Bir ayının min oyunu…

Heydər Əliyev Şeyx həzrətlərinin şəvə qaşına və qara gözünə aşiq deyildi

Source:

…Bir armudun üstündədir. Nə gözəl deyib müdrik babalarımız! Etiraf edək ki, “Palaza bürün, elnən sürün” demiş səfeh babalarımızla yanaşı müdrik babalarımız da olub. Həqiqətən, arif adamlar bütün Yer kürəsində cərəyan edən hadisələrə müdrik babalarımızın gözü ilə baxsaydı, dəxi heç bir siyasətşünasa ehtiyac qalmazdı. Hamı arif olub istənilən himin ardınca hansı cimin gəldiyini anlayacaqdı.

Bəli, bir növcavan həmkarım zəng edib soruşur ki, Şeyx həzrətlərinə qarşı hansısa qüvvələrin səlib yürüşü başlanıb. Görəsən bu işlərin mənası nədir?

A kişi, bu nə sualdır? Məgər bilməyirsən ki, “Bir ayının min oyunu bir armudun üstündədir”? Armud da ki, Azərbaycanda ibarətdir qazanc mənbələrindən və hakimiyyət payından.

Dünyanın ən parlaq qatar bələdçisi Ziya Məmmədov cənablarını soyub-soyub quyruğuna çıxanda nə baş verdi? Heç zad. “Biznes”ini əlindən aldılar. Vəssalam-şüttəmam!

Möhtərəm sabiq nəqliyyat naziri çox, lap çox varlı idi, lakin siyasi fiqur deyildi. Bizim nazirlər kabinetində onun kimi, lap ondan on dəfə varlı zatlar var, onların bəziləri siyasi fiqurdur, bəziləri isə sadəcə fiqurdur. Söz sözü gətirər deyiblər, bu mətləb maraqlı mətləbdir, pulun bəzi zatları siyasi fiqura çevirə bilməsi, bəzilərini isə çevirə bilməməsi, bu barədə ayrıca bir dəfə söhbət edərik, əgər əcəl və yuxarıların sifarişi imkan versə.

Bəli, qayıdaq əsla Ziya Məmmədovun tayı olmayan Şeyx həzrətlərinə. Azərbaycan siyasətində ən uzun ömrün sahibidir və ciddi siyasi fiqurdur. Allah axıracan eləsin! Pis kişi deyil. Ümumiyyətlə, pislik eləməklə arası yoxdur. Əgər ciddi ziyan olmayacaqsa, insanın əlindən tutmağı da bacarır. Mən neçə adam tanıyıram ki, Şeyx həzrətləri dar ayaqda onlara maddi kömək göstərib və bir nəfərə belə deməyib. Düz də eləyib, zira məxluq bilməsə də, xaliq biləcək.

Xülasə, bu, birinci dəfə deyil ki, Şeyx həzrətlərinin məqamına göz dikənlər sadəcə xam xəyallardan ayrılıb keçirlər fəal intriqalara. Uzağa getməyək, Qurtuluş tamam olandan sonra bəzi qeyri-talış hacılar hesab etdilər ki, fürsətdir, bu idarəni də məlum tayfanın inhisarına keçirmək zamanıdır. Düşündülər və başladılar ənənəvi siyasi intriqalara, Şeyxin ayağının altını qazmağa və lağımlar atmağa.

Lakin nə oldu? Heç nə olmadı. Zira bu kəmsavadlardan fərqli olaraq Ulu öndər avtoritar dövlətlərin dəmir qanunlarını bilirdi. Bilirdi ki, əgər talış əsilli Şeyxi çıxarıb onun yerinə, məsələn, Naxçıvan əsilli bir hacını qoysa, bir də görəcəkdi ki, ölkənin cənub bölgəsində arxasında azı iki qüdrətli qonşumuzun durduğu şanlı mili-azadlıq mübarizəsi başlanıb. Bunun qarşısını bir yox, on yox, əlli yox, yüz əlli naxçıvanlı hacı ala bilməyəcəkdi.

Odur ki, 1990-ların ortalarında Şeyx həzrətlərini müqəddəs yerindən dəbərtmək heş kəsə müyəssər olmadı, zira onun arxasında dağ kimi şəxsən Heydər Əliyev durmuşdu.

Heydər Əliyev Şeyx həzrətlərinin şəvə qaşına və qara gözünə aşiq deyildi, sadəcə çox gözəl bilirdi ki, öz hakimiyyətinin sabitliyini və möhkəmliyini istəyirsə, Şeyx həzrətlərinin tutduğu məqama toxunmamalıdır. Hətta, Allah eləməmiş, ona nə isə olsa, “İnna li-l-lahi va ileyhu raciun”, onun yerinə başqa bir talış əsilli hacının təyinatı həm Allaha xoş gedər, həm də dövlətin səlamətliyinə xidmət edər.

Bu, Azərbaycan siyasəti üçün “iki vur iki, eylər dörd” kimi əlifbadır. Lakin bir var hesab, bir də var məmur cəbri. Bu cəbr elmi hesaba nisbətən bir az qəlizdir. Buna görə eşidəndə ki, kiminsə sifarişi ilə Şeyx həzrətlərinin ayağının altını qazmağa başlayıblar, barmağımı dişlədim.

Gör bu ayılar necə sistemli və ardıcıl işləyirlər! Mehman bəyi tutdurub Azərbaycanı ABŞ-ın sanksiyalarına tuş edəndə, kimə işləyirdilər? Kimə qarşı işləyirdilər? Kimin sifarişi ilə istintaqa və hakimlərə sifarişlər verirdilər?

Gün kimi aydındır. Aydındır kim kimə qarşı və kimin sifarişi ilə işləyir.

Mehman Əliyev olayında Prezident son anda oyunu poza bildi, Mehman bəyi və bir neçə başqasını azad edib “Maqnitski siyahısı”ndan yaxa qurtara bildi. Lakin “ayı” oyunu heç cür dayandırmır, indi də arı yuvasını uzun bir çöplə qurdalayıb yuvanı dağıtmaq istəyir. İstəyir ki, arılar havaya qalxıb başlasınlar sancmağa, özlərini və yuvalarını müdafiə etməyə.

Kimi sancacaqlar? Kim ziyan çəkəcək? Kölgədə gizlənmiş oyunbazlar, yoxsa hakimiyyətin ən yuxarı pilləsində oturub bütün məsuliyyətin yükünü çəkən?

Mən bu sistemli və ardıcıl oyun nümunəsini öz həyatımda bir neçə dəfə görmüşəm. Misirdə Hüsni Mübarəki elə ordu ayısı devirdi. Ukraynada Yanukoviçi öz aparatının rəhbəri Levçenko devirdi. Azərbaycanda isə, məsələn, Mütəllibovu yıxmaq istəyən qüvvələr məhz belə, sistemli və ardıcıl işləyirdilər. Nazirlər Kabinetinin sədri Həsən müəllim prezidentin qərarlarını və bütün siyasətini sabotaj edirdi. AXC avam camaatı küçələrə töküb səfeh şüarlar bağırdırdı, Müdafiə Nazirliyinə hücum çəkib peşəkar generalları devirirdi, ordu quruculuğuna mane olurdu. Yuxarı səfdə isə məharətli intriqa ustaları prezidentin qulağına ona sadiq adamlar barədə iftiralar pıçıldayıb onları həlledici vəzifələrdən elə prezidentin əli ilə çıxardırdılar.

Rusiya Ermənistanın əli ilə Qarabağda əlli kəndi alıb yandırdı. Camaat qalxmırdı. Neynək, Xocalıda elə bir dəhşətli hadisə törətdilər və onu ekranda elə göstərdilər ki, xalq nəhayət prezidentdən üz döndərdi. Nəticədə ağır böhran anında Mütəllibov tənha və köməksiz qaldı və devrildi.

İndi də bu mahir intriqa ustaları, mahir siyasət ayıları min oyunu birdən, eyni vaxtda aparırlar. Xarici siyasətdə onlar Rusiya və Ermənistanı üzdə söyə-söyə, əslində isə onlarla əlbir işləyərək Qarabağ münaqişəsinin dinc həllinə heç cür imkan vermirlər. Daxildə ifrat qanun pozuntularını təşkil etməklə Azərbaycanı xaricdə rüsvayi-cahan və təcrid edirlər. Ölkənin siyasət meydanını elə silib-süpürüblər ki, bir dənə müstəqil düşünən və vətənpərvər vücuda yer qoymayıblar.

Ölkə onların sayeyi-mərhəmətindən zəlil olub və süqut ərəfəsindədir. Onlar isə o bir armuda, hakimiyyət və sərvət armuduna görə, ölkə ağacını dibindən baltalayırlar.

Bu balta zərbələrindən biri də Şeyx həzrətlərinin əyləşdiyi budağa endirilir. Daha anlamırlar ki, ağac yıxılsa, onların başı birinci əziləcək.

Ana səhifəMənim FikrimcəBir ayının min oyunu…