Ümumilikdə 622 hərbçi “İgidliyə görə”, 1113 hərbçi “Döyüşdə fərqlənməyə görə”, 5449 hərbçi isə “Cəsur döyüşçü” medalları alıb
Prezident İlham Əliyev dekabrın 18-də II Qarabağ müharibəsində iştirak edən bir qrup hərbçini müxtəlif medallarla təltif edib. Sərəncama əsasən minlərlə hərbçi “İgidliyə görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medallarıyla mükafatlandırılıblar.
Ümumilikdə 622 hərbçi “İgidliyə görə”, 1113 hərbçi “Döyüşdə fərqlənməyə görə”, 5449 hərbçi isə “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Bildirilir ki, ölümündən sonra 168 hərbçi “Döyüşdə fərqlənməyə görə”, 120 hərbçi “İgidliyə görə”, 264 hərbçi isə “Cəsur döyüşçü” medallarıyla təltif edilib.
Dövlət başçısı dekabrın
9
və
15
tarixlərində də oxşar sərəncamlar imzalamışdı.
Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.
44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunduğu bildirilir.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.
Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.