“Bir ay müddətində bizə cavab verilməlidir””

Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli ədalətsizliyə görə bütün məsuliyyətin İsa Qəmbərin üzərinə düşdüyünü vurğulayıb

Source:


Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli ədalətsizliyə görə bütün məsuliyyətin İsa Qəmbərin üzərinə düşdüyünü vurğulayıb

Müsavat Partiyasının 27 sentyabrda keçirilən VIII qurultayından narazı qalanların əksəriyyəti mövcud vəziyyətin yaranmasında sabiq başqan İsa Qəmbəri suçlayıblar.

Onlar oktyabrın 6-da keçirdikləri toplantıda bu barədə İsa Qəmbərə ittihamlar səsləndiriblər.

Mərkəzi Nəzarət və Təftiş Komissiyasının (MNTK) keçmiş üzvü Əlövsət Talışxanlı qurultaydakı pozuntulara görə İsa Qəmbəri ittiham edib. O, qurultayın nəticələrinin ləğv olunmasını tələb edib: “İsa bəy öz hərəkətləri ilə Arif Hacılının qələbəsini təmin etdi. İsa bəy pozuntulardan sonra bildirir ki, kim hara gedir getsin. Arif Hacılı qurultaya bir gün qalmış hamının yanında bəyan edir ki, mən bilirəm İsa bəyin namizədi kimdir və onun qərarları heç vaxt məni məyus etmir. Bundan sonra hansı ədalətli seçkidən söhbət gedir? Lazım olanda İsa bəy MNTK-nı çağırır, amma başqa vaxt hərəkətsiz olur. Bu necə olur?”

Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli ədalətsizliyə görə bütün məsuliyyətin İsa Qəmbərin üzərinə düşdüyünü vurğulayıb.

“Bu gün Müsavatdakı bir qrup haqq yolunda olduğumuz üçün bizə hakimiyyətin demədiyi təhqirləri, hədyanları yağdırır. Ona görə ki, Arifin yox, Qubad bəyin yanındayıq. İsa bəy hər zaman partiya üzvlərini, haqlı olsalar da, susaraq çoxluğun yanında olmağa məcbur edir. Bu qrup bütün günü facebook-da bizi söyür. Biz həmişə sülh istəmişik. Bu gün Qubad bəyin seçilməməsi, ədalətsizliklə üzləşməsi yalnız İsa bəyin iradəsinə bağlıdır”,-deyə xanım Məmmədli söyləyib.

Müsavat Suraxanı rayon təşkilatının üzvü Zakir İsmayılov “Mən intihar həddindəyəm”, – deyə qurultayın nəticəsinə etirazını bildirib. O, Qubad İbadoğludan soruşub ki, qurultayın nəticələrini tanıyır, yoxsa yox. Q.İbadoğlu da cavab verib ki, bu, araşdırmaların nəticəsindən asılı olacaq.

Zakir İsmayılov isə çıxışının davamında Arif Hacılıya səslənib: “Ambisiyanı yerə qoy, sənə münasibəti fərqli olanlarla ziddiyyətə getmə”.

Sabiq namizəd Q.İbadoğlu qurultaydakı pozuntular və tərəfdarlarının tələbi barədə danışıb. O, haqqının tapdalanmasına imkan verməyəcəyini vurğulayıb: “Müsavat nə bir nəfərin, nə bir ailənin, nə də bir kəsimin partiyasıdır. Biz bu yolu qələbəyə kimi davam etdirəcəyik. Bizim seçkidəki fəaliyyətimiz də partiyanın güclənməsinə töhfə idi. Biz seçki prosesinə qoşulanda partiyanın maraqlarını üstün tutmuşuq. Biz haqqımızı kimlərinsə tapdamasına imkan verməyəcəyik. Elə məsələlər var ki, Müsavatdaxili məsələlərdir və biz bunları öz aramızda həll edəcəyik. Biz səviyyəli, müdaxiləsiz öz işimizi başa çatmış hesab etdik, ancaq bizim seçimimizə haram qatanlar oldu və seçkinin nəticəsinə təsir göstərdilər. Biz onları tanıyırıq. Biz öz dostlarımızdan belə münasibət gözləmirdik. Bu gün nəticə ondan ibarətdir ki, seçkiyə müəyyən müdaxilələr olub, ədalətlilik prinsipi pozulub. Həm də bizə seçkidən sonra atılan şər-böhtanları da qəbul etmirik, çünki biz partiyanın güclənməsini istəyirik”.

Q.İbadoğlu partiyanın hazırkı rəhbərliyinə Müsavatın gələcək fəaliyyəti ilə bağlı konkret təkliflər irəli sürüb: “Tərəfdarlarımızla müzakirələrimiz


 nəticəsində partiyanın güclənməsi üçün bir neçə təkliflə çıxış etmişik və biz bunu partiya rəhbərliyinə təqdim edəcəyik. Güman edirik ki, təkliflərimiz 3 ay müddətində reallaşacaq. Biz təkliflərimizin 2015-ci ilin yanvarın 1-nə kimi reallaşdırılmasını tələb edəcəyik”.

O, qurultaydakı pozuntularla bağlı arayış hazırlandığını və araşdırılması üçün oktyabrın 10-da seçki komissiyasına təqdim ediləcəyini vurğulayıb: “Pozuntular varsa, buna yol verən insanlar cəzalandırılmalıdır. Bir ay müddətində bizə cavab verilməlidir”.

Müsavatın Məclis üzvü Hikmət Hacızadə isə bütün pozuntu faktlarının araşdırılmasını və lazımi tədbirlərin görülməsini tələb edib: “Biz ağıllı adamlarıq, əsəblərimizi qorumalıyıq. Düzdür, ola bilsin facebook-da daha az söyülən mənəm, ona görə belə sərbəst danışıram. Amma hələlik bu vəziyyəti müvafiq orqanlarda araşdırmalıyıq və onda məluma olacaq ki, biz partlamalıyıq, yoxsa yox”.

Müsavat başqanının müşaviri, A.Hacılının tərəfdarı Səxavət Soltanlının çıxışı isə zalda narazılığa səbəb olub. O, toplantı iştirakçılarını qarşı tərəfə hörmətlə yanaşmağa, bir-birini bağışlamağa dəvət edib. Vurğun Əyyub isə S.Soltanlıya “Sən kimsən ki, mənə nə danışmağı öyrədəsən” – deyə etiraz edib. Beləliklə, toplantı iştirakçıları S.Soltanlının çıxışına imkan verməyib və o, iclası tərk edib. Qadınlar Şurasının sədri Ellada Məmmədli isə Soltanlıya “Səni facebook-da yaxından izləyirik” deyə replika verib.

Tədbirdə pozuntuları göstərən video-kadrlar nümayiş etdirilib.

Ana səhifəXəbərlər“Bir ay müddətində bizə cavab verilməlidir””