Səhər-səhər oxuduğum “arzu edirəm ki, heç bir qadın: “Kaş, kişi doğulaydım” deməsin!” cümləsi məni tutdu. Elə pis tutdu ki, bu yazını yazmağa qərar verdim. “Kaş, kişi doğulaydım!”. Bu cümlənin arxasında nə qədər ağrı, göz yaşı var, bir allah bilir…
Qadın haqları uğrunda savaşın simvolu kimi meydana gələn 8 Mart Ümumdünya Qadınlar Günü… Tarix yaxınlaşmağa başlayanda, günlərlə həm sosial şəbəkələrdə, həm də cəmiyyətdə yarızarafat-yarıciddi “8 Mart – hədiyyə” assosasiyası görürük. İyirmi birinci əsrdə hələ də “qadın da kişi ilə bərabərhüquqlu insandır” davası aparmağa məcbur qalmaq nə qədər gülməlidisə, qadınların bu günü hədiyyə bayramı kimi görməsi də, o qədər dəhşətlidir.
Hər 8 Martda nə qədər qız görürük, əlində gül, yanındakı oğlan üstünə qışqırır, küçədə şillə vurur, qolunu dartır. Qız da sanki belə olmalıymış kimi davranır. Ən “əziz” günündə onu təhqir edən adama cavab verə, hədiyyəni üstünə tullayıb, gedə bilmir.
Halbuki, qadınların əzilməsinə şəxsi nümunə ilə belə töhfə vermək olmaz. Bu qədər inkişaf etmiş dünyada yüzillərdir boynuna asılmış zəncirlə barışmaq olmaz. Fərqi yoxdur, söhbət siyasi sferadan gedir, ictimai sferadan, yoxsa məişət səviyyəsindən. Mənə elə gəlir ki, ölkənin az-çox inkişaf edə bilmiş, buna fürsəti olmuş bir xanım olaraq, bu məqamda ölkəmin qadınlarına bir neçə kəlmə demək boynumun borcudur.
Əziz xanımlar!
Bəlkə fikir verməmisiz, amma biz, həyatda yaşadığımız problemlərin yarıdan çoxunu qadın olduğumuza, cinsimizə görə yaşayırıq. Gəlin, etiraf etməkdən qorxmayaq, bir problemi məhz hansısa cinsdən, irqdən, sosial statusdan və s. olduğun üçün yaşayırsansa, deməli, ümumiyyətləortada problem yoxdur. Bu gün ta uşaqlıqdan cəmiyyət tərəfindən hərtərəfli sıxışdırılan, kompleksə salınan qadınlara ən böyük tövsiyyəm, güc qarşısında məğlub olmamalarıdır. Daha önəmlisi, bununla barışmamalarıdır.
Xaricdə oxumaq istəyirsinizsə, oxuyun! Geyinmək istədiyinizi geyinin! Sevişmək istəyirsinizsə, sevişin! Eynən kişilərin bunları rahat şəkildə icra edə bildiyi kimi. Haqlarınızı heç kim sizə hazır xonçada verməyəcək. Ya alacaqsınız, ya da başqasının sizin yerinizə necə yaşayacağınızı seçməsinə icazə verəcəksiniz. Bax, bundan oddan qorxan kimi qorxmaq lazımdır.
Unutmayın, yenilik heç vaxt əziyyətsiz gəlməyib. Dantenin “İlahi Komediya”sında olan kimi, boynu arxaya doğru bitən adamlar həmişə olacaq. Onlar sizi təhqir edəcəklər, lağa qoyacaqlar, hər üsulla alçaltmağa çalışacaqlar, çünki ya artıq məğlub olublar, ya da sizi özlərinə hazır şəkildə ötürülmüş avtoritetə təhlükə kimi görürlər. Hərəki olaraq bir müddətlik dayanmaq olar, amma beyində təslim oldunsa, vəssalam, bitdin. Ondan sonra gəlir kompleksə düşmək və mühafizəkarlıq.
200 il əvvəl ulu nənənizi necə əziblərsə, sizi də elə əzəcəklər. Özgüvəninizi yerlə-yeksan edəcəklər. Sonra da başlayacaqsınız az-çox sərbəst gördüyünüz qadınları təhqir etməyə. Bir gün özünüzü kiməsə: “Sevgilisi yaxşı edib, öldürüb” deyən yerdə də görə biləcəksiniz.
Mühafizəkarların sizə təqdim etdikləri ilə razılaşmayın, məğlub olmuşlara və fürsətcillərə oxşamayın. Güclü olun və hər şeyin ən yaxşısını alın. Ən pis ehtimalda, ideya icraçısı ola bilməsəniz də, ideya daşıyıcısı olun.
Təslim olmaq olmaz!
Dirəniş bayramımız mübarək!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…