”Bir il burada yaşasalar, infarkt keçirərlər”

Nadir Abışov 7 nəfərlik ailəsi ilə Sumqayıtda yerləşən bu yataqxanada yaşayır. Qubadlıdan köçkün düşmüş Abışovlar ailəsi 23 ildir bu otağa sığınıb. Nadir Abışov deyir ki, əvvəllər anası ilə özü birtəhər bu otağa sığa bilirdi. İndi 4 övladı ilə burda yaşamaq çətindir:

“Dözülməz şəraitdir, yaşamaq mümkün deyil. Prezidentə məktub yazırıq, gedib ona çatdırmırlar. Yoxsa göstəriş verir ki, buna belə cavab verin, getsin? Bilmirəm. Uşaq əsgər getməli olsa, necə gedəcək? Deyəcək hansı şəraitdə məni böyütmüsən, ay dövlət, ay neft-qaz ölkəsi?..”

Nadir Abışovun iki qızı da epilepsiya xəstəsidir, anası ikici qrup əlildir. Ailənin ehtiyaclarını öz işi və anasının aldığı təqaüd hesabına ödəyir. O, Qarabağda gedən döyüşlərdə də iştirak edib. Lakin veteranlıq vəsiqəsini də arxiv idarəsindən ala bilmədiyini deyir.

Qaçqın və məcburi köçkünlərin yerləşdiyi iki mərtəbəli yataqxananın divarları uçub. Birinci mərtəbənin tualetinin işığı da yoxdur. Nadir Abışov deyir ki, Qubadlı və Sumqayıt Rayon İcra Hakimiyyətlərinə müraciəti nəticəsiz qalıb. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən isə ona bildiriblər ki, hazırda boş mənzil yoxdur.

Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına əsasən məcburi köçkünlərə Bakı şəhəri, Abşeron rayonu və respublikanın digər ərazilərində çoxmərtəbəli yaşayış binalar və fərdi evlər tikilməlidir.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən Meydan TV-yə verilən məlumata görə, hələ yataqxanada yaşayanların köçürülməsi nəzərdə tutulmayıb.

Ana səhifəVideo”Bir il burada yaşasalar, infarkt keçirərlər”