Oliqarx Qəbələsinin mərkəzində balaca bir küçük çənəsini səkiyə dayayıb qəmli gözləriylə gəlib-gedənlərin ayaqlarına baxır. Bu böyük dünyada o balaca küçüyün böyründən-başından keçən o ayaqlardan qorxulu düşməni yoxdu. Çünki, səhərdən-axşama qədər bir loxma çörək dalınca gəzən kirli ayaqqabılı o ayaqların onun canını incitməsi an məsələsidir. Kimi toxundan, kimi acından ona bir təpik vurub keçər. Vurmayanlar da sifətlərini turşudub elə baxarlar ki, guya həyatlarındakı bütün uğursuzluqlara görə o bapbalaca varlıq günahkardı…
Ondan acsan-açıqdasanmı? – deyə soruşmuram. Körpə qabırğalarını hətta mənim eynəksiz gözlərimlə saymaq olar. Səni incidirlərmi? – soruşmuram. Sadəcə yaxınlaşan hər addıma görə yığılan titrək bədənini görməmək üçün gözlərimi yumuram. Adın nədir? – deyə də soruşmuram. Ah, yavrum, heç çağıran olurmu ki, səni… Təpiklər var ikən topuqlar bərabərindəki canlıya kim kəlmə sərf edəcək bu ölkədə?
Çünki, bura bir alman, fransız, ingilis və yaxud heç olmasa rus şəhəri deyil ki, heyvanların hüquqları insanların hüquqları qədər qorunsun. Sizin də kor qismətinizə buralar kimi yerlər düşüb. Ki, nə insan kimi insan olmaq olur, nə heyvan kimi heyvan. Həm də yalnız harınlamış yuxarılar deyil, səfilləşmiş aşağılar da həvəslə bu haqqı əlimizdən almağa çalışırlar.
İlk gördüyümdə ürəyimdən səni evə aparmaq keçdi. Ən azından qarnın ac qalmaz, başının üstündə balaca bir damın, oynamağa təhlükəsiz həyətin olardı. Amma dərhal hansı ölkənin hansı bölgəsində, hansı bölgənin hansı məhləsində yaşadığımı xatırlayıb bu istəyi beşiyindəcə boğdum. Bilirsənmi niyə? Uşaq vaxtı məşhur bir yazıçının kitabını oxuyandan yadımda qalıb. Orda təxminən belə bir fikir vardı ki, hər kəs sahib çıxdığı canlı üçün məsuliyyət daşıyır. Yəni, bu ölkədə ən mümkünsüz öhdəlik, ödənilməyən borc…
Məhz bu səbəbdən sən küçədə, mənim fikrim-xəyalım da sənin yanında qaldı.
Əlbəttə, mən yuxarıda sadaladığım ölkələrin vətəndaşı olsaydım və adım məsələn, Barbara, Mari, Meri və yaxud Maşa olsaydı, sənin də özünə görə qəşəng bir adın olardı. Və o halda mən sakit vicdanla, sən isə isə rahat yerdə yaşayıb dünyanı vecimizə almayacaqdıq. Amma neyləyəsən ki, mən böyük Mirzə Cəlilin “Ölülər”indəki Nazlıdan bircə qarış qabağa getməmişəm. Nəinki küçədəki kiçicik heyvanı, heç özümü də qoruya bilmərəm. Bu halda sənə ad qoymağa da ixtiyarım yoxdu. Amma ürəyimin kövrək bir guşəsində Qərib kimi yaşayacaqsan. Öz elində və evində qərib olan mənim kimi…
Səni daha da üzmək istəməzdim, amma bilməyin vacib olan məsələlər var, Qəribim…
O günləri dükandan sənə yeməyə bir şeylər alanda “xözeyin” dedi ki, bu hərəkətlə mən səni qudurduram. Onun qandığına görə heyvanların günlərlə ac qalması təbii hal imiş. Əks halda onlar dəridən-qabıqdan çıxıb özlərinə bir parça sümük tapa bilərmişlər. Deməyinə heyvanlar dedi, amma anladım ki, söhbət eyni zamanda ikinci sinif hesab etdiyi bizlərə aiddir.
Sonra o sözlərdən bir daha istifadə edə bilmərəm deyə əli “ayfon”lu, altı “CİP”li, başının üstü kameralı “Xudayar bəyə” cavab vermədim. Yəni, ona xərcləyəcəyim sözlərə yazığım gəldi. Yoxsa deyərdim ki, ay təpəgöz, bu ölkədə yüzlərlə savadlı, diplomlu adam bir loxma daimi çörək tapa bilmir, indi bu əl boyda dilsiz-ağızsız heyvan axtarıb kimdən, hardan nə tapacaq?
Dedim-demədim sən məni boş ver, onsuz da buralarda nə yolla olur-olsun mənsəbə çatanlar geridə buraxdıqlarını hər fürsətdə alçaltmağa çalışırlar. Bununla sümük kimi qabaqlarına atılan təminatlı həyat üçün itirdiklərinin qisasını alırlar guya.
Və o adamda sür-sümük mövzusuna həssaslıq da çox yəqin ki, burdan qaynaqlanır. Olsun, bizim üçün nə fərq edər adamlar sümsük olandan sonra…
Həm də bizim onları dəyişdirməyə gücümüz çatmaz ki… Yaşadığımız şərtlərlə yalnız özümüzü olduğumuz kimi saxlaya bilsək ən böyük qənimətdir. Qaldı ki, mənim sənə yenə bir xəbərim var.
Unutma, Qəribim:
Artıq yay mövsümü başlayır. Bir yandan canın isinəcək deyə sevinsəm də, bir yandan da ürəyimi qorxu alır. Çünki, yay gecələri təhlükəli olur buralarda. Yaylaqlanmağa gələn “elita” balalar qiyməti özlərindən baha avtomobilləri qəfil şahə qaldırıb “göbək” oynadırlar. Amanın günüdür, şər vaxtı yoldan-irizdən uzaq ol, canım balacam…
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.