Bir ailənin dörd üzvü yanğında öldü

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda yarımçıq tikilidə 4 nəfərin ölümünə səbəb olan yanğın yerinə baş çəkib

Source:
foto lent.az
foto lent.az


Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda yarımçıq tikilidə 4 nəfərin ölümünə səbəb olan yanğın yerinə baş çəkib

Noyabrın 28-dən 29-na keçən gecə Nizami rayonunda yerləşən sovet dövründən tikintisi yarımçıq qalmış yaşayış binasında yanğın olub. Binanın zirzəmisində məskunlaşan 4 ailəyə məxsus otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb. Nəticədə bir ailənin 4 nəfər üzvü yanaraq ölüb. Dünyasını dəyişənlər 1983-ci il təvəllüdlü Seymur Əkbər oğlu Babaşov , həyat yoldaşı 1986-cı il Cəvahir Əlövsət qızı Babaşova və övladları 2005-ci il təvəllüdlü Fərhad Seymur oğlu Babaşov, 2007-ci il təvəllüdlü Elşad Seymur oğlu Babaşovdur.

Ümumilikdə yarımtikilidə 20-dək ailə yaşayır. Hadisənin şahidi olmuş şəxs Lent.az-a bildirib ki, yanğının baş verdiyi yarımçıq tikilinin zirzəmisində 6 ailə yaşayır və yanğın baş verərkən tüstü əsasən Babaşovların yaşadığı mənzilə dolduğundan onlar xilas ola bilməyiblər. Gecə vaxtı qəfil başlayan yanğın orada yaşayanları təşvişə salıb və hamı mənzillərini tərk etməyə çalışıb. Tüstü çox qatı olduğundan Babaşovlar mənzili tərk edə bilməyiblər və ailənin 3 üzvü hamam otağına daxil olub. Onlar elə hamamdaca boğularaq ölüblər. Ailənin digər bir üzvü isə yataq otağında vəfat edib.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda yarımçıq tikilidə 4 nəfərin ölümünə səbəb olan yanğın yerinə baş çəkib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Əli Həsənov hadisə yerinə baxış keçirib, yarımtikilidə məskunlaşan Füzuli və Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb. Hadisə nəticəsində 10 ailə evsiz qalıb, onlardan bəzilərinin evi tamamilə yanıb. Hadisə nəticəsində ölənlər hamısı Füzuli rayonundan məcburi köçkündürlər. Onların cəsədi dəfn olunmaq üçün Füzuliyə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Ana səhifəXəbərlərBir ailənin dörd üzvü yanğında öldü