”Bir qrup zəhər buraxan, özünü müxalifət adlandıran ünsür işimizə təsir edə bilməz”

Əli Kərimli: ”İlham Əliyevə elə gəlir ki, yalanı çox təkrarlayanda onu həqiqət donuna bürümək mümkün olur”

Source:


Əli Kərimli: ”İlham Əliyevə elə gəlir ki, yalanı çox təkrarlayanda onu həqiqət donuna bürümək mümkün olur”

Mayın 10-da prezident İlham Əliyev mərhum prezident Heydər Əliyevin doğumunun 94-cü il dönümü ilə bağlı keçirlən mərasimdə çıxış edib. Çıxışı

president.az

yayıb.

Prezident çıxışında Heydər Əliyevin Azərbaycana iki dəfə rəhbərlik etdiyini deyib. Bildirib ki, hər ikisində Azərbaycan tənəzzüldən, böhrandan çıxarılıb:

“1987-ci ildə H.Əliyev sovet rəhbərliyindən istefa verdikdən sonra Azərbaycanın problemləri başlayıb. İki həftə keçmədən erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməlidir. Beləliklə, Dağlıq Qarabağ probleminin əsası qoyuldu, birinci addım atıldı”.

“Xalq o ağır günlərdə yeganə nicat yolunu Heydər Əliyevdə görürdü”

İ.Əliyev deyib ki, 1992-93-cü illərdə hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsi (AXC) ölkəni vətəndaş müharibəsinə sürükləyib:

“Heydər Əliyev isə Azərbaycana sabitlik gətirib. Əlbəttə ki, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilməzdi. Cəmi bir il dözə bildi və 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Xalq o ağır günlərdə yeganə nicat yolunu Heydər Əliyevdə görürdü və o da xalqın etimadını həmişə olduğu kimi doğrultdu. Onun rəhbərliyi ilə aparılan siyasət qısa zamanda Azərbaycanda sabitliyə, inkişafa gətirib çıxardı”.

Prezident çıxışında 1993-cü il Gəncə hadisələrindən də danışıb: “AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz çox ağır problemlərlə üzləşdi. Şuşa, Laçın, Kəlbəcər rayonları işğal altına düşdü. Beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yarandı. AXC-Müsavat cütlüyü ölkənin ərazi bütövlüyünü müdafiə etmək əvəzinə, Azərbaycanda vətəndaş müharibəsinə start verdi. Gəncəni bombalayırdılar. Orada torpaqlar əldən gedirdi, bunlar da burada öz laxlayan hakimiyyətini saxlamaq üçün Gəncə şəhərini bombalayırdılar…”.

“Onların mitinqinə heç qohumları da gəlmir”

İ.Əliyev AXC hakimiyyətinin ünvanına sərt ifadələr də işlədib. Bildirib ki, Azərbaycan xalqı o antimilli ünsürləri 1993-cü ildə hakimiyyətdən qovub və bugünə qədər onların əlindən bir şey gəlmir. Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda oturub o təlimatı gözləyirlər: “Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir. Yəni tamamilə marginallaşıb və bir dəstə zəhər buraxan, özünü müxalifət adlandıran ünsür, əlbəttə ki, bizim işimizə təsir göstərə bilməz…”.

Prezident çıxışında müxalifəti “beşinci kolon” adlandırıb: “Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən beşinci kolon və xüsusilə bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər…”.

“Problemləri başqasının üstünə yıxmaq cəhdləri əbəsdir”

Prezidentin çıxışına münasibət bildirən AXCP sədri Əli Kərimli hesab edir ki, İlham Əliyevin müxalifətin ünvanına dedikləri bir neçə il öncə söylədiyi yalanların təkrarıdır:

“Görünür, İlham Əliyevə elə gəlir ki, yalanı çox təkrarlayanda və ya tirajlayanda onu həqiqət donuna bürümək mümkün olur. Bütün problemləri başqasının üstünə yıxmaq cəhdləri əbəsdir. Məhz Heydər Əliyevin altı rayonu ermənilərə təhvil verdiyinin milyonlarla şahidi var, Şuşa və Laçın isə Xalq Cəbhəsi hökuməti hakimiyyətə gələnə qədər işğal edilmişdi. Xalq Cəbhəsinin hakimiyyəti dövründə Dağlıq Qarabağ ərazilərinin 40%-i, Ağdərə rayonu işğaldan azad olunub. Bizim hakimiyyət zamanı yalnız Kəlbəcər işğal edilib və bu da Rusiyanın yardımı ilə olub və bunda məqsəd də Xalq Cəbhəsini hakimiyyətdən devirmək idi. Həmin çevriliş nəticəsində hakimiyyətə gələn Heydər Əliyevin hakimiyyəti zamanı 6 rayon işğal olundu və Ağdərə yenidən itirildi. Odur ki, bu yaxın tarixdə baş verənləri saxtalaşdırmaq heç İlham Əliyevin gücündə olan məsələ deyil”.

“Özü çıxışlarının birində deyib ki, ermənilərin xahişini nəzərə alaraq bu yürüş dayandırılıb”

“Yaxşı olardı ki, bunun əvəzinə Əliyev 2016-cı ilin aprelində ordunun zəfər yürüşünü dayandırmasının izahını versin. Özü çıxışlarının birində deyib ki, ermənilərin xahişini nəzərə alaraq bu yürüş dayandırılıb və bu da maraqlıdır ki, erməni tərəfin xahişi nə zamandan Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanı üçün bu qədər önəmli olub?”, – deyə Kərimli istehza edib.

Əli Kərimli

Dövlət başçısının müxalifətin xarici pula satılan “beşinci kolon” və xalq düşməni olduğu haqqında ifadələrinə toxunan Əli Kərimli deyib ki, öz vətəndaşlarına qarşı bu anormal münasibət ölkə rəhbərliyinin düşünülmüş siyasətidir və bu siyasət məhz dövlətin birinci şəxsi tərəfindən formalaşdırılıb.

“Bundan başqa, İlham Əliyevin çıxışına psixoloji nöqteyi-nəzərdən də baxmaq lazımdır. O, özündə nə yoxdursa, ondan danışır. Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə nə İlham Əliyev, nə atası, nə indiki hökumətin üzvləri iştirak ediblər. Bunu məhz Əliyevin bu gün “xalq düşməni” adlandırdığı insanlar edib. O, hakimiyyətə miras olaraq yiyələnib. Odur ki, bizlərə antimilli deməklə özünə təskinlik vermək istəyir”, – deyə Kərimli fikrini yekunlaşdırıb.

“Faktların təhrifi indiki hakimiyyətin heç də yaxşı vəziyyətdə olmasından xəbər vermir”

AXC hakimiyyəti dövrünün baş naziri olan Pənah Hüseyn Gəncə şəhərinin bombalanması barədə prezidentin dediklərini cəfəngiyyat adlandırıb.

O, Meydan TV-yə deyib ki, bu ittihamların dövlət başçısının dilindən səslənməsi çox qəribə görünə bilər:

“Çünki o zaman İlham Əliyev Azərbaycanda olmasa da, 90-cı illərin mətbuatından, yaxud köməkçiləri vasitəsilə məsələləri dəqiqləşdirə bilər. Amma hadisələrin faktiki şərhi, qiymətləndirilməsi həmin siyasi qüvvələrə münasibətdən irəli gələrək müxtəlif ola bilər. Sadəcə, faktların təhrifi indiki hakimiyyətin heç də yaxşı vəziyyətdə olmasından xəbər vermir. İldən-ilə hakimiyyət 24 il əvvəlki hadisələrə fokuslanır və getdikcə bu yanaşmanı artırırsa, deməli, iqtidarın durumunun yaxşı olmadığını göstərir. Bu cür qiymətləndirmə ilə hakimiyyət yaratdığı problemləri ört-basdır etmək niyyəti güdür. İndiki iqtidar real suallara və gerçək problemlərə cavab tapa bilmədiyindən bu cür məsələlərə əl atır”.

Pənah Hüseyn

Pənah Hüseyn hesab edir ki, iqtidar 24 il əvvəl hakimiyyətdə olmuş qüvvələri və həmin kursu yenə özlərinə rəqib görür.

“Hakimiyyət rifah cəmiyyəti yaratmaq əvəzinə ailə hakimiyyəti tipli, tamamilə XXI əsrin qaydalarına zidd, həm də inkişaf etmiş ölkələrindən və cəmiyyətlərindən geriyə doğru addımlar atır. Əgər iqtidar bu siyasi kursa üstünlük verirsə, 24 il əvvəl ölkədə yeni müstəqil kurs götürən AXC hakimiyyətini hədəf götürməsi təbiidir”,-deyə sabiq baş nazir Pənah Hüseyn söyləyib.

Ana səhifəXəbərlər”Bir qrup zəhər buraxan, özünü müxalifət adlandıran ünsür işimizə təsir edə bilməz”