Bir il ərzində 34 nəfər vergi orqanlarından çıxarılıb

11 nəfər vəzifəsindən kənarlaşdırılıb

Source:


11 nəfər vəzifəsindən kənarlaşdırılıb

2018-ci il və 2019-cu ilin 1-ci rübündə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 24 nəfər barədə 14 material hüquq-mühafizə orqanlarına təqdim edilib.

Bu barədə Vergilər Nazirliyinin Daxili təhlükəsizlik Departamentinin baş direktoru Cavanşir Nuriyev APA-ya danışıb.

Baş direktor bildirib ki, aşkar edilmiş hallar müxtəlif xarakterlidir və yalnız rüşvətalma faktları ilə məhdudlaşmır. Bəzi hallarda vergi əməkdaşlarının himayəçilik etməsi, yaxud vergidən yayınmaq üçün ayrı-ayrı şəxslərə kömək etməsi, bəzən maraq toqquşmasına yol verilməsi və vergi qanunvericiliyinin tələblərinin düzgün tətbiq olunmaması nəticəsində yaranmış risklərlə bağlı hallar qeydə alınıb.

Onun sözlərinə görə, 2018-ci il və 2019-cu ilin 1-ci rübü ərzində yerli vergi strukturlarında aparılmış kompleks audit tədbirləri zamanı aşkar edilmiş müxtəlif faktlar üzrə 34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 11 əməkdaş vəzifədən kənarlaşdırılıb.

“Bu kimi halların məhz nazirliyin təşəbbüsü ilə aparılan yoxlamalar çərçivəsində aşkar olunması vergi orqanlarının öz fəaliyyətində şəffaflığı təmin etmək istəyini ən bariz şəkildə nümayiş etdirir”, deyə Nuriyev fikrini tamamlayıb.


Mayın 22-də

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Vergilər Nazirliyinin bir sıra Ərazi Vergilər İdarələrində pozuntu aşkar edib.

Bildirilib ki, 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntuları araşdırılır:

“2 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mahir Əbdürrəhimov vəzifə səlahiyyətlərindən sui-istifadə edib. O, Xızı və Siyəzən rayonları üzrə maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarından tam və ya qismən olmaqla, ümumilikdə 511 min manat azaldıb. Həmin məbləğləri ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb”.

Ana səhifəXəbərlərBir il ərzində 34 nəfər vergi orqanlarından çıxarılıb