”Bir neçə il sonra kölgəsində oturmağa ağac tapmayacağıq”

Sumqayıt sakinləri narazılıq edir

Source:
Ağac kəsimi arxiv foto
Ağac kəsimi arxiv foto


Sumqayıt sakinləri narazılıq edir

Sumqayıt sakinlərinin şikayəti var. Onlar Meydan TV-yə yazaraq evlərinin yaxınlığında olan “Bələdiyyə parkı”nda restoran tikildiyini, buna görə parkın ağaclarının kəsildiyini söyləyirlər.

Kərim Əliyev adlı Sumqayıt sakini deyir ki, belə hal Sumqayıtda tez-tez təkrarlanır:

“Bir neçə il sonra, ümumiyyətlə, kölgəsində oturmağa ağac tapmayacağıq. Hər yeri betonlaşdırmaqla məşğuldurlar. Havalar isinir, yay gəlir. Adam parkda gəzmək, kölgəsində oturacağı ağacın olmasını istəyir. Ancaq məmurlar və onların övladları buna imkan vermirlər. Keçən dəfə bir qəzetdə oxudum. Bizim parkımızda restoran tikən də məmur oğludur. Qaçqın və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun oğlu və yaxınlarıdır”.

K.Əliyev deyir ki, problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara, o cümlədən Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edib, məktub göndərib:

“Nə bizə hər hansı bir cavab verilib, nə də tikintilər dayandırılıb, baxan olub”.

Daha bir sakin Vaqif Məmmədov isə bildirir ki, yaşıllıq Sumqayıtın Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində məhv edilib:

“50-dən artıq şam ağacını kəsdilər. Əksəriyyəti də hündür ağaclar idi. Gözümü açandan o ağaclar bu küçələri bəzəyirdilər. Onu da deyim ki, yaşları yaman çox idi. Əksəriyyəti Sovet dövründə əkilib”.

Meydan TV məsələyə ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən həmin yerlə bağlı məlumatlı olduqlarını, sakinlərin problemlərinin araşdırılacağını deyiblər:

“Problemi araşdıracağıq. Həqiqətən də yaşıllıq məhv edilibsə, bir tədbir görüləcək”.

“Yeni Musavat” qəzeti tikilən restoranın sahibinin kim olmasını araşdırıb. Sayt yazır ki, yaşıllıqları məhv edən və yerində obyekt tikmək istəyən şəxs Həsənli Emil Emin oğludur. Bu şəxs isə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidir. Eyni zamanda Ə.Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir.

“Bu yazılara qəti etirazımı bildirirəm. Çünki həqiqətə uyğun deyil”, – bu sözlər isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova aiddir. O, “musavat.com” saytına məktubunda

deyir

ki, yazılanlar doğru deyil:

“Qeyd etdiyiniz ünvana yaxın ərazidə 2 il bundan əvvəl 11.10.2016-cı il tarixdə torpaq sahəsi ayrılıb. Ayrılan yer asfalt örtükdür və həmin ayrılan yerdə bir dənə də ağac yoxdur və orada heç bir tikinti işi aparılmayıbdır. Bu barədə sizə danışan şəxslər isə həmin asfalt örtüyündən taksi dayanacağı kimi istifadə edən şəxslərdir. Heç bir Sumqayıt sakini mənim ünvanıma olmayan işə görə söz deməz. Mən buna tam əminəm. Çünki 30 il o şəhərin tikintisi və yaşıllıqların salınması ilə məşğul olmuşam. O şəhər mənim üçün çox doğmadır və mən 50 ildir orada yaşayıram.

9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də.

Mən 50 ildir ki, dövlətimə xidmət edirəm. Onun 20 ilini qaçqın və məcburi köçkünlərlə işləyirəm. Həmişə dövlətçilik mövqeyində olmuşam. Nə qədər etimad göstəriləcəksə, o qədər də xidmətimi davam etdirəcəm.

Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar.

Məsəl var: “Quyunu dərin qaz, gen qaz, özün düşəcəksən”, “Nə atarsan aşına, o da çıxar qarşına”, “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar””.

Ana səhifəXəbərlər”Bir neçə il sonra kölgəsində oturmağa ağac tapmayacağıq”