Bir qəpiyə görə gecə yuxusuz qalanlar… (VİDEO)

Bura “Göy bazar” deyirlər. Satıcılar axşam saat 7-də bazara gəlib, səhər 8-9 aralığında evlərinə gedirlər. Bütün gecəni yuxusuz qalıb göyərti dəstələri bağlayırlar.  Səhər isə göyərtini təhvil verib, hər dəstəsinə görə 1 qəpik, qəpik yarım qazanırlar.

“Hökumət “anamızı ağladıb” bu kreditlə…ona görə yola-izə düşmüşük, gecəmiz-gündüzümüz yoxdur”

“Göyü bağlasaq, alıb yeyirik, bağlamasaq, yox. Maaş, pensiya almırıq, dövlətimiz varlı olsa da, bizə xeyiri nədir?!”- satıcılar deyirlər.

Onların yuxusuz qalmasına səbəb maddi ehtiyaclarıdır. Satıcı qadının 3 banka 3000 manat kredit borcu var. Borclarını ödəmək üçün gecə-gündüz çalışır. ”

Onlar gecəyə 1000-2000 göyərti bağlayırlar. Bunun qarşılığında 10 manat pul qazanırlar: “Mən işləməsəm, uşaq, oğlum ac qalar. Gəlin evdə uşaqlıdır, işləmir. Bir oğlumdur, oğlum da çatdıra bilmir. İndi kreditinmi versin, yeməyəmi versin, kirayəmi versin ?”- satıcı qadın problemini dilə gətirir.

66 yaşlı Qarabağ müharibəsi iştirakçısı, ikinci qrup əlil də bu bazarda çalışır. O, gecə göyərti dəstələyən işçilərə çay, şirniyyat satır. Deyir ki, əlilliyinə görə verilən 250 manat ona yaşamaq üçün bəs eləmir: “Bilsəydim ki, axırım belə olacaq, heç döyüşməzdim. Nəvələrim yüyürür qabağıma, deyir nəsə ver yeyim. Uşaqlara bir şey verməlisən, ya yox?!”

Satıcılar deyirlər ki, göyərtiləri bəzəyib-düzürük, üstünə su vururuq ki, müştərinin xoşuna gəlsin. Hətta bazara üzərlik vuranlar da var. Hər gün yuxusuz qalıb, 13 saatlıq işə görə 10 manat qazanan satıcılar yeganə iş yerlərini belə qoruyurlar: “Bazarımıza göz dəyməsin. Bəd-nəzərdən saxlasın” deyir yaşı yetmişi haqlamış satıcı qadın.

Ana səhifəVideoBir qəpiyə görə gecə yuxusuz qalanlar… (VİDEO)