Futbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatı-2020-nin seçmə mərhələsində Bakıda Xorvatiya yığması ilə heç-heçə etməsi (1:1) sensasiya kimi qəbul olundu. Azərbaycanlı futbolsevərlər, milli komandanın azarkeşləri bu nəticəni hansısa bayramı qeyd edirmişlər kimi qarşıladılar. 2018-ci ildə keçirilən dünya çempionatının 2-cisi olmuş, heyətində “Real”ın yarımmüdafiəçisi Luka Modriç kimi futbolçunun forma geyindiyi Xorvatiya millisindən xal qoparmaq əlbəttə, diqqətçəkən nəticə idi. Amma…
4 oyunda “yuxuda olan” komanda
Amma bu, Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində qazandığı ilk xal idi. Bəs bizim milli komanda bunadək nə işlə məşğul olmuşdu ki, seçmə mərhələdə ilk xalını yalnız 5-ci oyununda əldə edirdi?
Xorvatiyalı Nikola Yurçeviçin baş məşqçisi olduğu Azərbaycan yığması AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi bütün qarşılaşmaları məğlubiyyətlə başa vurmuşdu. Əvvəlcə elə həmin xorvatlara səfərdə keçirilən görüşdə məğlub olmuşduq (1:2). Ardınca Macarıstan millisi Bakıda bizi məğlubuyyətə uğratdı (1:3). Daha sonra Slovakiya yığması Azərbaycanın paytaxtında, stadionda olan minlərlə azərbaycanlı azarkeşin gözləri önündə ölkəmizin əsas komandasına futbol dərsi keçdi. Bu dəfə məğlubiyyət daha biabırçı idi – 1:5. Ancaq bu da son olmadı. Uels millisi ilə səfərdə baş tutan görüşümüz də məğlubiyyətimizlə sonuclandı (1:2). Və…
AFFA rəsmilərinin dili açıldı
Nəhayət, Xorvatiya yığması ilə yenə, bu dəfə Bakıda qarşılaşırıq, seçmə mərhələdə ilk xalımızı əldə edə bilirik. Elə bundan sonra da Azərbaycan futbolunun başında dayanan adamların, AFFA rəsmilərinin dili açılır, danışmağa başlayırlar. Axı Azərbaycan milli komandası DÇ-2018-in 2-cisi olmuş Xorvatiya ilə heç-heçə edib! Bəs uduzulan 4 oyun? Bəs 2008-ci ildən AFFA-nın rəhbərliyində olan bu adamların “hakimiyyət”də olduğu dövrdə xərclənən milyonlarla manat vəsait? Belə çıxır ki, 2008-ci ildən milyonlarla manat vəsait Azərbaycan futboluna ona görə xərclənib ki, 2019-cu ildə Avropa çempionatının seçmə mərhələsində qazandığımız 1 xala baxıb bayram edək, sağlıq deyək? Axı hələ Azərbaycan futbolunun ac, pulsuz, imkansız, “peraşki dövrü” adlandırılan dövrlərində belə, milli komanda seçmə mərhələlərdə indikindən daha çox xal toplaya bilirdi. Bunun sübutu üçün əlahəzrət statistika var.
Statistika nə deyir?
Futbol üzrə Azərbaycan milli komandası bu günədək qatıldığı seçmə mərhələlərdə (istər dünya çempionatı, istərsə də Avropa çempionatı) yalnız bir dəfə yer aldığı qrupu 1 xalla başa vurub. Bu da uzaq 1996-cı ilə təsadüf edir. Azərbaycan yığması AÇ-1996-nın seçmə mərhələsində Fransa, Rumıniya, Slovakiya, Polşa və İsrail komandaları ilə eyni qrupda yer almış, nəticədə qrupu 1 xalla tamamlamışdı. Vəssalam! Ondan sonra iştirak etdiyimiz bütün seçmə mərhələlərdə qrupda ən azı 3 xal toplamışıq.
DÇ-2018
Almaniya – 30
Şimali İrlandiya – 19
Çexiya – 15
Norveç – 13
Azərbaycan – 10
San Marino – 0
DÇ-2014
Rusiya – 22
Portuqaliya – 21
İsrail – 14
Azərbaycan – 9
Şimali İrlandiya – 7
Lüksemburq – 5
DÇ-2010
Almaniya – 26
Rusiya – 22
Finlandiya – 18
Uels – 12
Azərbaycan – 5
Lixtenşteyn – 2
DÇ-2006
İngiltərə – 25
Polşa – 24
Avstriya – 15
Şimali İrlandiya – 9
Uels – 8
Azərbaycan – 3
DÇ-2002
İsveç – 26
Türkiyə – 21
Slovakiya – 17
Moldova – 7
Makedoniya – 7
Azərbaycan – 5
DÇ-1998
Norveç – 20
Macarıstan – 12
Finlandiya – 11
İsveçrə – 10
Azərbaycan – 3
AÇ-2016
İtaliya – 24
Xorvatiya – 20
Norveç – 19
Bolqarıstan – 11
Azərbaycan – 6
Malta – 2
AÇ-2012
Almaniya – 30
Türkiyə – 17
Belçika – 15
Avstriya – 12
Azərbaycan – 7
Qazaxıstan – 4
AÇ-2008
Polşa – 28
Portuqaliya – 27
Serbiya – 24
Finlandiya – 24
Belçika – 18
Qazaxıstan – 10
Ermənistan – 9
Azərbaycan – 5
AÇ-2004
İtaliya – 17
Uels – 13
Serbiya – 12
Finlandiya -10
Azərbaycan – 4
AÇ-2000
Rumıniya – 24
Portuqaliya – 23
Slovakiya – 17
Macarıstan – 12
Azərbaycan – 4
Lixtenşteyn – 4
AÇ-1996
Rumıniya – 21
Fransa – 20
Slovakiya – 14
Polşa – 13
İsrail – 12
Azərbaycan – 1
Qarşıda üç oyun var, amma…
İndi Azərbaycan millisini AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində daha üç oyun gözləyir. İlk oyun oktyabrın 13-də səfərdə macarlara qarşı olacaq. Lakin Bakıda, doğma publika önündə məğlub olduğumuz rəqiblə səfər görüşündə nəyə ümid edə bilərik ki? Daha sonra isə Uelslə Bakıda, Slovakiya yığması ilə səfərdə üz-üzə gələcəyik. Bu komandaların da hər ikisinə əvvəl keçirdiyimiz oyunlarda uduzmuşuq. Yəni qələbə qazanmaq, hətta heç-heçə etmək şansımız da çox azdır. Lap deyək ki, möcüzə baş verdi, bu oyunlardan birində 3 xal qazandıq. Hə, nə olsun? Bu, nəyi dəyişəcək?
Sensasiya!
Siz bilirsiz ki, AÇ-2020-nin final mərhələsinin bir neçə oyunu Bakıda təşkil olunacaq? Azərbaycanlılar əvvəllər başqa ölkələrdə keçirilən final mərhələlərində başqa ölkələrin milli komandalarına azarkeşlik etdikləri kimi, bu dəfə öz ölkələrində təşkil olunacaq final mərhələsinin oyunlarında yenə başqa ölkələrin komandalarına azarkeşlik edəcəklər – məsələ budur. Məsələ həm də odur ki, Azərbaycanın futbol üzrə milli komandası uzaq, çox uzaq 1996-cı ildə iştirak etdiyi qrupda 1 xal qazananda bunu necə bayram edirdiksə, indi, üzərindən 23 ilə yaxın zaman keçəndən sonra da 1 xal üçün elə bayram edirik. Sensasiya! Bəli, biz hələ də qələbə qazananda, ya da heç-heçə edəndə, buna olmalıymış kimi yox, sensasiya kimi baxırıq. Arada isə itirilən uzun illər, havaya sovrulan milyonlarla vəsait var! Bəs bütün bunlara görə cavab verməli olanlar? Bax, onlar yoxdur.