“Bir binada üzlüyün sökülməsi 20-30 min manata başa gələcək”

Natiq Cəfərli: “Binalara çəkilən 700-800 milyon xərci götürsək, 20 minə yaxın gəncin Türkiyə və Qərb ali təhsil ocaqlarına göndərilməsi mümkün idi”

Source:


Natiq Cəfərli: “Binalara çəkilən 700-800 milyon xərci götürsək, 20 minə yaxın gəncin Türkiyə və Qərb ali təhsil ocaqlarına göndərilməsi mümkün idi”

Mayın 19-da Binəqədi rayonunda 15 nəfərin həyatına son qoyan 16 mərtəbəli binanın yanmasıyla ictimai-siyasi və iqtisadi həyatda yeni müzakirə predmeti gündəmi işğal etdi. Faciədən sonra Dövlət Komissiyasının toplantısında məlum oldu ki, təkcə Bakı şəhərində 240 bina yanğına həssas penoplast materialla üzlənib. O cümlədən, Gəncə, Sumqayıt, Qazax, Mingəçevir, Neftçala və digər rayonlarda da binaların təmirində həmin materıallardan istifadə olunub. Son bir həftədə isə kütləvi şəkildə paytaxt da daxil olmaqla adları çəkilən şəhər və rayonlarla üzlüklər sökülür.

Prosesin iqtisadi təhlilini aparan REAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli hesab edir ki, hökumət hər binanın üzlənməsinin neçəyə başa gəlməsi barədə ictimaiyyəti məlumatlandırmalıydı: “Təəssüf ki, bütün sahələrdəki qeyri-şəffaflığın faciələrə səbə olmasına baxmayaraq, hökumət bu məsələdə də cəmiyyətə doğru məlumat vermir. Ona görə dolayısı yolla, müxtəlif məlumatlar və binaların həcminə görə ortalama qiymətlər çıxarmaq olur. Təqribi hesablamalara görə, hər binanın üzlənməsinə 250-400 min manat civarında vəsait xərclənib, bir daha deyirəm, binanın həcmindən asılı olaraq vəsait də dəyişir. Ola bilər ki, şişirdilmiş rəqəmlərlə bu işlər görülsün. Bakıda, regionlarda yaşayış binaları ilə bərabər qeyri-yaşayış binaları da var ki, yanğına həssas materialla üzlənib. Ölkə üzrə 700-800 bu cür binaların olması barədə mediada məlumatlar yayılır. Bir binanın üzlənməsinin ortalama qiymətini 300 min  manat götürsək, təqribən 300-350 milyon manatın xərcləndiyini demək olar. Söküntü işləri zamanı isə hökumətdən daha keyfiyyətli materiallarla üzlənəcəyi bildirildi. Daha keyfiyyətli material da daha baha deməkdir”.

İqtisadçı söküntü işlərinə ciddi vəsaitin ayrılacağını düşünməsə də, hesab edir ki, hər binanın söküntüsünə 20-30 min manatın xərclənəcəyi gözlənilir: “Amma Azərbaycan reallığında rəqəmlər şişirdildiyindən daha böyük rəqəmlər ola bilər. Həm söküntü işlərini, həm də daha keyfiyyətli üzlüklərin vurulacağını hesablasaq, bu, təqribən ən azı 700-800 milyon manatın “göyə sovrulması” deməkdir. Əslində, bu üzlüklərin vurulması heç bir dəyər yaratmır və ölkə iqtisadiyyatına gəlir də gətirmir”.

İqtisadçı qeyd olunan vəsaitlə Azərbaycan təhsilində ciddi işlər görülməsinin mümkün olduğunu dedi: “Avropa və ABŞ-da bir nəfərin 5 il təhsil alması 40-50 min dollara başa gəlir. Binalara çəkilən 700-800 milyon xərci götürsək, 20 minə yaxın gəncin Türkiyə və Qərb ali təhsil ocaqlarına göndərilməsi mümkün idi. Həmin insanlar isə vətənə qayıtdıqdan sonra iqtisadiyyatımıza, səhiyyəmizə, təhsilimizə çox ciddi töhvə verərdilər. Yaxud Bakı şəhərində fəaliyyət göstərən həkimlərin aylıq məvacib fondu təqribən 30-35 milyon manat arasıdır, indi təsəvvür edin ki, 20 aylıq bu əməliyyata qurban gedəcək”.

Ana səhifəXəbərlər“Bir binada üzlüyün sökülməsi 20-30 min manata başa gələcək”