AXCP

Mənbə: arxiv

Başlıq: AXCP

Bir gündə 6 AXCP üzvü saxlanılıb

AXCP: İlham Əliyevin çıxışından sonra partiyaya təzyiqlər artıb

Prezident İlham Əliyevin iyulun 15-də Nazirlər Komitəsinin iclasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) barədə söylədiklərindən sonra partiyanın 17 üzvü saxlanılıb. Bu barədə Meydan TV-yə AXCP-dən verilən məlumatda bildirilir ki, onlardan ikisi – partiyanın Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusifli və gənc fəal Seymur Əhmədzadə haqqında həbs-qətimkan tədbiri seçilib. Onlar iyulun 14-dən 15-nə keçən gecə Orduya dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin parlamentə daxil olması, polis maışınını aşırması) görə ittiham olunur:

“İlham Əliyevin nifrət ritorikalı çıxışından sonra 19 cəbhəçi saxlanılıb. Onlardan dördü buraxılıb. İki nəfərə qarşı rəsmi ittiham irəli sürülüb. 13 nəfərin yeri barədə isə məlumat verilmir. Təkcə iyulun 20-də partiyanın 6 üzvü - Nicat Abdullazadə, Süleyman Məhərrəmli, Ayaz Məhərrəmli, Baba Süleyman, Mahir Namazov və Ceyhun Novruzov saxlanılıb”. Partiyanın Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov və sıravi üzvlər Ramid Nağıyevlə İsmayıl Həsənovun saxlandığı deyilir. AXCP-dən verilən məlumata görə, partiya üzvlərinin saxlanma səbəbi və yeri bilinmir. Saxlanılan şəxslərin vəkilləri ilə görüşünə imkan verilmir. Vəkillərin əlində order olduğu halda, görüşə buraxmırlar. “Bu da onların işgəncə altında olması barədə məlumatların doğruluğuna dəlalət edir”, - partiyadan bildirilir.

Partiyadan o da bildirilib ki, saxlanılan cəbhəçilərin əksəriyyətini Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb, orada işgəncə verirlər. Məqsəd isə onlardan AXCP sədri Əli Kərimli və Asif Yusifli haqqında ifadə almaqdır: “Guya Əli Kərimli Asif Yusifliyə göstəriş verib, o da həmin gün yürüşdə iştirak edən cəbhəçilərə təlimat verib. Onlar təxribat törədiblər. Absurddur. Saxlanılan cəbhəçilər arasında elələri var ki, həmin gün ümumiyyətlə, yürüşə qatılmayıb. Asif Yusifli özü yürüş zamanı canlı yayımla olduğu yerləri göstərib. Saxlanılan cəbhəçilərin heç bir Milli Məclisdə və digər təxribatlarda iştirak etməyib. Sadəcə, yürüşə qatılmaqla Qarabağa, Milli Orduya dəstək ifadə ediblər. İlham Əliyev bundan sui-istifadə edərək, AXCP-yə qarşı repressiyaların növbəti dalğasına başlayıb”.

AXCP vurğulayıb ki, parlament və ətrafda yerləşən binaların hamısında çoxsaylı müşahidə kameraları var. Əgər cəbhəçilərin həmin gün təxribatda iştirakını təsdiqləyən sübutlar olsaydı, hüquq-mühafizə orqanları bunu dərhal ictimailəşdirərdilər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərin vəkillərilə görüşünə imkan yaradılmaması, işgəncəyə məruz qalması haqda deyilənlərə münasibət bildirməyib.

İyulun 14-dən 15-nə keçən gecə baş verənlərlə bağlı araşdırmalar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasındakı çıxışında da bu məsələyə toxunaraq demişdi: “Biz “beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.

AXCP sədri Əli Kərimli isə bildirib ki, İ.Əliyev Qarabağ məsələsindən də repressiya məqsədilə sui-istifadə edir: “Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui-istifadə edir.

Xalqa, ən kasıb insanlara çatmalı olan sosial müavinətləri oğurlamış icra başçılarına İlham Əliyev demişdi ki, Allahdan qorxsunlar, belə kasıb insanların malını yeməsinlər. İndi mən İlham Əliyevə xatırlatmaq istəyirəm ki, Qarabağ, Vətən sevdalısı olan, heç bir cinayət törətməmiş, vətənpərvər insanları şərlədib uzun müddətli həbslərə göndərmək həmin o işsizlik müavinətlərini yeməkdən heç də yüngül əməl deyil. İki balaca övladı anasız qalmış, Mətanət xanımı şərlətdirmək, Qarabağ qazisi, astma xəstəliyi olan Tofiq Yaqublunu Hepatit və vərəm xəstəlikləri olan məhbuslarla bir yerə salıb həyatına qəsd etmək, 5 illik siyasi məhbus həyatını yenicə başa vurub azadlığa çıxmış Qarabağ qazisi Asif Yusiflini yenidən şərlətdirmək isə həmin icra başçısının sosial yardımları yeməyindən daha ağır cinayət olar”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mxfh0k

Ən çox baxılan