Bolluq yaşayış massivindəki bir məhəllə çirkab suların içində qalıb
““Azərsu” maşınları tez-tez gəlir, həyətlərimizdən çirkab suları çəkib gedir. Az keçmir ki, kanalizasiya xətləri yenə partlayır, ətraf nəcisqarışıq su ilə dolur. Bir sözlə, 1 aya yaxındır ki, çirkab suların içində “üzürük”.
Meydan TV-yə müraciət edən Səidə Nəsirova Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq massivindəki 2-ci yaşayış sahəsində yaşayır. Deyir, iyun ayından başlayaraq ərazidəki kanalziasiya xətləri tez-tez partlayır, nəticədə çirkab sular həyətlərə dolur. Xüsusilə də üç həyətdə vəziyyət bərbaddır. Kanalizasiya sularından gölməçələr əmələ gəlib.
Qızmar günəş durumu daha da ağırlaşdırır. Həyətyanı sahələrdə və məhəllələrdə üfunətdən beyin çatlayır.
Suyu həyətlərdən çəkib gedirlər, yenə dolur
Səidə xanım sözünə davam edir:
“Xətlər çürüyüb. Gəlib 3 gün çirkab suyu çəkdilər, xətlərdə yüngül qaynaq işi aparıb getdilər. Az sonra xətlər eyni yerlərdən yenə partladı. Yenə zəng elədik, gəldilər, suyu çəkdilər. Bu dəfə heç xətləri qaynaq da eləyə bilmədilər. Eyni yerlərdən o qədər qaynaq eləyiblər ki, daha alınmır. Elə çirkab sular axa-axa qaldı, çıxıb getdilər. Axı, bu çürüyün nəyini qaynar eləyirsən, bilirsən ki, qaynaqlıq halı qalmayıb”.
Ərazidəki ailələr azyaşlıları müvəqqəti başqa yerdə qalmağa göndəriblər. Çünki ətrafın çirkab sularla dolması ekoloji cəhətdən də insan orqanizminə zərərdir. Üstəlik, deyirlər ki, həyətlər qurd-quş, ilan, kərtənkələ, zəhərli həşəratlarla dolub.
Sakinlər kanalizasiya xətlərinin yenilənməsi üçün dəfələrlə müvafiq qurumlara müraciət ediblər.
Məktubu əlbəəl vermişəm
Məhəllə sakini Dilbər Səfərova deyir, şəxsən özü Xəzər Rayon İcra Hakimiyyətinə məktub təqdim edib:
“Qurumun işçisi dedi ki, “Azərsu” ASC-yə məktub göndərəcəyik, tezliklə problem həll olunacaq. Gözlədik, xəbər çıxmadı, növbəti dəfə icra hakimiyyətinə gedəndə dedilər ki, nə məktub? Sizdən məktub-filan almamışıq. Halbuki, əlbəəl təqdim eləmişdim. Sadəcə, vətəndaşların məktublarını qəsdən qeydiyyata salmırlar. Biz qırılıb gedirik burda… O icra hakimiyyətinin bir işçisi gəlsin, çox yox, bircə saat məhəllədə dayansın. İnanın ki, heç beşcə dəqiqə də duruş gətirə bilməz, üfunətdən huşunu itirər. Həyətimizdə ağzımızı, üzümüzü bağlayıb gəzirik. Ödümüz ağzımıza gəlir. Bir də görürsən həyətin ortası nəcislə doldu. Adam özünə nifrət eləyir. Belə yaşayış olar? Bir neçə il əvvəl sevindik ki, Xəzər rayonunun su-kanalizaisya xətlərinə görə pul ayrılıb. Köhnə hamam, köhnə tas… Hələ də çürümüş xətlər, ortalıqda da nəcis… Büdcədən vəsait ayrılır, gəl ki, kimin cibinə pul, kimin həyətinə nəcis axır”.
Yenə milyonlar ayrılıb, amma…
Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, Bolluq yaşayış massivində qeyd olunan ərazidəki xətlər əhalinin artması ilə əlaqədar yükləndiyi üçün davam gətirmir, “Azərsu” problemi aradan qaldırmaq üçün müvafiq tədbirlər görür.
Ötən il prezident İlham Əliyev Bakı şəhəri, Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam (https://president.az/articles/24984) imzalayıb. Həmin Sərəncama görə, qeyd olunan qəsəbələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə “Azərsu” ASC-yə dövlət büdcəsindən 5,78 milyon manat ayrılıb. Bundan əvvəlki illərdə də eyni məqsədlə milyonlarla vəsait ayrılıb. Lakin qəsəbədə yenə su və kanalizasiya sistemi əhalinin tələbatını təmir etmir.
Müstəqil ekspertlər bildirirlər ki, vəsaitlər təyinatı ilə xərclənmədiyindən Xəzər rayonu ərazisindəki kommunikasiya xətlərinin çəkiliş işləri yarımçıq görülür.