Bir agentliyin tarixçəsi…

Foto: BNA

Rövşən Hacıbəyli

Avtobusda yox, milyonların üstündə işə gedib-gəlirik

26 oktyabr 2007-ci il. Nəqliyyat sahəsində xaos dövrü davam edirdi. Nədənsə bu xaosu hakimiyyət heç vaxt “AXC-Müsavat cütlüyü”nün adına yazmadı. Səbəbi hələ də bilinmir. Müxtəlif adlar altında aparılan “islahatlar” da nəticə vermirdi. Nəqliyyat sahəsinin “bilicisi” Ziya Məmmədovun 2002-ci ildən nazir vəzifəsinə gətirilməsi də vəziyyəti dəyişmədi. Hərəsi bir nazirə, komitə sədrinə, vəzifə adamına bağlı olan avtobus xətlərində özbaşınalıq vardı. Görünür, bunu nəzərə alıb məhz Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması haqqında sərəncam imzalandı:

Bakı şəhərində mövcud olan nəqliyyat problemlərinin həll edilməsi, o cümlədən yolların buraxılış qabiliyyətinin artırılması, yol hərəkətindəki gərginliyin, xüsusilə pik saatlarında şəhərin gündəlik həyat ahənginə mənfi təsir göstərən tıxacların aradan qaldırılması…” niyyəti ilə. 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Koreya Respublikasının “SK C&C” şirkəti ilə razılıq əldə olundu, yeni sistemin layihəsi hazırlandı və icrasına başlandı. 2009-cu il aprelin 6-da prezident İlham Əliyevin iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirildi.

Foto: Azərtac

2011-ci il oktyabrın 4-də isə İlham Əliyev mərkəzdə görülən işlərlə tanış oldu. 29 dekabr 2011-ci ildə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 5 mərtəbəli binasının açılışında qırmızı lenti də kəsdi, binanın foyesində qoyulmuş Heydər Əliyevin büstünün qarşısından keçib intellektual idarəetmə zalına da, 664 dayanacaqda quraşdırılacaq informasiya terminalına da baxdı. Heç şübhə yoxdur ki, sonda tövsiyə və tapşırıqlarını da verdi. Oxucularımıza xatırladaq ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun vaxtında gerçəkləşən bu intellektual layihəyə büdcədən 100 milyon manatdan çox vəsait xərclənmişdi. İndi Ziya Məmmədovun və İntellektual İdarəetmə Mərkəzinin adı gəlməsə də, bəzi dayanacaqlarda intellektual idarəetmənin nişanəsi – informasiya terminalları hələ də qalır; informasiya olmasa da… Buna baxmayaraq, nəqliyyat sahəsində “islahatlar” davam edirdi…

“Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradıldı. Fərmanda yazılmışdı: ”Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılsın”.

Agentliyin ümumi işçi sayı 160 nəfər müəyyənləşdirildi.

Bundan bir il sonra “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə “İcra hakimiyyəti orqanı” hüquqi statusu olan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradıldı. İki il sonra – “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanına əsasən, Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiqləndi.

Prezidentin 13 noyabr 2018-ci il tarixli 399 nömrəli Fərmanına əsasən, Agentliyin nizamnamə kapitalı 1 milyon manatdan 49 milyon 067 min 691 manata çatdırıldı.

2018-ci ildə dövlət büdcəsindən ayrılan investisiya 93 milyon 227 min 127 manat, əvəzsiz alınmış əsas vəsaitlərsə 22 milyon 460 min 386 manat olub.

2019-ci ildə dövlət büdcəsindən ayrılan investisiya 164 milyon 709 min 948 manat, əvəzsiz alınmış əsas vəsaitlərsə 241 milyon 848 min 921 manat olub.

2020-ci ildə dövlət investisiyaları 705 milyon 343 min 314 manat olub.

2022-ci il fevralın 7-də İlham Əliyev yeni fərmanla BNA-nı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verdi. Yenə səbəb eyni idi: “Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilsin” – Prezident İlham Əliyevin “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” imzaladığı Fərmanda belə yazılıb.

Ad və sahib dəyişməsinə baxmayın, təkmilləşmə işləri tam gücüylə və qaydasında gedirdi. Düzdür, mövcud olduğu bu illər ərzində – dəfələrlə vəd versə də – Bakı Nəqliyyat Agentliyi dayanacaqlardakı o terminalları işə sala bilmədi. Heç paytaxtdakı bütün avtobusları da kart sisteminə keçirmək hələ də mümkün olmayıb. Üstəlik, hər ili də zərərlə başa vurur. BNA-nın təqdim etdiyi illik hesabatlara baxaq.

2018-ci ildə yığılmış zərər – 44 milyon 181 min 901 manat.
2019-cu ildə yığılmış zərər – 120 milyon 629 min 610 manat.
2020-ci ildə yığılmış zərər – 219 milyon 353 min 720 manat.

Yuxarıdakı rəqəmlərdən əlavə dövlət büdcəsində illər üzrə aşağıdakı xərclər də var:

2017-ci ildə Bakı Nəqliyyat Agentliyinə dövlət büdcəsindən 48 milyon 92 min 117 manat,
2018-ci ildə 48 milyon 120 min manat,
2019-cu ildə yenə 48 milyon 120 min manat.

2018-ci il avqustun 8-də prezident Bakıda avtobus parkının yenilənməsi üçün dövlət büdcəsindən daha 47 milyon 924 min manatı ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayırıb, bu isə 3 ildə 192 milyon 256 min 117 manat vəsait deməkdir. Sonra nə qədər ayırdığı bəlli deyil.

Avtobus xətləri müxtəlif sahibkarlarda olanda onlar bu işdən böyük qazanc götürürdülər. Dövlət hər şeyi bir əldə – BNA-da cəmləyəndən sonra isə bu sahə zərərlə işləyir.

2007-də, 2015-də, 2016-da, 2022-də olduğu kimi, yenə “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı, o cümlədən yol hərəkətinin təşkili sahəsində tənzimləmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində rəqabətin, o cümlədən göstərilən xidmətlərin təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə…” İlham Əliyev fərman və sərəncam verib. BNA bu dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. Daha doğrusu, onun Yerüstü Nəqliyyat Agentliyinə. Yenə növbəti evcik-evcik oyunu. Bilirsinizmi, ad dəyişməsi də büdcədən xeyli pul aparır: hər dəfə blanklar, möhürlər, ştamplar və başqa sənədlər yenilənməlidir…

Foto: Azərtac

Bu dəfə üstəlik, Nəqliyyatı Əlaqələndirmə Şurası da yaradılıb. Şuranın sədri Rəqəmsal İnkişaf və Nəqliyyat naziridir. Dövlətin müxtəlif qurumlarından da 9 üzvü var. Onlardan biri yeraltı nəqliyyat – metrodur, yəni yeraltı və yerüstü nəqliyyatın işi bundan sonra əlaqələndiriləcək, daha avtobuslar yolu səhv salıb metro tunelə girməyəcək, metro qatarları da avtobusların yoluna çıxmayacaq. Maraqlıdır ki, son illər hər sahədə Şuralar yaradılır, təki bunlar sonda bizi Şura hökumətinə aparmasın.

Yeni qurum yaradılanadək yolunuz açıq olsun, hörmətli sərnişinlər, oxucular!

P.S.“Hər bir vətəndaş Azərbaycanın taleyi ilə yaşamalıdır” (Heydər Əliyev) – bu, BNA-nın saytı üçün seçilmiş şüardır. Mənə elə gəlir, hərf səhvi olub, əslində, belə oxunmalıdır: “Hər bir vətəndaş Azərbaycanın taleyini yaşamalıdır”.

Ana səhifəXəbərlərBir agentliyin tarixçəsi…