Eldar Zeynalov Əfv Fərmanının imzalanacağını, amma bu dəfə də əsasən hərbi xidmətdə fərarilik edənlərin bağışlanacağını düşünür
Novruz Bayramı ərəfəsində Əfv Fərmanının imzalandığı gözlənilir. Bunu Meydan TV-yə hüquq müdafiəçisi Eldar Zeynalov deyib. Onun sözlərinə görə, ilin müxtəlif təqvimlərində, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Qurban və Novruz bayramlarında Əfv Fərmanının imzalanması ənənəyə çevrilib: “Ancaq gözlənilənfərmanın əvvəlkilərin təkrarı olub-olmayacağını demək çətindir. Ancaq bir şey məlumdur ki, hər dəfə əsasən hərbi xidmətdə fərarilik edənlər əfv olunur və onlarla birgə bir neçə nəfər siyasi məhbuslar da azad olunur. İndi də onlardan kimlərinsə əfv olunacağını gözləyirəm”.
Eldar Zeynalov deyib ki, bir neçə siyasi məhbus əfv ərizəsi yazıb. Amma hüquq müdafiəçisi ad çəkməyib: “Hesab edirəm ki, ad çəkmək doğru deyil, ad çəkərsən və danışıqlar pozular”.
E.Zeynalov 2014-cü ildə olduğu kimi, bu il də QHT və azad mediaya təzyiqlərin dayanmayacağını düşünür: “Düşünmürəm ki, kimisə həbs edəcəklər. Ancaq son həbsləri də təsadüfi saymıram. 2015-ci ildə iki hadisə QHT sektorunda narahatlıq yaradır, Bakı Yay Olimpiya Oyunları və parlament seçkiləri. Bilirsiniz ki, bu cür tədbirlər öncəsi hakimiyyət sərtləşir, “Avrovision” beynəlxalq mahnı yarışması zamanı olan həbsləri xatırlamaq yetər. Məncə, oxşar hadisələr bu dəfə də olacaq, ona görə seçkilərə qədər bizi “şən həyat” gözlədiyini düşünmürəm, bədbinəm. Nəzərə alın ki, bu il həbsdə olan hüquq müdafiəçilərinin istintaqları başa çatacaq, çoxlu məhkəmələr gözlənilir”.
Hüquq müdafiəçisi beynəlxalq aləmin problemə münasibətindən də danışıb. Azərbaycan-Amerika arasında demokratiya dialoqunu Vaşinqtonun güzəşti kimi qiymətləndirib. “Buna qədər ABŞ Azərbaycan hakimiyyətinə siyasi təzyiqlər edirdisə, bundan sonra onlar geri çəkiləcək. Məsələ ondadır ki, amerikanlar zamanında hakimiyyəti möhkəm qorxutmuşdular. Yəqin Amerika rəsmilərinin, konkret sabiq səfirin Avromaydan haqqında dediklərini unutmamısınız. Həmin açıqlamalardan sonra rəsmi Bakı Rusiyameylli və anti-Qərb bəyanatlarını gücləndirdi. Hətta Azərbaycan rəsmiləri bu barədə açıq danışırdılar. Burdan belə nəticə çıxartmaq olar ki, əgər Vaşinqton güzəştə gedirsə, siyasi mənzərə dəyişir. Təəssüf ki, siyasət çirkin peşədir”- deyə Eldar Zeynalov fikrini yekunlaşdırıb.