Özəl təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı rüsumlar müəyyənləşdi
“Özəl bağçaya gedən uşaqlar üçün aylıq 250-300 manat ödənir. Ödənişli təhsil alan tələbənin bir illik ödənişi təxminən 3000-4000 manatdır. Ona görə də yeni rüsumlar heç bir gərginlik yaratmayacaq”.
Bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
"Dövlət rüsumu haqqında" qanunda özəl təhsil müəssisələrinin akkreditasiyadan keçməsi üçün rüsumları nəzərdə tutan layihəni II oxunuşu zamanı İ.Həbibbəyli qeyd edib ki, təklif olunan rəqəmlər təhsil müəssisələləri üçün heç bir problem yaratmayacaq.
Layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatlar təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumunun yüksək olduğunu bildirmiş, spiker məsələyə yenidən baxılması göstərişini vermişdi.
İyunun 13-də “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik layihəsinin II oxunuşda təqdimatı zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, spikerin tapşırığına uyğun olaraq araşdırma aparılıb:
“Təklif edilən rüsumların dərəcələrinin digər ölkələrlə müqayisədə aşağı olduğu məlum oldu”.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, inkişaf etmiş ölkələrdə akkreditasiyadan keçməyən təhsil müəssisələri ciddi təhsil müəssisələri kimi qəbul olunmur: “Bizim ölkədə də akkreditasiyanın rəsmi şəkildə keçirilməsi təşkil olunub. Akkreditasiya ödənişli əsaslarla keçirilməlidir. Deputatların təklifləri nəzərə alınaraq, rüsumlar müəyyən qədər azaldılıb. Bir məqamı da qeyd edim. Məsələn, Almaniyada akkreditasiya üçün rüsum 28-65 min avro, Almaniyada 30-35 min avro, Ermənistanda isə 10-15 min avrodur”.
O qeyd edib ki, layihədə müəyyən ediən məbləğlər Azərbaycan reallığını əks etdirir və minimum xərclərdir.
"Dövlət rüsumu haqqında" qanuna əlavə edilən edilən 31-1 maddəsinə əsasən, akkreditasidan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 2 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 5 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 12 000 manat, ali təhsil müəssisələri 20 000 manat, əlavə təhsil müəssisələri 12 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 12 000 manat dövlət rüsumu ödəməlidir.
Birinci oxunuşda isə təklif edilən məbləğlər belə idi:
“Akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəməlidir”.
Layihə II oxunuşda qəbul edilib.