Bir günün tarixçəsi

Gün uzunu mənimlə gəzən qorxu

Source:


Səhəri Lvovdan gəlmə, ətirli kofe ilə açıram. Yuxu hələ də məndən əl çəkməyib, onu özümdən qovmaq üçün həyətə düşürəm. Həyəti yaşlı bir qadın süpürür. Aramızda qəribə bir dialoq başlayır. “Bakıdansan?” “hə”, cavabın verib, qısa kəsmək istəyirəm, danışmağa həvəs yoxdur amma ikinci sual özün çox gözlətmir: “Bakıda belə ağaclıq var?”, “Yox, bizimkilər onu doğrayıb”. Dərdini danışır: “Çətindir, bu qədər yarpaqlar tökülür, süpürməliyəm”. Qəfil mövzunu dəyişir, “bildiz də, pələngi də tuta bilməyiblər, qaçıb aradan çıxıb. Yaman qorxuruq, Allah bilir, indi hardadı, acdır, camaatı yeyəcək. Bəlkə də artıq neçəsin yeyib, o qədər piyan, yetim-yesir var küçədə. Kim biləcək axı?!”. Qəfil gözümün qarşısına gecələr küçədəki dilənçiləri, evsiz-eşiksizləri parçalıyıb, yeyən pələng gəlir. Mümkün deyil, yesəydi, sümüyü qalardı…nə gic-gic şeylər düşünürəm deyib, evə girirəm.


Bu günlərdə Tbilisi camaatının əsas dərdi daşqınlardan sonra heyvanxanadan qaçan pələnglə bağlıdır. Hələ də pələng tapılmayıb. Xəbərlərə, daha çox da dedi-qoduya inansaq, onu görən insanlar varmış. Bir xanım hətta polisə zəng edir ki, pələngi görmüşəm, bəs gəlin. Polis gəlir, amma xanıma deyir ki, sizin gördüyünüz pişik olub. Qorxu təhlükəni daha da böyüdür. İnsanlar belədir, şişirtməyi sevir.


Pələng sevdiyim heyvandır, ona məxsusi hörmətim var. Amma qarşı-qarşıya gəlməməyi, ona əziyyət edib heyvanxanaya salmış insanların acığını məndən çıxmasını, yəni məni yeyib sümüyə döndərməsini mən də istəmirəm. Balaca bir gizilti keçir içimdən.

Günortadan sonra Tbilisinin sevdiyim kafelərindən birinə gedirəm, daha bir kofe içib, Elias Cannetinin “Korluq” romanını oxumaq istəyirəm. Neçə gündür, bu kitab məni bərk məşğul edir. Amma kitabı oxuya bilmirəm, yanında həmişə maraqlı insanlar olan dostum ordadır. Onun “couchsurfing”-lə evdə qonaq edəcəyi yaşlı italyan bir xanımla oturub. Bizləri tanış edir, mövzular bir-birinə qarışır, amma maraqlıdır. Xanımın 60 yaşı var, 17 ildir İtaliyadakı evini kirayə verərək dünyanı gəzir. İki dəfə Azərbaycanda olub, babat səfər CV-si var. Sabah yenə də Azərbaycana gedəcək. Zamanında nudist, hippi hərəkatlarında iştirak edib, universitetdən qovulub. Heç nəyə peşman deyil, deyir necə istəmişəm, elə də yaşamışam, yaşayıram. Çox istiqanlı, həyat eşqli, işıqlı biridir.


Amma Azərbaycanla bağlı heç də xoş olmayan xatirələri var. Bir dəfə ayağın sındırıb, 40 gün Azərbaycanda qalmalı olub. Ondan dünyanın ən pis polisləri haqqında soruşuram, top onluq istəyirəm Baxmayın da, adam 17 ildir motosikletlə dünyanı gəzir, hər halda, polislə təması az olmayıb. Cavabı qısadır: “Sorry Emin, but the Azerbaijani polices are bastards!”. Niyə deyə soruşuram, deyir “çox kobudurlar, keçən il də məni həbs etməklə qorxudub, 100 avromu əlimdən alıblar”.


Axşam düşməyə başlayır, Tbilisinin sevdiyim publardan birindəyəm. Adı “Dive Pub” , amma mən ona “div pub” deyirəm, çünki çox xoşuma gəlir. Bu pubda, həftə sonları ən müxtəlif irqdən dindən, dildən, milliyətdən insanlar görmək mümkündür. Professordan tutmuş, tələbə, yazıçı, intelektuallara kimi bura gəlir. Mühit tapdınmı, heç vaxt darıxmazsan, çünki burda hər kəs nəyisə əla bilir.


Sovet dövrü üzrə Pensilvaniyada doktorluq işi yazan bir amerikanlı tanışla danışıram. Söhbət təhsil ənənəsində gedir, mən də Zaqatalanı misal verib, o haqda bildiyimi deyirəm. Mənə həmişə təəcüblü gəlib ki, niyə Zaqatala rayonlarımız içərisində proqressiv insanlar yetişdirməkdə ən birincilərdən olub. Bu haqqda Bakıda Tibb Universitetində oxuyan, həm də həvəskar psixoanalitika il məşğul olan bir tanışla danışarkən, bunu belə əsaslandırmışdı ki, bəs Sovet dövründə siyasi məhbusların saxlanıldığı həbsxanalardan biri Zaqatalada olub. Orada Sovetin qaymaqları olan insanlar saxlanıb. Məsələn, onun biologiya müəllimi Moskva Dövlət Universitetinin professoru olub, musiqi müəllimi isə Konservatoriyanın. Həmin insanlar isə həbsdən azad olduqdan sonra Zaqatalada qalırmış. Yəni inkişafın arxasında onlar durur. Bu məlumatı elə amerikalıya demişdim ki, dedi bəs, mən bu mövzu üzrə kitab yazmaq istəyirdim. Maraqla dinləyirəm: “ Amerikada 1929-cu ildə “Böyük Böhran” yaşanarkən, bir çox professor, doktor dərəcəsi almış insanlar işsiz qaldı. Hökümət onların işsizlik problemini həll etmək üçün orta məktəblərə dərs deməyə göndərir, ya da özəl məktəblər onları işə qəbul edir. Bu o qədər kütləvi şəkildə olub ki, o insanların dərs verdiyi şagirdlər sonradan ABŞ-ın “qızıl uşaqları” deyə adlandırılıb. Bizim tariximizdə, hələ elə nəsil yetişməyib. Buna səbəb həmin professorların orta məktəbdə dərs verməsi olub”

Dünyanın hər yerində proses eyni nəticələnirmiş.


Evə qayıdıram, saat gecə 1-dir, açarı almaq üçün 10 dəqiqə deyib, yarım saata gələn bir başqa dostuma sms atıram: “Tez gəl, pələngə yem olmaq istəmirəm ” yazıb, sms-ə smaylik yapışdırıram. Smayliki ona görə qoyuram ki, guya məzələnirəm. Amma əslində, qorxu məni bürüyür. Sən demə, səhər o yaşlı qadının dedikləri bütün gün boyu mənlə birlikdə gəzib, gecənin qaranlığında isə qorxum özünü büruzə verib.



Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəBir günün tarixçəsi