Bir cəsədə baxıb, qapı açmaq

Expression of freedom go to hell

Source:


Praqada görmüşəm. İctimai nəqliyyata bilet alırsan və minirsən avtobusa, tramvaya, qatara. Nadir hallarda bilet yoxlayan nəzarətçi ilə üz-üzə gəlirsən. Başqa vaxt sənə “gözün üstə qaşın var” deyən yoxdur. Yəni bilet almasan da, ictimai nəqliyyatdan istifadə edə bilirsən. Varşavada həmyerlilərimiz belə də edirdilər. Qatarda sondan ikinci qapıda mövqe tutub diqqətlə gözləyirdilər ki, nəzarətçiyə oxşayan kimsə gəlsə, orta qapıdan qaçsınlar. Bunlar bizim Avropa təhsili almış və almaqda olan gənclərimiz idi, Suriyanın savadsız və müharibə görmüş, yəni yaşamaq üçün, demək olar ki, hər şeyi məqbul sayan kütləsi yox.

Yəni çətindir Avropa dəyərləri ilə yaşamaq. İnsanların bir-birinə hörməti, inamı on illər ərzində çətinliklə formalaşdırılıb. Hələ də yayılma sürəti çox da yüksək olmadan davam edir. Məsələn, Praqada yoxlama-filan olmadan ictimai nəqliyyata daxil ola bilsən də, Budapeştdə metronun girəcəyində 2 yekə adama bileti mütləq göstərməlisən. Yəni bu inam, etibar məsələsi Budapeştə Praqadakı qədər gəlib çatmayıb, hələ gəlir.

Stefan Zweig I Dünya Müharibəsinə qədərki dövr haqqında yazırdı ki, insanlar bir-birlərinə inanırdılar. Çünki Avropada təxminən yarım əsrə yaxın idi ki, müharibə olmurdu. İnam insanları yaxınlaşdırmışdı, sərhəddə yoxlamalar formal idi, sadəcə məmur soruşurdu ki, “üstünüzdə filan əşyalar varmı?”. “Yoxdur” deyəndə inanınb buraxırdı, kimdəsə varsa, yoxlanmadan çıxardıb ortaya qoyurdu.

İnam insanı ehtiyatsız edir, qarşı tərəfin xoş niyyətinə etibar etməyə məcbur edir. Nəticədə qarşı tərəfin əclaf niyyətinə qarşı müdafiəsiz edir adamı. I Dünya Müharibəsi bunu çılpaqlığı ilə göstərdi. Dünən sərhəd anlayışı formal olan xalqlar bir-birlərini bir qarış torpaqdan ötrü qırıb-tökməyə başladılar. II Dünya Mhüaribəsi məsələni lap batırdı. Sərhəd də arxa planda qaldı. İnsanlar soyad sonluğuna görə, qanına görə qiymətləndirildi, dünənə qədər ən yaxın dost, qonşu olan insanlardan alman olanı yəhudi olanını çuğulladı ki, tutub öldürsünlər.

1945-dən sonra Avropa xarabalıqlar üzərində yenidən ucalmağa başladı. Bu, təkcə binaların xarabalıqları deyildi, ideyaların, insafın, inamın, mənəviyyatın xarabalığı idi. Avropa bu uçub tökülmüş qalıqların tozu ilə örtülmüş dəyərlərini tapıb çıxartdı, tozunu sildi, baş ucuna qoydu və o dəyərlərə tapınıb yeni cəmiyyət qurmağa başladı. İqtisadi, siyasi sistemini də bu dəyərləri nəzərə alıb qurdu. İndi də davam edir bu quruculuq. Böyük nəticələr əldə olunub. Dünyanın 3 iqtisadi mərkəzindən biri, unikal və uğurlu birlik modeli Avropa Birliyi var və hazırda dünyanın xilaskarı, hamisi roluna iddialıdır.

Bu rol tək AB-ə yox, Şimali Atlantikanın digər dövlətlərinə – ABŞ, Kanadaya da aiddir. Bu region həmin inamı, etibarı qaytara bilib. İnsanlar bilet alırlar, baxmayaraq ki, yoxlanma ehtimalları azdır. Təhlükəsizlik işçiləri yenə soruşurlar ki, “təhlükəli əşyanız varmı?”. “Yoxdur” deyəndə inanırlar. Olanlar çıxarıb təhvil verirlər (ABŞ-da özüm görmüşəm bunu).

Bir də var Şərq dediyimiz, amma Şərqdən daha geniş anlayış olan dünyanın qalan hissəsi. İnsanlar iqtisadi və ya digər səbəblərdən bir-birlərinin ətini, vaxtını, ömrünü yeyirlər. Onlara geniş anlayış və ya şərh vermədən miqyası daraldaq.

Özümüz müharibə görmüşük. Müharibəni birbaşa görən adamların dəyər anlayışının necə aşındığının şahidi olmuşuq. İşğal olunmuş torpaqlardan gəlib Bakıda, Sumqayıtda darvazanı svarka (!) ilə, divarı (!) lomla dağıdıb başqalarının evlərini işğal edən adamlar haqqında hamımız eşitmişik. Çadırın içində dizə qədər palçıqda dayanıb “ömrünün qalan hissəsini prezidentinə bağışlayan” adamları da görmüşük AzTV-də. Mən kimisə qınamıram burada, sadəcə faktları təsvir edirəm.

Onu dəqiq bilirəm ki, kimsə başqasının evini zəbt etmək istəməz, yaltaqlanmaq istəməz, bir qutu ərzaq yardımından ötrü özünü söydürmək istəməz. Sadəcə müharibə, hər şeyini itirmək, arxa-dayaqsız, dövlətsiz olmaq kütləni elə hala salır ki, ondan nə desən gözləmək olur və qınamaq da çətin olur.

İndi Suriyadan Avropaya Qarabağdan qat-qat böyük müharibəni görmüş və hər şeyini, bəzən hər kəsini itirmiş adamlar gedir. Dəyər anlayışı əsaslı təhrif olunmuş və ya tamamilə itirilmiş adamlar inam və etibara əsaslanan şərait qurmuş adamların cəmiyyətinə gedir. Və beyinlərində müntalitet, din…

Onların müharibə görməyən, Avropadan inamdan sui-istifadə edərək, sığınacaq alan, on illərdir orada yaşayan həmvətənləri, dindaşları, adət-ənənə sirdaşları hələ də Avropada şəriət tələb edirlər. İndi görün, bunlar nələr tələb edəcəklər…

Avropa dəyərləri yalnız humanizmdən ibarət deyil. Humanizm özü də bir meyitə baxıb qapını qaçqınlara açmaq deyil. Avropa dəyərləri çox geniş anlayışdır və hazırda Avropada həm də inam və etibar üzərində durur. Və bu inam və etibar daxil olmaqla, Avropanın əksər dəyərləri böyük təhlükədədir. Bu dəyərlərin Şərqə yayılma sürəti azalacaq, çünki elə Almaniyanın içində hamını əhatə edə bilmir və son günlər əhatə etmədiklərinin dairəsi xeyli genişləndi.

Budapeştdə metroda yoxlamanın Praqadakı kimi olması bir az da gecikəcək, Rumıniya və Bolqarıstanın AB-nin digər üzvlərinə çatdırılması bir az da gecikəcək, Gürcüstanın, Moldovanın, Ukraynanın demokratikləşdirilməsi sürəti azalacaq. Və bizim üçün ən nəhayət, demokratikləşmə dalğasının Gürcüstandan daha şərqə, məsələn, bizə keçməsi daha da ləngiyəcək, Avropanın gündəmindən tamamilə çıxacaq. Artıq onların öz demokratikləşmə problemi olan kütlələri var. Və bu axına görə artmaqda olan neo-faşistləri. İndi neo-faşistləri də qınamaq çətinləşəcək. Post-modernizm bu qədər uğur əldə etməməli idi.

Vəziyyət bu cənabın başının üstündəki plakatda yazılan sözlərlə onun bu sözləri demək üçün istifadə etdiyi ifadə azadlığı arasındakı ziddiyyət qədər qarışıqdır.


Yazıdakı firiklər müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəBir cəsədə baxıb, qapı açmaq