Bir daha vətənpərvərlik haqqında

Biz vətənpərvərlik məsələsində lovğa və naşıyıq.

Source:

1-ci yazı…

Yerdən atmaca atdım ki, bəli, bəli, doğrudu, hətta Adəm və Həvva da əslən azərbaycanlı olublar. Sizin alim bir az da ürəkləndi, dedi ki, fikrimcə, Adəm və Həvva türk olub, bu, bir xalq kimi türk (Türkiyə türkləri) və azərbaycanlıların bölünməsindən çox əvvəl baş verib…


 “Vətənpərvərlik- əclafın son sığınacağıdır”


(Samuel Conson)

Bir neçə il bundan əvvəl Türk Dil Qurumunda qonaq idik. Bizi dostcasına qarşıladılar, tükrsayağı qonaqpərvərlik nümayiş etdirdilər. Azı  10-15 dəfə qaynadılmış, qaynamaqdan rəngi qapqara qaralmış və bir az da qatılaşmış, zəhər kimi acı tam verən çay süzdülər, özü də üskük boyda armudu stəkanda, onun da yarısından çoxu “dodaq yeri”, yanında da bir dənə noxud boyda qənd…

Qətiyyən gileylənmirəm! Əvəzində dəyərli alimlərlə tanış olduq, qol-boyun şəkil çəkdirdik. Bu alimlərdən biri ilə türkologiyanın ümümi məsələləri, aktual problemləri, müasir Azərbaycan və türk dillərinin bir-birinə təsiri və s. mövzularda xeyli fikir mübadiləsi apardıq. Söhbətimiz xoşuna gəldi. Söhbətdən sonra müsahibimiz bizi təkidlə vaxtaşırı Türkiyədə keçirilən elmi simpoziumlara dəvət etdi. Biz etiraz etdikcə, özümüzü naza çəkdikcə, o daha da ciddiləşirdi. Hətta yol və hotel xərcini öz üzərinə götürdü. Çıxışlara görə sanballı qonorar da veriləcəyini vəd etdi. Sonralar mən həmin adamla ara-sıra yazışırdım. Bir dəfə utanmağı buraxıb, ona belə bir sual verdim:

-Hocam, bax, bizdə çox adlı-sanlı türkoloq alimlər var, siz niyə onları yox, məhz bizi dəvət edirsiz?

O, elə bil, suala hazır idi, dedi:

-Bilirsən, 90-cı illərin əvvəllərində biz sizin alimləri tez-tez dəvət edirdik. Gəlirdilər. Gəzirdilər. Alış-veriş edirdilər. Çıxışlarında isə yeni bir şey olmurdu.  Adətən, sizinkilər türk etnosunun qədimliyindən dəm vurur, az qala, türkləri dünyanın ən qədim xalqı elan edirdilər. Axı biz bilirik ki, bu belə deyil. Bir dəfə isə həmin alimlərinizin biri (müsahibim həmin alimin adını çəkdi, amma mən özünü elə aparacam ki, guya bu adamın adını unutmuşam, üstünü vurmayın) ciddi bir tədbirdə Azərbaycan dilinin yaşını 30 min ilə qədər qaldırdı. Düzü, buna hazır idik, çünki sizinkilər hər dəfə bir-iki min il artırırlar. Amma bu dəfə lap ağ oldu. Yerdən atmaca atdım ki, bəli, bəli, doğrudu, hətta Adəm və Həvva da əslən azərbaycanlı olub. Sizin alim bir az da ürəkləndi, dedi ki, fikrimcə, Adəm və Həvva türk olub, bu, bir xalq kimi türk (Türkiyə türkləri) və Azərbaycanlıların bölünməsindən çox əvvəl baş verib…

Bu əhvalatı ona görə danışıram ki, dünyanın, hətta öz aşırı millətçi meyillərinə baxmayaraq türk fikir adamlarının bizim yalançı vətənpərvərliyimiz haqqında nə düşündükləri aydın olsun.


Biz vətənpərvərlik məsələsində lovğa və naşıyıq.

Yadınızdadırsa, alimlərlə görüşü zamanı (Səhv etmirəmsə, bu, Milli Azərbaycan Ensiklopediyasının müzakirəsi zamanı idi, ümumiyyətlə, əhvalatı detalları ilə xatırlamıram. Əgər yanlışlıq etsəm, üzrlü sayın) H.Əliyev tarixçi-alim İqrar Əliyevə öz tövsiyələrini verirdi. İqrar müəllim isə prezidentin xoşuna gəlməkçün deyib ki, cənab prezident, siz deyəndən sonra mənim ağzım nədir ki, elə yazmayım! H.Əliyev bir az əsəbləşmiş və İqrar müəllimə tarixi bir cavab vermişdi:

-Necə yəni, mənim ağzım nədi?! Sənin ağzın alimdi!

Bizim tədqiqatçılar hansısa elmi araşdırma aparan zaman, sanki, qarşılarına konkret məqsəd qoyurlar və bütün araşdırma həmin məqsədə çatmağa xidmət edir. Bu məqsəd isə təxminən bundan ibarət olur: Azərbaycan xalqının dünyanın ən qədim, ən qüdrətli xalq olduğunu sübüt etmək! Azərbaycan dilinin dünyanın ən qədim və ən zəngin dili olduğunu sübüt etmək! Az qala, sivilizasiyanın Azərbaycandan başladığını sübüt etmək!

Heç də təsadüfi deyil ki, Oljas Suleymenovun elmi faktlardan daha çox yazıçı təxəyyülünün gücünə əsaslanan “Az i Ya” əsəri tezliklə populyarlaşdı, hamının sevimli əsəsrinə çevrildi. Bu cür yanaşma ilə obyektiv nəticəyə gəlməz olmaz!

Vaxtilə Stalin Sovet tədqiqatçılarının qarşısında belə bir tələb qoymuşdu: Siz sübut etməlisiniz ki, SSRİ-də bir nəfərdə olsun, türk yaşamır! Bu, geniş mövzudu, imkan olsa, növbəti yazılarımda buna toxunacam. Hələlik isə tarixi araşdırmada obyektivlikdən və bu məsələlərin inzibati yolla tənzimlənməsindən danışırıq. Bələ də, danışası olmadıq.

Bizim ziyalılarımız xalq qarşısında mümkünsüz və fikrimcə, lazımsız bir tələb qoyurlar: sən dünyanın ən qədim xalqı, ən zəngin mədəniyyətə malik milləti olmalısan! Axı bu qeyri-mümkündür. Axı dünya öz tarixinin 21-ci əsrindədir. Artıq çox gecdir. Nə olubsa, olub. Keçənə güzəşt demək lazıdır.

Bu yerdə, özümün gözəl bir sözüm yadıma düşür: “Geriyə baxa-baxa qabağa gedənlərin çuxura düşməyi qanunauyğunluqdur.” Yaman demişəm ha!

Biz dünyanın ən qədim xalqı olmağa borclu deyilik! Bir xalq olaraq, dünyanın qarşısında belə bir öhdəlik götürməmişik. Bizim daha vacib problemlərimiz var.

Narahat olmayın, mövzudan yayınamışam. Məsələ burasında ki, biz özünü aldatmağı vətənpərvərlik kimi anlayırıq. Biz öz xalqını dünyanın ən qədim və ən qüdrətli xalqı hesab etməyən adamı vətənpərvər kimi qəbul edə bilmirik. Biz şirin nağıllar həvəskarıyıq, axırda da göydən üç alma düşür. O almaların bölünməsindəki ədalətsizlik isə Azərbaycan reallığına uyğun…


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəBir daha vətənpərvərlik haqqında