müavini Cahangir Hacıyevi ittiham etdi: Risklər haqda onu xəbərdar etmişdim