Ötən həftələrdə paytaxtdan rayona çıxmaq üçün taksiyə minib “Şamaxinka”ya gəlmək istədim. Üçüncü mikrorayon dairəsində hərəkət qəfil dayandı, adamlar müxtəlif nəqliyyatlardan tökülüşməyə başladılar. Əlimdə iki çanta nə edəcəyimi bilmədim. Küləkli havada qar da yağırdı.
Sürücü qayğılı-qayğılı mənə baxıb dilləndi:
– Bu, adi tıxaclardan deyil, bibi, “İyirmi yanvar” bağlanıb. Prezident Qəbələyə gedir deyəsən. Yəni bizim burda nə qədər qalacağımız bilinmir. Düşüb birtəhər piyada gedəsiniz gərək.
“Prezident Qəbələyə gedir…” – Prezident yayı-qışı yuxarıların daimi komfortuna uyğunlaşdırılmış özəl Qəbələyə niyə gedir? Təbii ki, şərhsiz…
Onda özümdən soruşuram: – Bəs mən hara və niyə gedirəm? – Mən əhalinin eyni sürətlə süründüyü xoşbəxt vətənimizin Qəbələ adlı adi parçasına gedirəm. Həm də sadəcə getməyib, qışı şəhərdə guya rahat yaşayım deyə özümü təltif etdiyim “mükafat”dan qaçıram. Böyük şəhərin böyük dərdlərindən, ağır xəcalətlərindən didik-didik olmuş ürəyimi götürüb aparıram. “Şamaxinka”da həmin taksidən birbaşa rayon maşınlarına oturub özümü xiffətdən rəngi solmuş qapıma çatdırmaq istəyirəm. Və nəhayət, bir yığın əhlikefin umuduna qalmış ölkədən şikayətlənmədən, özü yaxşı ətrafı pis prezidentdən umub-küsmədən qışdan çıxmağa çalışıram. Çünki həyatımı yüngülləşdirmək üçün çabaladığım iki ayda anladım ki, məsələ şəhərlə-kənddə deyil, mövcudluğunu sadəcə instinkt hesabına saxlayan “dözümlü” xalqdadır.
***
Dilxor “xalturşik” yol polislərini söyə-söyə çantaları götürməyə kömək edib, məni piyada kəsmə yola yönəldəndə bir nəfər yaxınlaşıb çantaları əlimdən aldı. Dinməzcə onun qoluna girdim və həyasızcasına üzümüzə çırpılan nəm küləyə qarşı irəliləməyə başladıq. Adam Naxçıvandan gəlib tikintidə fəhləlik edirmiş. Bu gün havaya görə işləyə bilməyib kirayə evinə qayıdırmış. Üstəlik, qarşısına əngəlli ayağımla mən çıxmışam. Ağır yükü əlindən-əlinə ötürərək addımbaşı bizi bu günə qoyanları “yad” edir. Belə vacib işdə ona qoşula bilməyib bütün diqqətimi sürüşüb yıxılmamağa verirəm. Həbib adlı gənc xeyirxahım “Şamaxinka”ya çatanda, nəhayət, dərindən nəfəs alaraq gülümsəyib: – “Mən də başqaları kimi bu şəhərə bir loxma çörək dalınca gəlmişəm, ana. İnanın ki, heç bir xüsusi imtiyazım yoxdur”, – deyir. Sonra buzlamış əllərimi nəvazişlə sıxıb min ilin doğması kimi vidalaşır: – “Qismət olsa ziyarətinizə gələcəm, unutmayın, biz artıq sizinlə tıxac yoldaşıyıq”…
Axşamın donuşluğuna düşməsin deyə tək müştərilə rayona çıxan maşınlardan birinə oturub gözlərimi yuman kimi gərginlikdən yorğun düşmüş canımı yuxu tutur.
Bu nəydi, allahım?!
Qar yağır, sirena, siqnal səsi, əcaib şəkildə sayrışan işıqlar adamın beynini dəlir. Avtomobillərin nömrə-nişanlarını sadalayıb “sağa çək!, sola çək!”, “irəli soxulma!”, “arxaya ver!” və sairə püskürən polis ruporu. Cərgələnib uzanan nəhəng avromobil tıxacı. Müxtəlif nəqliyyat növlərində eyni cəzaya məhkum edilmiş adamlar…
Bizim sağımızdakı “Mersedes”də çox yəqin ki, bu hay-həşirdən qorxub-həyəcanlanmış uşaq durmadan ağlayır, gənc cütlük adyala bürüdükləri uşağa yaraqlı-yasaqlı polis dəstəsini göstərir. Uşaq indi başqa səslə çığırır. Bu arada kimsə ağrıkəsici axtarır. Hansı tərəfdənsə tapıb verirlər.
Qarşıdakı “Niva”dən qoluna girib yumaq kimi bir qocanı düşürürlər. Yaşlı adamın bu havada sıxışması təbiidir, lakin o, bu təbii təlabatını harda ödəsin? Övladları ola biləcək iki cavan kişi onu şaxtada-sazaqda tıxacdan çox uzaqlaşdırmaq istəmirlər. Atanın dirəndiyi hiss olunur, amma “cəngavərlər”dən biri abırlı ixtiyarı qucağına alıb, yan tərəfdəki “CİP”ın “kölgəsinə” aparır. Sürücülər dəstə-dəstə toplanıb siqaret çəkirlər. Bəziləri birləşərək irəlidən nəsə soruşmaq istəyəndə polislər dərhal şüvən salırlar:
– Toplaşmayın, yoldan çəkilin!
Vaxt keçdikcə salonlar soyuyur, donmuş asfalt şüşə kimi parıldayır. “Muğanlı”dairəsindən Ağsu aşırımları tərəfə həbs edilmiş avtomobullərin sayı artır. Uzun bir tıxacda qızdırıcı kimi işləyən motorlara sığınmış çarəsiz adamlar taleyə təslim olub gözləyirlər. Hava sərtləşdikcə, adamların təşvişi artır. Bu arada orta cərgələrdən nikbin nidalar eşidilir: – “Axır ki!”, “Çox şükür!..” Arxadakı “Jiquli”nin sürücüsü təxminən o tərəfə səslənir:
– Bəs niyə getmirik?!
– Hardan gedək, qanad açaq bəlkə? Yol hələ Qəbələdə açılıb, a millət.
– Qəbələdən bizə nə?! Donub heykələ dönəkmi burda?
– Niyə də olmasın? Üstümüzə də “Tıxac bayramınız mübarək!” yazardılar.
Eyni tonla “atışanlara” tıxacın göbəyindən təskinedici cavab gəlir:
– Qəbələdən çıxıblarsa bir saata çəkməz gəlib keçərlər. Boş yoldu, güllə kimi gələcəklər.
– Doğrudan da. Yaxşı ki, yolları boşaldıblar.
– Dominodan-zaddan olsaydı, ona qədər vaxtı öldürərdik…
– Otuz ildir vaxtı öldürürük, bircə dəfə də içimizdəki Novruzəlini, Məmmədhəsən əmini öldürsəydik…
– Mən ölüm, polisin ağzının içində bizi zibilə salma. “Qəsdən adam öldürməyə cəhd”in cəzası bilirsən nə qədərdi?
– Ömürlükdən çox olmaz hər halda…
Ünvanı yaxınlaşdıracaq boşluğa köklənmiş tıxac əhli yaşanan gərginliyin acısını “mırta” verib belə çıxardırdı. Bizə qədərki və yaxud bizdən sonrakı yolun boşaldılmasına sevinmək yaxşı bir hiss deyil. Ən azından ona görə ki, oralarda da adamlar bizim kimi tıxaca əsir düşüb əziyyət çəkirlər. Amma o boşaldılmış bütün yolların haqsız-hesabsız necə olur-olsun, hara gəldi sıxışdırılan hər kəsi rahat, isti bir şəraitə apacağı mütləq və yaxın həqiqətdir. Çünki zülmin əhatəsi nə qədər geniş olsa, ömrü o qədər daralar.
Və bir gün zor gücünə boşaldılmış meydanlarda boş qapılara hücuma keçən qeyri-peşəkar komandaya zaman adlı hakim topdan qırmızı kart göstərəcək…
P.s. Tıxacın sonu…