Bir nəfər

Bizi yüz illərdir buna inandırırlar…

Source:

Baş rolda Kevin Spaceyin çəkildiyi “Yaxşılıq gör, yaxşılıq et” filmini xatırlayırsınızmı?

Filmin qısa məzmunu belədir: ata və anası ayrılmış Trevor adlı məktəblinin müəllimi bir gün ona öz utopik nəzəriyyəsini öyrədir. Bu nəzəriyyəyə görə,  bir nəfər 3 nəfərə yaxşılıq edir. Sonra həmin 3 nəfər başqa bir 3 nəfərə yaxşılıq etməklə həmin bir nəfərin borcundan çıxmış olur.

Bu 3 nəfər başqa 3 nəfərə, onlar da digər 3 nəfərə… yaxşılıq edir.

Beləcə, proses uzanır.

Nəticə? Hamı yaxşılıq etməklə, pisliklərdən uzaq durmaqla məşğul olur.

Bununla da, bir nəfərin başlatdığı proses sonda dünyanı dəyişir.

Əlbəttə, həyat film deyil. Həyat filmlərdən daha mürəkkəbdir, çünki  artıq biz xəyal gücündən yox, reallıqdan danışırıq. Ona görə də ilk baxışda “Yaxşılıq gör, yaxşılıq et” – in ssenarisini də olduğu kimi həyata tətbiq etmək mümkünsüz görünür. Belə bir utopizmin reallıqda gerçəkləşmək lüksü bir yana, ümumiyyətlə ciddi qəbul edilmək imkanı varmı? Gəlin razılaşaq – çətin.

Amma kifayət qədər nümunələr də göstərmək mümkündür ki, hətta bir nəfərin də nəhəng gücə malik olduğuna, böyük dəyişikliklərə imza ata bildiyinə inanaq.

Tomas Edisonun elektrik lampasını kəşf etməsini xatırlayın. Bir nəfərin bütün insanların həyatını dəyişə bilməsinin, sözün həqiqə mənasında işığa çıxarmasının bundan parlaq nümunəsi varmı?

Ya da Leninin Gertsen haqqında “O rus demokratiyasının şərəfini xilas etmişdir” sözlərini yada salın. Həmin bu bir cümlənin ilk baxışda sadə, əslində isə çox dərin anlamı var. Polşa xalqının azadlıq mübarizəsi çar Rusiyası tərəfindən qəddarlıqla yatırılarkən o vaxt rus ziyalıları sakitcə seyr edirdilər. Çarın qorxusundan onların heç biri bir xalqa qarşı amansızlığa etiraz etmək cürəti göstərə bilmirdi. Bax elə bu vaxt səhnəyə Gertsen çıxdı və işğalı pislədi. Sonralar isə Lenin onun bu addımını “rus demokratiyasının şərəfini xilas etmək” kimi qiymətləndirdi.

Daha əvvələ qayıdaq. Brunonun diri-diri yandırılmasını düşünək. Bu elə bir tonqal idi ki, onun şöləsi sonrakı çağları aydınlatdı, Avropada  qaranlığa həlledici zərbələrdən birini vurdu. Əgər bu gün bəşəri dəyərlər başqa adla “Avropa dəyərləri” kimi çağırılırsa, bu, həm də Brunonun xidmətidir.

Yaxın və uzaq tarixdən kifayət qədər belə nümunələr göstərmək olar.

Bəs indi bütün bunları niyə yazıram?

Biz yüz illərdir “bir gül ilə bahar olmaz” düşüncəsi ilə tərbiyə edilən toplumuq. Bizi yüz illərdir buna inandırırlar: “Tək əldən səs çıxmaz”. Bizə beşikdən bunu təlqin edirlər: “Tək daşdan divar olmaz”.

Bu – insanın özünə, öz gücünə inamını sarsıdan, onun özünü “heç kim” hesab etməsinə, özünü daim başqalarının iradəsinə bağlı saymasına, “palaza bürünüb elnən sürünməsinə” gətirib çıxaran zərərlə mental vərdişdir.

Məhz bu mental təfəkkürün nəticəsidir ki, indi bizdə əksəriyyət məhz belə düşünür:

–      Onsuz da seçkini saxtalaşdırırlar, guya mən gedib səs versəm nə olacaq?

–      Onsuz da başqaları da oğurlayır, guya mən də oğurlasam dünya dağılacaq?

–      Onsuz da hər yerdən yalan yüksəlir, guya mən çıxıb doğrunu danışsam nə dəyişəcək?

Halbuki bəzən bir güllə də bahar ola bildiyini, bəzən tək əldən də səs çıxdığını, bəzən tək daşın da Şər qarşısında divara çevrildiyini yuxarıda sadaladığımız və sadalamadığımız nümunələrdən aydın görmək mümkündür.

Uzun sözün qısası: nə qədər ki, biz yaşadığımız torpaqlarda bir nəfərin də səsinin, iradəsinin, əxlaqının gücünə inanmayacağıq, bir nəfərin yaratdığı nümunənin belə çox şeyi dəyişə biləcəyinə inanmayacağıq və hər birimiz o bir nəfər olmaq istəməyəcəyik, arzuladığımız  aydın, azad gələcəyin yolunu da bir o qədər çox gözləyəcəyik.

“Özünüz özünüzə işıq olun. Yalnız bu halda ətrafı da işıqlandıra bilərsiniz” – bunu isə mən demirəm. Budda belə deyir.

Ana səhifəMənim FikrimcəBir nəfər