Natiq Cəfərli: ”İxracın 80 faizi xam neftdir”
Dövlət Gömrük Komitəsi
2019-cu ilin yanvar ayı ilə bağlı gömrük statistikası açıqlayıb.
Statistikaya görə, yanvar ayı ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2 milyard 302 milyon 364 min ABŞ dolları olub.
İdxal əməliyyatları üzrə 1 milyard 22 milyon 719 min dollar, ixrac əməliyyatları üzrə 1 milyard 279 milyon 645 min dollar ticarət reallaşıb.
İqtisadçı Natiq Cəfərli deyir ki, hələ az da olsa, ticarətdə müsbət saldo var. Amma
2018-ci ilin yanvar ayına
nisbətən müsbət saldo 26,6 faiz, təqribən 100 mln. dollar azalıb:
“Səbəb neftdir. Qiymətlər bir az aşağı düşən kimi ölkənin bütün makroiqtisadi göstəriciləri qarışır. Neft 50 dollara düşsə, ciddi mənfi saldo yaranacaq, idxal ixracı xeyli qabaqlayacaq”.
O qeyd edib ki, başqa ölkələrə ixracın 80 faizi xam neftdir, təbii qaz 8 faiz təşkil edib. Bundan başqa N.Cəfərli bildirib ki, neft məhsulları və elektrik enerjisi 2,5 faiz olub ki, cəmisi 90,5 faiz edir.
“Təxminən 1 faizə yaxın qara metal və alüminium, 1 faizə yaxın da qızıl ixracı. Toplamda resurs ixracatı 92,5 faiz təşkil edib. İndi deyəcəksiz, bəs pambıq, bəs müşavirələr, bəs pambıqda açılan onminlərlə iş yerləri, büdcə işçilərinin əl əməyi hanı? Pambıq lifi 12 mln. dollar, pambıq ipliyi 850 min dollar təşkil edib. Bu da ixracatın 0,93 faizi edir. Pomidorda ixrac 10,4 mln. dollar olub. Qaldı, 2018-ci ildə idxal cəmi 688 mln. dollar olub, amma indi idxal 1 mlrd. dolları keçib. Bunun da səbəbi var. Camaatın pulu artmayıb. Sadəcə indi gömrük ödənişlərinin rəsmiləşməsi artıb və büdcədən xərcləmələr çoxalıb”.
Dünyadan idxalın strukturuna toxunan Natiq Cəfərli deyib ki, bunun 40 faizini, yəni təxminən 411 mln. dollarını bir sətrdə “Digər mallar” yazıb hesabata salıblar.