”Bir-iki nəfərə görə bütün əsgərlər cəzalandırılırdı”

Mərhum Tapdıq Babaşovun əsgər yoldaşları ifadə verib

Source:
Tapdıq Babaşov
Tapdıq Babaşov
Tapdıq Babaşov
Tapdıq Babaşov


Mərhum Tapdıq Babaşovun əsgər yoldaşları ifadə verib

Aprelin 4-də Bakı Hərbi Məhkəməsində ötən ilin mayında Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus Biləcəri qəsəbəsində yerləşən hərbi hissədə dünyasını dəyişmiş əsgər Tapdıq Babaşovun ölüm işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesi izləyən Meydan TV əməkdaşının məlumatına görə, 14 əsgər – Qurban Həsənli, Cavid Məmmədov, Əkbər Vəkilov, Elgün Həsənov, Fərman Hacıyev, Fərhad Aslanlı, İsmixan Laçınov, İsmayıl Həsənli, İntiqam Həsənov, Kənan Qasımov, Malik Sultanov, Oqtay Məmmədbəyli, Ramil Qurbanov, Sadiq Quliyev zərərçəkmiş şəxs qismində ifadə verib. İfadə verən əsgərlər manqa komandirlərinin sırada düzgün addımlamamağa görə onları döydüklərini, “Yat” əmrindən sonra öz aralarında söhbət etdiklərinə görə təhqir olunduqlarını deyiblər.

Onlar ifadələrində bildiriblər ki, əgər sırada bir-iki nəfər düzgün addımlamırdısa, yaxud manqa komandirlərinin xoşuna gəlməyən hansısa hadisə baş verirdisə, bu zaman  bütün əsgərlər cəza alırdılar.

Əsgər Fərman Hacıyev ifadəsində bildirib ki, “Yat” əmrindən sonra kazarmanın işığı söndürülürdü: “Bu zaman kimsə söhbət edirdisə, bütün şəxsi heyəti qaranlıq otaqda ayağa qaldırıb düzürdülər və döyürdülər”.

Dindirilən əsgərlər Tapdıq Babaşovun ölümü ilə nəticələnən hadisənin şahidi olmadıqlarını deyiblər.

Prosesdə dindirilən əsgərlər döyülüb, təhqir olunduqlarını bildirsələr də, təqsirləndirilən şəxslərə qarşı şikayətlərinin olmadığını deyiblər.

Məhkəmə prosesi aprelin 20-də davam etdiriləcək.

Tapdıq Babaşov ötən il mayın 22-də hərbi hissədə dünyasını dəyişib. Rəsmi məlumatlara görə, o, özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Lakin Tapdıq Babaşovun yaxınları buna inanmır. Onlar əsgərin qətlə yetirildikdən sonra pəncərədən atıldığını iddia edirlər.

Cinayət işi üzrə keçmiş manqa komandirləri – Ruslan Cavadov, Cəmil Ağayev və Elməddin Babayev çıxarılıb. Onlar CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə ittiham olunur.

Cinayət işinin materiallarında T.Babaşovun ölümü ilə yanaşı hərbi hissədə əsgərlərə verilən işgəncələrdən də bəhs olunduğu üçün R. Babaşovun anası ilə birgə 50 əsgər zərərçəkmiş qismində tanınıb.

 Tapdıq Babaşov atasını vaxtsız itirib və ailənin yeganə oğlan övladı olub, BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirib. Ölümündən bir ay öncə, aprelin 22-də Qobustan Rayon Hərbi Komissarlığı tərəfindən xidmətə çağırılıb.

Ana səhifəXəbərlər”Bir-iki nəfərə görə bütün əsgərlər cəzalandırılırdı”