Binəqədidə yanan binaya görə tutulan şəxslərə azadlıq tələb olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən Miryusif Mahmudov, Ələkbərov Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Source:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən Miryusif Mahmudov, Ələkbərov Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edib.

M.Mahmudovun hüquqlarını müdafiə edən vəkil həbs qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəz olunmasını, cinayət təqibinə xitam verilməsini istəyib.

U.Bəşirovun vəkili Cavid Rzazadə çıxışında ibtidai istintaq zamanı iş materialları ilə tanış ola bilmədiyini deyib. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını tələb edib.

Ə.Rəcəbovun vəkili cinayət işinin icraatına xitam verilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmə zalından azad olunmasını istəyib.

Ə.Əsgərovun vəkili də cinayət işinin ibtidai istintaqa qaytarılmasını məhkəmədən xahiş edib.

N.Orucovun vəkili hüquqlarını müdafiə edən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəz olunmasını və cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmə sabah davam etdiriləcək.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuzoğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfəroğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddinoğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qaraoğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəlioğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Ana səhifəXəbərlərBinəqədidə yanan binaya görə tutulan şəxslərə azadlıq tələb olundu