Bir əsgərin seçki etirafları

O, İlham Əliyevin adı olan hissəsi işarələnmiş bülletenləri bizə uzatdı.

Source:

2008-ci ilin iyul ayında Şəmkirin N saylı hərbi hissəndə xidmətə başlamışdım. Hərbi həyatın mülki həyatdan fərqini orada gördüm. Ancaq dəyişməyən reallıq var idi. Hakimiyyətin siyasi təzyiq mexanizmi mülki həyatdakı kimi, orduya da təsir etmişdi. Özü də repressiv basqıyla ordunun etiraz etmək hüququ mühakiməsiz həbs idi.

Həmin ilin oktyabr ayında Azərbaycanda növbəti prezident seçkiləri keçirilirdi. 2003-ci ildəki uğursuzluqdan sonra toparlana bilməyən müxalifət seçkini boykot etmişdi. Neftdən gələn milyardlarla hakimiyyətini daha da möhkəmlədən İlham Əliyev ikinci beşillik müddətində namizədliyini irəli sürmüşdü. Axşam düzülüşü idi, “zampolit” (Hərbi hissə komandirinin təlim-tərbiyə üzrə müavini) bölükləri bir bir-bir gəzirdi. O, ciddi görkəmlə sağ əlini sol əlində tutduğu vərəqə tuşlayıb nə isə izah edirdi. Bizim bölüyə çatıb farağat komandası verib, sonra “azad” dedi. Qaşlarını çatıb, cibinə qoyduğu vərəqi çıxarıb, diqqətlə onu dinləməyimizi istədi. Sabah ölkəmizdə növbəti prezident seçkilərinin keçiriləcəyini deyən rütbəsi endirilmiş polkovnik-leytenant izahının namizədlər hissəsində barmağını İlham Əliyev yazısının üzərinə uzadaraq “facebook trolları” kimi onun təbliğatına başladı.

Söhbəti yekunlaşdırıb sağollaşmaq istəyəndə “yoldaş polkovnik digər namizədləri tanımaq olar”,- sualını verdim. Üz çizgilərinin reaksiyasız qalmasından hiss etdim ki, sual qarşısında çaş-baş qalıb. 20 saniyəlik susqunluqdan sonra daha ciddi görkəm alan polkovnik-leytenant gurultulu səsi ilə məni yanına səslədi. Suala belə üsyankarlıq gözləmədiyimdən özümü itirib sıradan birtəhər çıxdım. Polkovnik çiynimə yapışıb təntiyərək dedi ki, belə bir təxribatçını hardasa gözləyirdim, nəhayət, sizin bölükdən çıxdı. Məsələni anlayandan sonra təhqir olunduğumu hiss etdim və özümə nəzarəti ələ alıb dedim ki, mən seçiciyəm, İlham Əliyevdən başqa digər namizədləri tanımaq hüququm var. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan bu zabit qışqırmağa başladı. O, məni vətən xaini olmaqda ittiham edirdi və İlham Əliyevin quruculuq işlərindən danışırdı. Mən isə müharibədə gördüyü əzablara görə saçı vaxtından əvvəl ağarmış bu zabitin düşdüyü acizliyin fikrini çəkirdim.

Sonra o, məni qərargahın qarşısına apardı. Qərargah rəisinə təqdim edərək dedi ki, bu əsgər dövlətin əleyhinə təbliğat aparır. Bəstəboy idmançı görkəminə və sağlam həyat tərzinə malik bu zəhmli qərargah rəisi avtoritetli zabit idi. O əsgərləri döyməklə də ad çıxarmışdı. Amma mən bu davranış qarşısında əmrlərə tabe olmağı və qorxu hissini itirmişdim. Qərargah rəisinə dedim ki, biz 37-ci ildə yaşamırıq, verdiyim sualda da hər hansı qanunsuzluq yoxdur. O, təmkinlə sözlərimə qulaq asıb, “səni başa düşürəm”, – dedi. Mayor rütbəli bu gənc zabit ordunun siyasətə qarışmadığını, ona görə də belə suallar verməsəm, mənim üçün yaxşı olacağını dedi. Şanlı Azərbaycan ordusunun zabitlərinin elementar sual qarşısında niyə bu qədər qorxaq, aciz olduqlarını anlaya bilmirdim. Məni asıb-kəsmək mərhələsi hələ bitməmişdi.

Gecə yerimdən qaldırıb, hərbi hissə komandirinin yanına gətirdilər. Otağa girdikdə polkovnik-leytenantı da orada gördüm. Onun oturuşundan, baxışlarından hiss elədim ki, hərbi hissə komandirinə ən yaxşı halda mənim ordu daxilində vətən əleyhinə təbliğat apardığımı deyib. Komandir uca səslə “Qudurmusan, ə? Dövlətimizin əleyhinə fikirlər yürüdürsən, prezidentimizə qarşı çıxırsan. Nəyin çatışmır sənin? Yeməyin-içməyin var, dövlətimizin qayğısı var. Sən öl, səni vətən xaini adı ilə basdıraram içəri, əlli-ayaqlı gedərsən”. Cavab vermək istəyəndə səsimi kəsərək, susub əmrə tabe olmağımı tələb etdi.

Mən də dinməz otaqdan çıxıb getdim. Tək olduğumun, müqavimətimin faydasız olduğunu dərk etdim. O an hüquqları pozulmuş, üzündən dərd-qəm, qayğı yağan vətəndaşdan biri kimi hiss etdim özümü. Səhərisi gün seçkiyə getdik, uzun cərgələrlə məntəqəyə daxil olduq. Bizi mülki geyimdə saçını sarıya boyamış, orta yaşlı eynəkli qadın qarşıladı. O, İlham Əliyevin adı olan hissəsi işarələnmiş bülletenləri bizə uzatdı. Biz də sıra ilə hazır bülletenləri qutuya atıb məntəqədən çıxırdıq. Bizimlə bərabər 2008-ci ildə tərxis olunmalı olan əsgərlər də var idi. Seçkilərə görə, onların tərxisini yubatmışdılar və belə saxta seçkilərə alət edirdilər. Şahidi olduğum bu xoş olmayan xatirə ordu, vətən anlayışıma təsirsiz ötüşmədi…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəBir əsgərin seçki etirafları